Avropada Rusiyaya qarşı qarşıdurmaya hazırlaşmaq çağırışları səslənib
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru və MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları rəhbərləri şurasının (SORB) sədri Aleksandr Bortnikov bildirib ki, Böyük Britaniya Avropa ölkələrini Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlaşmağa çağırır.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Britaniyalılar Avropanın Rusiya ilə qurudan, dənizdən və havadan silahlı qarşıdurmaya sürətlə hazırlanmasında israr edirlər”, – deyə Bortnikov vurğulayıb.
Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya göndərilmək üçün hərbi koalisiya formalaşdırır və bu ölkə üzərində “uçuşsuz zona” yaradılması ideyasını irəli sürürlər.
Bundan bir gün əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, əgər Rusiya Almaniya sərhədlərini “sınağa çəkmək” qərarına gələrsə, Berlin sərt şəkildə cavab verəcək.
Nazirin sözlərinə görə, Almaniya yaxın illərdə ən müasir pilotsuz uçuş aparatlarının hazırlanması üçün 10 milyard avro ayıracaq. Bundan əlavə, Berlin Avropa İttifaqı üçün yaradılması planlaşdırılan hava hücumundan müdafiə sistemində lider rolunu öz üzərinə götürməyə hazır olduğunu da bildirib.
Nuriyyə NATİQQIZI


