Icma.az
close
up
RU
Azərbaycan üzərindən Avropaya Yol qısalır, xərc azalır

Azərbaycan üzərindən Avropaya Yol qısalır, xərc azalır

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Relsli nəqliyyatın yaranması ilə az qala, bütün dünyanın siması dəyişib. Dəmir yolu artıq təkcə xəritədəki iki nöqtə arasında əlaqə deyil, həm də qlobal iqtisadiyyatın bir hissəsi, texnologiyanın, sosial inkişafın vacib amilidir. Eyni fikirləri bu il 145 illiyini qeyd edən Azərbaycan Dəmir Yolları haqqında da demək olar. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları əhalinin həyatına birbaşa təsir edir, paytaxt və digər şəhər və rayonlarda ticarət və mədəni əlaqələri formalaşdırır. 

“Qafqazinfo” xəbər verir ki, bu 145 ilin 41 ilinə öz əməyi ilə Teymur Fərəcov da qatqı verib. Söhbət yük qatarlarının 57 yaşlı maşinistindən gedir. Bu illər ərzində dəmir yollarındakı inkişaf onun gözləri qarşısında baş verib.

“Mən ilk dəfə işə çilingər kimi başlamışam. 5 il işləyəndən sonra maşinist köməkçisi, 2000-ci ildən isə maşinist kimi fəaliyyət göstərirəm. Biz yeni başlayanda istifadə etdiyimiz qatarlar indiki dövrün qatarları ilə müqayisədə çox fərqli idi, köhnə idi. Hazırkı elektrovozlar çox müasirdir. Yüksək standartlara uyğundur. Maşinist kabinəsində yüksək şərait yaradılıb, kondisioneri, avtopilotu var. Yeni qatarların hamısının mühərrikləri sinxrondur, yanma ehtimalı yoxdur, çox rahatdır. Hazırda Böyük Kəsikdən Hacıqabuladək dəmir yolu elektrikləşdirilib. Qarşıdakı illərdə Biləcəri qəsəbəsinədək elektrikləşdirilmiş dəmir yolu xətləri çəkiləcək”, - maşinist deyir.

Fotoda: Teymur Fərəcov

Müsahib bildirir ki, hazırda digər sahələrdə olduğu kimi, dəmir yollarında da ciddi canlanma yaranıb: “Ölkəmizin çox böyük nailiyyətlər əldə edəcəyini gözləyirik. Yükdaşımada gəlirlərimiz daha da artacaq. Dəmir yolu sahəsində çox böyük canlanma var. Əvvəl cəmi 2-3 qatar gəlirdisə, indi perronumuz gecə-gündüz dayanmır. Qazaxıstana, Rusiyaya, digər ölkələrə yüklər daşınır.

Mən ölkədaxili – Şirvan, Hacıqabul, Şabran və digər rayonlara yük qatarını idarə edirəm. Hazırda işğaldan azad olunmuş ərazilərdə də dəmiryol infrastrukturu yenidən qurulur. Qarabağda çox gözəl stansiyalar inşa olunub. O ərazilərə, Qarabağa qatar sürmək istəyərdim...

Mən qatardan sərnişin kimi də istifadə etmişəm. Deyə bilərəm ki, sərnişin kimi də çox razı qalmışam, yeni sürət qatarları çox yüksək standartlara uyğundur”.

Azərbaycanın “polad magistralı” belə yarandı

Azərbaycanın “polad magistralı”nın yaranma tarixi isə neft sənayesinin inkişafı ilə bağlıdır. İlk dəfə 1878-ci ildə inşasına başlanılan və uzunluğu 19 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun inşası Sabunçu və Suraxanı mədənlərini Bakının neft zavodları və dəniz limanı ilə birləşdirirdi. 1883-cü ildə isə Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolu işə salınıb. Tiflisdən Batumi limanına dəmir yolunun çəkilməsi ilə Xəzər dənizi və Qara dəniz sahilləri arasında əlaqə yaranıb. 

Növbəti illərdə isə Azərbaycandan Rusiya və İrana dəmir yolu ilə yük daşımaları gerçəyə çevrilib. Belə ki, 1900-cü ildə Bakı-Biləcəri-Dərbənd-Port-Petrovsk dəmir yolunun inşası ilə Azərbaycanın dəmir yolu Rusiyanın mərkəzi vilayətlərinin dəmir yolu ilə birləşdirilib. 1908-ci ildə Uluxanlı-Şərur-Culfa xətti inşa olunub, sonra isə bu xətt Tiflis-Aleksandropol-İrəvan xətti ilə birləşdirilib. Nəticədə dəmir yolu Azərbaycanın qərb torpaqlarını da əhatə edib. Xüsusən, Uluxanlı-Culfa dəmir yolu İrana yüklərin daşınmasında vacib rol oynayıb.

SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu da Azərbaycanla bağlıdır. Belə ki, 1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başlayıb. Statistikaya görə, təkcə həmin ildən başlayaraq 5 il ərzində Bakı-Sabunçu-Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı. 1948-ci ildə Suraxanı-Qala marşrutu ilə elektrik qatarı işə salınıb. 1949-cu ilin iyununda Bakı elektrik dəmir yolunun yeni Mərdəkan stansiyasının açılışı olub. Qala-Buzovna sahəsi işə salınmaqla Abşeronda elektrik dəmir yolu dairəvi sistem şəklində birləşdirilib. 

2021-ci ildə Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.  

Azərbaycan qitələri əlaqələndirir 

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, geostrateji yerləşmə mövqeyi baxımından Azərbaycan vacib ölkədir və qitələr arasında əlaqə yaradır. Burada dəmir yolu müstəsna rol oynayır. 

Ekspert bildirir ki, müstəqilliyimizin ilk illərində dəmir yollarımızın bir hissəsi işğal altında qaldığından demontaj olunub, yollar minalanıb. Həmin dövrdə vaqonların partladılması, hətta bəzi lokomotivlərin orada qalması halları müşahidə olunurdu. Bütün təhlükələrə rəğmən dəmir yolları çox sürətlə bərpa olunub. 

Fotoda: Rauf Ağamirzəyev

2020-ci ildən - Azərbaycan ordusunun şanlı qələbəsindən sonra bu ərazilərdə dəmir yolunda da bərpa işləri görülür: “Əvvəlcə Bərdə-Ağdam yolu tikilib istifadəyə verildi, Horadiz-Ağbənd dəmir yolu son tamamlama mərhələsindədir. Bu da gələcək qitələrarası əlaqəni təmin edən Zəngəzur dəhlizi və Arazın digər tərəfində Araz dəhlizinin ayrılmaz hissəsidir. Azərbaycanın uzaqgörən siyasətinin bir hissəsidir ki, bu gün geostrateji yerləşmə mövqeyi olan Azərbaycan qitələri əlaqələndirir. İstənilən istiqamətdə hər kəsə vacib ölkədir və burada dəmir yolu müstəsna yerə sahibdir. Həmçinin bu illər ərzində Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu tikilib. Bu hazırda Avropaya yeganə marşrutdur ki, sanksiyalara məruz qalmayan ölkələrdən keçir və ən qısa marşrutlardan biridir. Hazırda təkmilləşdirmə işləri aparılır və artan yük tələbinə uyğun həm buraxıcılıq tələbinin artırılması yönündə, həm də Zəngəzur dəhlizi kontekstində şaxələndirmə yönündə verilmiş strateji qərardır. Bir istiqamətdən asılı olmadan fərqli istiqamətlərə yönləndirilmək üçün vacib dəmir yolu arteriyasıdır.

Digər önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan strateji yerləşmə mövqeyini dərk edir, şaxələndirmə yönündə işlər görməklə yanaşı, tranzit vaxtının azaldılması yönündə də işlər görür. Quru daşımalarında transit vaxtı önəmlidir, bu, nə qədər qısa olarsa, marşrut o qədər cəlbedici olar ”.

Mütəxəssislər hesab edirlər ki, bu ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ADY-yə birləşdirilməsi də effektiv daşınmanın təşkili yönündə verilən vacib qərardır. Bu, yüklərin aşırılma vaxtını əhəmiyyətli dərəcədə azalda, daşımaların koordinasiyasını yaxşılaşdıra və tranzit axınları üçün vahid idarəetmə həlqəsi yarada bilər. Ehtimal olunur ki, bu, Orta Dəhlizin inkişaf dinamikasına və onun beynəlxalq səviyyədə rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək.

