Icma.az
close
up
RU
Azərbaycan torpaqlarını ayıran müqavilə Türkmənçay müqaviləsi

Azərbaycan torpaqlarını ayıran müqavilə Türkmənçay müqaviləsi

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

1828-ci il fevralın 10-da qədim Azərbaycan şəhəri olan Təbriz yaxınlığında Türkmənçay kəndində çar Rusiyası və Qacarlar dövləti arasında ədalətsiz və separat müqavilə imzalandı. Azərbaycan xalqının qan yaddaşına Türkmənçay faciəsi kimi həkk olunan bu müqavilə işğalçı imperiya olan çar Rusiyasının tarixi torpaqlarımızı zəbt etməsindən sonra imzalandı. Bu müqavilə Azərbaycan torpaqları uğrunda gedən İkinci Rusiya-Qacar müharibəsinə son qoydu. Ölkəmizin ərazi bütövlüyü məhz bu müqavilə nəticəsində pozuldu.
Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasətini həyata keçirməsi məqsədilə apardığı müharibələr nəticəsində imzalanan Gülüstan müqaviləsindən (1813) sonrakı dövrdə Rusiya-Qacarlar dövləti arasında münasibətlərin kəskinləşməsi yeni müharibəyə gətirib çıxardı. 1826-cı ilin iyulunda Qacarlar dövlətinin ordusu Arazı keçərək, Şuşanı mühasirəyə aldı, lakin səhər təslim olmadı. İyulun 26-da Salyan tutuldu. Sentyabr ayınadək Talış, Şirvan, Şəki, Qarabağ əyalətləri və Yelizavetpol (Gəncə) dairəsi ələ keçirildi. Bundan sonra Rusiya əks tədbirlər gördü, Şəmkir, Gəncə və başqa döyüşlərdə qələbə çaldı, itirilən mövqelər geri qaytarıldı. 1827 ilin fevralınadək ciddi döyüşlər baş vermədi.
Müharibə ilə əlaqədar Rusiyanın 1826-cı il sentyabrın 16-da elan etdiyi “Bəyannamə”də gələcək sülh müqaviləsinin əsas müddəaları ümumi şəkildə şərh olunmuşdu.
Sülh haqqında ilkin danışıqlara Qacarlar dövləti tərəfindən cəhdlər bir nəticə verməmişdi. Buna görə də rus qoşunları yeni hücuma başlamış, 1827-ci il iyunun 26-da Naxçıvan tutulmuş, iyulun 7-də Abbasabad qalası təslim olmuşdu. İyulda danışıqlar yenidən başlanmışdı. Osmanlı dövləti ilə müharibə təhlükəsi artdığına görə, Rusiya sülh bağlanmasını sürətləndirməyə can atırdı. Lakin bu niyyətdən bir nəticə hasil olmadığına görə, Qafqaz ordusunun yeni baş komandanı İ.F.Paskeviç 1827-ci il oktyabrın 1-də İrəvanı tutdu. 1826-cı ilin sonunda Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları həmin istiqamətdə hücumu genişləndirdilər. 1827-ci il oktyabrın 13-də Təbriz tutuldu. 1827-ci il noyabrında Dehqarqanda yenidən danışıqlar başladı.
Təzminat məsələsində bəzi ciddi narazılıqlar 1828-ci il yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Buna görə də rus qoşunları yenidən hücuma keçməklə, Qacarlar dövlətinə təzyiqi gücləndirdilər. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Bu vəziyyət müqavilə bağlanmasını sürətləndirdi. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Miyanə şəhərindən 33 km. şimal-qərbdə olan Türkmənçay kəndində müqavilə imzalandı.
Müqavilə 16 maddədən ibarət idi. 1-ci maddədə tərəflər arasında “bundan sonra əbədi sülh, dostluq və tam razılıq” olacağı bildirilirdi; 2-ci maddə Gülüstan müqaviləsi üzrə qarşılıqlı təəhhüdlərin başa çatdığını və onun Türkmənçay müqaviləsilə əvəz olunduğunu təsdiq edirdi; 3-cü maddə ilə Qacarlar dövləti, İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə getdiyini etiraf edirdi; 4-cü maddə sərhədləri müəyyənləşdirirdi: “Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütüm adaların... Rusiya imperiyasına məxsus olduğu tanındı. Müqaviləyə görə, Rusiyaya iyirmi milyon gümüş manat təzminat verilməli idi (6-cı maddə). Gülüstan müqaviləsində olduğu kımi yenə də Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi (8-cı maddə). 12-15-ci maddələr ermənilərin Azərbaycan xanlıqlarının ərazilərinə köçürülməsinə, onlara tanınan imtiyazlara, əsirlərin qaytarılması və başqa məsələlərə həsr edilmişdi.

Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqlarına köçdülər. Həm 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-Qacarlar dövləti müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-Qacarlar dövləti müharibəsinin gedişində Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə, ermənilərin maneəsiz olaraq Cənubi Azərbaycan ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. İki il ərzində, 1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən çox Cənubi Azərbaycan və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Gəncə, Qarabağ və İrəvan xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı.
AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə AzərTAC-a bildirib ki, Türkmənçay müqaviləsinin üçüncü, dördüncü və beşinci maddələri Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsi və sərhəd xətti ilə ayrılmasını nəzərdə tuturdu. Müqavilənin ikinci maddəsi yeni coğrafi istilahlar olan Şimali və Cənubi Azərbaycan ifadələrinin meydana gəlməsinə səbəb oldu. Bu müqavilənin on beşinci maddəsi ermənilərin Qacarlar dövlətinin ərazisindən çar Rusiyasının işğal etdiyi Araz çayından şimalda yerləşən Azərbaycan torpaqlarına köçürülməsini nəzərdə tuturdu. Nəticədə Qafqaz regionu üçün yadelli etnik ünsür olan ermənilər Qarabağ, İrəvan, Borçalı və İrəvan ərazilərinə köçürüldülər.
Azərbaycan xalqının tarixində Türkmənçay müqaviləsi hansı ağır nəticələrə gətirib çıxardı? Bu müqavilədən sonra Qafqazın geosiyasi vəziyyətini necə dəyişdi? Əvvəlcə qeyd edək ki, bu müqavilə nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsi onun tarixi-coğrafi sərhədlərinin kiçildilməsi ilə nəticələndi. İşğalçı imperiyaların qeyri-qanuni olaraq tarixi torpaqlarımızı öz aralarında bölüşdürmələri, əslində, beynəlxalq hüququn pozulması deməkdir.
Azərbaycan tarixində Gülüstan müqaviləsindən sonra ən ağır şərtli müqavilə olan Türkmənçay müqaviləsinin iki mühüm faciəli nəticəsi oldu. Bunlardan birincisi Azərbaycanın tarixi torpaqlarının iki hissəyə - Şimali və Cənubi Azərbaycana bölünməsi, ikincisi isə çar Rusiyası tərəfindən Azərbaycan türkünün əzəli yurd yerləri olan torpaqlara ermənilərin köçürülməsi. Ermənilər 1978-ci ildə Ağdərədə “Marağa-150” sözləri yazılmış park saldılar. Bu parkın adı onların özləri tərəfindən Qarabağa 150 il əvvəl, yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldüklərini etiraf etmələrini sübut edirdi. 1988-ci ildə isə ermənilər tarixi həqiqəti ört-basdır etmək üçün bu parkın girişindəki sözləri pozaraq parkı dağıtdılar.
Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyəti əks etdirməyən müqavilələrdir. Etibarlı tarixi mənbələr və qədim xəritələr də bir daha təsdiq edir ki, Araz çayının şimalında da, cənubunda da yaşayan Azərbaycan xalqı öz tarixi torpaqlarında min illər boyu vahid, qüdrətli dövlətçilik ənənəsinə malik olub. 195 il bundan əvvəl Türkmənçay müqaviləsini imzalayan çar Rusiyası və Qacarlar dövləti bir əsr bundan əvvəl süqut edib. Nə 1917-ci ilin oktyabrında V.İ.Leninin çevriliş yolu ilə qurduğu bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. Müasir İran İslam Cümhuriyyəti isə Qacarlar dövlətinin varisi deyil. Digər tərəfdən Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi. Beləliklə, tarixi gerçəkliyi əks etdirən hüquqi sənədlər, eləcə də Türkmənçay müqaviləsinin şərtləri bu müqavilənin ədalətsiz olduğunu, işğalçı imperiya olan çar Rusiyasının diktəsi ilə imzalandığını bir daha təsdiq edir.
Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər qısa müddətdən sonra regionda ilk etnik münaqişələrin əsasını qoydular və Azərbaycan türklərinə qarşı açıq düşmənçilik mövqeyi tutdular. XX əsrin əvvəllərində Qafqaz regionunda ilk soyqırımları da erməni daşnak terror dəstələri Azərbaycan türklərinə qarşı törətdilər. Həmişə öz havadarlarının himayəsinə sığınan bu yadelli etnik ünsür son yüz ildə dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan türklərini əzəli torpaqlarından deportasiyaya məruz qoymuş, soyqırımları törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmişlər. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində qazanılan böyük Zəfər isə regionun gələcəyi üçün vacib şərt olan təhlükəsizliyi təmin etdi. Nəticədə müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ölkəmizin ərazi bütövlüyünü qorumaqla tarixi ədaləti bərpa etdi və Qafqaz regionunda təhlükəsizliyin əsas təminatçısı oldu.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Fevral 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see142

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see117

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see112

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see111

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see110

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri