Azərbaycan və Qırğızıstan: qarşılıqlı maraqlar və birgə əməkdaşlıq
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev: "Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur"
Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Əlbəttə, bu Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsidir.
Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətlərin birgə əməkdaşlığında önəmli rola malikdir.
Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Müstəqilliyinin bərpasından sonra Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoydu.
Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri ilə genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf etdirilir və strateji səviyyəyə yüksəldilib.
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək"
Prezident İlham Əliyevin Qırğızıstan nümayəndə heyətini qəbul etməsi əlaqələrin yüksələn xəttlə inkişafında önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün işğaldan azad olunan ərazilərimizə dost dövlətləri də öz töhfələrini verirlər. "Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir", - deyə Prezident cıxışlarının birində bildirib. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Azərbaycan ilə Özbəkistan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagirdlik məktəb binası inşa olundu. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Beləliklə, Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəb, daha sonra isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub.
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb"
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür edib.
Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladib.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğulayıb.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğulayıb ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Qonaq qeyd edib ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini deyib.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
"AZƏRBAYCAN BƏRPAOLUNAN ENERJİ SAHƏSİNDƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ SIX ƏMƏKDAŞLIQDA MARAQLIDIR"
2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. "Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır", - deyən Prezident çıxışlarının birində bildirib ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır : "Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb."
"Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər"
Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ilə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür. "Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər", - deyən Prezident çıxışlarının birində dəqqətə çəkib.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillər kifayət qədərdir. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Göründüyü kimi, Azərbaycanın mərkəzi Asiya dövlətləri ilə əlaqələri daha da genişlənir və gələcək inkişaf üçün yeni perspektivlər vəd edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















