Azərbaycan İran əməkdaşlığı: həm siyasi, həm də İQTİSADİ
Azərbaycan və İran arasında iqtisadi əlaqələr uzun müddətdir mövcuddur və müxtəlif sahələri əhatə edir. Hər iki ölkə özünün geosiyasi mövqeyi və iqtisadi maraqları baxımından bir-biri ilə ticarət və iqtisadi əməkdaşlıqda maraqlıdır. Bu əlaqələr əsasən neft və qaz, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində inkişaf edib. Azərbaycanın İranla sərhəd boyunca yerləşməsi və həmçinin regional tranzit marşrutlarına çıxışı, bu ölkələr arasında iqtisadi əlaqələrin daha da güclənməsi üçün imkanlar yaradır.
İran zəngin təbii sərvətləri və strateji coğrafi mövqeyə sahib ölkədir. İqtisadiyyatın əsas sahələri neft və qaz, kənd təsərrüfatı, sənaye və xidmət sektorudur. Ölkənin neft və qaz ixracı gəlirlərin əsasını təşkil edir. Amma neftin qiymətlərində tərəddüdlər və sanksiyalar İran iqtisadiyyatına ciddi təsir edib.
1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya fəaliyyət göstərir.
Bəzi illər istisna olmaqla Azərbaycanın İranla ticarət dövriyyəsi əsasən yüksələn xətlə inkişaf edib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon dollar olub. 2023-cü illə müqayisədə dövriyyə 33 faiz artıb.
Ticarət dövriyyəsində balans İran tərəfinin xeyrinədir. 2024-cü ildə Azərbaycandan İrana 14 milyon dollarlıq məhsul ixrac olunduğu halda, qonşu ölkədən 633 milyon dollarlıq mal gətirilib.
İrandan Azərbaycana ixrac olunan məhsullar müxtəlifdir. Qonşu ölkədən quş əti, dondurulmuş balıq, süd məhsulları, kərə yağı, pendir, kartof, meyvə-tərəvəz, çay, qənnadı məhsulları və un məmulatları gətirilir.
İran Azərbaycana qum, kvars, gips, sement klinkeri, kərpic, metal konstruksiyalar, sürtgü yağları da ixrac edir. Sabun, yuyucu vasitələr, etilen-propilen, polimer məhsulları və ayaqqabının bir hissəsini İrandan alırıq. Azərbaycana qara metaldan hazırlanmış soba və cihazların idxalına İran liderlik edir. İrandan az da olsa, kondisioner, paltaryuyan maşın, transformator, mebel də gətirilir.
Bəs Azərbaycan İrana nə satır?
Azərbaycan Respublikasından İrana əsas ixrac malları polad yarımfabrikatlar, təbii qaz, yeyinti sənayesinin qalıqları, elektrik enerjisi, texniki məqsədlər üçün bitkilər, qara metallardan digər məmulatlar, ipək, plastik kütlələr və onlardan məmulatlar ixrac olunur.
Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 milyard ABŞ dollarından çoxdur.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır ki, bunlardan mühümləri investisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərdir.
Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi, iki ölkə arasında ticarət və tranzit sahələrinin inkişafına lazım olan infrastrukturun yaradılması məqsədi ilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələləri əhatə edir.
Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.
Azərbaycan və İran arasındakı nəqliyyat əlaqələri də önəmlidir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi Hindistandan Rusiya və Avropaya qədər olan ərazilərə malların daşınmasını təmin edir. Hər iki ölkə bu dəhlizin inkişafını dəstəkləyir və son illərdə bu vasitə ilə daşınan yük həcmi artıb.
Regionun iqtisadi gələcəyi üçün böyük önəmi olan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin bir hissəsi olan və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yolu xətlərinin birləşdirən “Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan)” dəmir yolu xəttinin çəkilişinin başa çatdırılması məsələsi prioritet məsələlərdən birini təşkil edir.
Azərbaycan və İran energetika sahəsində də səmərəli əməkdaşlıq edir. SOCAR və İranın NİCO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri vardır. Iki ölkə Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir.
“Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və "Marazad" SES və hidroqovşaqlarının tikintisi üzrə işlər aparılır. Eyni zamanda, 330 kv-luq İmişli-Parsabad elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi nəzərdə tutulur. Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə əlavə imkan yaradacaq.
Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb.
Bununla yanaşı, Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay çayı üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib. Qəzvin-Rəşt dəmir yolunun açılması yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin həyata keçirilməsi, eləcə də avtomobil nəqliyyatı sahəsində qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilməsi məqsədi ilə iki ölkə arasında bu sahədə Birgə Komissiya yaradılıb. Bakı şəhərindən və Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə yük daşımaları İran ərazisindən keçməklə həyata keçirilir.
Rəsmi Bakı ilə Tehrana arasında əldə edilən razılaşmaya əsasən, Azərbaycanın Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Körpünün layihəsi hazırlanıb. Bu layihə barədə Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan gəmilərlə Azərbaycandan və Türkmənistandan İran İslam Respublikasına yüklər daşınır.
Azərbaycan Respublikası və İran İslam Respublikasının təyin etdiyi aviasiya şirkətləri - “Azərbaycan Hava Yolları” və “İran Air” Bakı və Tehran şəhərləri arasında uçuşlar həyata keçirir.
İki ölkə arasında kənd təsərrüfatı sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq mövcuddur. Bunlar əsasən kənd təsərrüfatı məhsullarının və toxumlarının istehsalı, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə, süni mayalanma üzrə təcrübə mübadiləsi, elmi və tədqiqat məlumatlarının mübadiləsi, mütəxəssis və ekspertlərin hazırlanması, quşçuluq və heyvandarlığın inkişafı, elmi tədqiqatlara əsasən şoran torpaqların optimal istifadəsi, kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların mübadiləsidir.
Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam inam yaratmaq və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri zamanı İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə deyib. H.Hacıyev qeyd edib ki, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır.
İqtisadi əməkdaşlığın mövcud potensialdan aşağı olduğunu İran tərəfi də təsdiqləyib. M.Sənayi bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir. Makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmaq lazımdır. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur