Azərbaycan Qazaxıstanda keçirilən mənəvi mədəni tədbirdə təmsil olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 14 oktyabr, AZƏRTAC
Qazaxıstanın Tanbalı-Tas arxeoloji kompleksinin ərazisində “Şokanın tədqiqatlarında daşa oyulmuş tarix” adlı beynəlxalq mənəvi-mədəni axşam keçirilib. Tədbir dahi alim, etnoqraf, maarifçi Şokan Ualixanovun anadan olmasının 190 illiyinə həsr olunub.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir çərçivəsində Şokan Ualixanovun tədqiqatlarına həsr olunmuş elmi məruzələr təqdim olunub, eləcə də yeni tematik materiallar müzakirə edilib.
Bundan əlavə, sahə üzrə elmi ekskursiya, “Şokanın əsərləri və Tanbalı təsvirləri” adlı fotosərgi, buddist-etnik musiqi kompozisiyaları, həmçinin “Şokan və Tanbalı-Tas irsi” mövzusunda elmi-maarifləndirici müzakirələr təşkil olunub.
Qonaqlar arasında digər ölkələrdən olan nümayəndələrlə yanaşı, Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları da olublar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


