Azərbaycan millisi bizə ciddi müqavimət göstərdi Ukraynalı futbolçu
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan millisi bizə ciddi müqavimət göstərdi.
"Unikal" xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Artyom Dovbik DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
Hücumçu qarşılaşmanın çətin keçdiyini vurğulayıb: “Təbii ki, milli komandalar səviyyəsində asan oyun olmur. Hər kəs matça yaxşı köklənir, maksimum gücünü ortaya qoyur. Fasilədən əvvəl qol buraxdıq və bu, bizi bir az silkələdi. Mənim də imkanlarım oldu, sadəcə dəyərləndirə bilmədim. Fasilədən sonra məqsədimiz qol vurmaq, oyuna nəzarəti ələ almaq, rəqib müdafiəçiləri təzyiq altında saxlamaq idi. Topla daha sürətli oynamaq, onları yormaq və beləliklə, qol fürsətləri yaratmaq istəyirdik. Yaxşı ki, hər şey müsbət nəticələndi. Ən önəmlisi odur ki, üç xal qazana bildik. Əsas məqsəd qələbə idi və komandamız bu vəzifənin öhdəsindən gəldi”.
O, Azərbaycan millisinin müdafiə taktikası haqqında da danışıb: “Rəqib üç mərkəz müdafiəçisi ilə çıxış edirdi. Onlardan ikisi qarşılaşma ərzində yanımda idilər. Həmin müdafiəçilərin diqqətlərini mənə yönəltməsi bizim xeyrimizə oldu. Çünki başqa zonalarda boşluq yarandı və komanda yoldaşlarım həmin fürsətlərdən yararlana bildilər”.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.