Azərbaycan üzərindən Avropaya: Yol qısalır, xərc azalır

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan artıq qlobal nəqliyyat qovşağına çevrilir. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit əməkdaşlıqlar üçün geniş imkanlar yaradır. Bu prosesdə ADY əsas rol oynayır. Azərbaycan üçün əsas strateji tranzit dəhlizlərdən biri Şərq-Qərb istiqamətində və əksinə yüklərin daşındığı Orta Dəhlizdir. ADY 2017-ci ildən etibarən bu dəhlizin fəal iştirakçılarından və əsas qurucularından biri olub.

Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan limanlarını birləşdirən əsas marşrutun fəaliyyətini təmin etməklə yanaşı, Azərbaycan tərəfi Orta Dəhlizin diversifikasiyası və alternativ istiqamətlərinin yaradılması istiqamətində də aparıcı təşəbbüskar qismində çıxış edir. Bu kontekstdə, Gürcüstan limanları ilə yanaşı, Türkiyə üzərindən Avropaya və açıq dənizlərə yük daşımalarının həyata keçirilməsi məqsədilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi reallaşdırılıb və 2017-ci ildə istifadəyə verilib. Layihənin icrasında Azərbaycan, xüsusilə də ADY birbaşa və fəal iştirak edib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin tamamlanması, Naxçıvan MR ilə Türkiyə arasında yeni dəmir yolu bağlantısının qurulması, Naxçıvanda mövcud dəmir yolu infrastrukturunun yenilənməsi və Naxçıvanla Azərbaycanın digər bölgələri arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması nəticəsində Orta Dəhlizin daha bir yeni qolu formalaşacaq.

2016-cı ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in təşəbbüsü ilə yaradılmış Cənub-Qərb nəqliyyat dəhlizi Fars körfəzi/Hindistan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Avropa coğrafi marşrutu üzrə fəaliyyət göstərir. Bu dəhlizinin digər alternativ marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsini və vaxtını təxminən üç dəfə azaltmasıdır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsi və vaxtını iki-üç dəfə azaltmasıdır. Bu dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, ölkəmiz Şimal – Cənub dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq.

Vaxta belə qənaət olunur

ADY fəaliyyətində rəqəmsallaşmaya xüsusi yer ayıran qurumlardandır. Həm də bu kağız üzərində deyil. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. ADY-nin rəqəmsallaşma ilə bağlı əsas islahatlarından biri ötən ildən bəri Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketinin tətbiqidir. Sözügedən tətbiq vasitəsilə yükgöndərənlər yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edirlər. 

“ADY Smart”ın tətbiqi ilə həm də yük əməliyyatlarına sərf olunan vaxtın minimuma 20 dəqiqəyə endirilməsidir. Həmçinin müştərilər “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa müraciəti təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. 

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. 

Rəqəmsallaşma ilə bağlı danışarkən ADY-nin 2 il əvvəl istifadəyə verilmiş “ADY Mobile” tətbiqini də vurğulamaq lazımdır. Artıq mobil cihazlara yüklənmə sayı 200 minə yaxınlaşır. Sərnişinlərin böyük əksəriyyəti isə biletlərini onlayn alır. Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Həmçinin hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarda turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.

ADY-nin tətbiq etdiyi bütün yeniliklər əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. Bunu rəqəmlərin statistikası da təsdiq edir. 2022-ci ildən etibarən tranzit daşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb. 

Bu gün də dəmir yolu nəqliyyatı bütün dünyaya müxtəlif məhsulların (tez xarab olan qida məhsullarından tutmuş nəhəng tikinti texnikasına qədər) çatdırılmasında optimal yoldur. Bu nəqliyyat növünün hələ də populyarlığı onunla izah olunur ki, alternativ variantların inkişafına baxmayaraq, dəmir yolu ilə daşıma ən qənaətcil, rahat və eyni zamanda sürətli olaraq qalır. 

Gülnar Əliyeva

Qeyd: Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see249

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see141

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see115

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see114

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see114

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see113

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see111

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see111

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see110

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see110

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see110

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri