Azərbaycana bu ölkələrdən ət gətirilir: Braziliyadan Hindistanadək...
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar ölkədə ət bazarında müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilir.
Belə ki, bu sahədə ilk problem kimi bazarda ət qiymətlərində yüksək artım özünü göstərdi. Bunu isə qəssablar əsasən yerlərdə heyvan satışının baha olması ilə əlaqələndirdilər. Bölgədəki heyvan bazarlarında isə qiymət artımını heyvan sayının azlığı ilə izah edirlər.
Statistik məlumatlara görə, Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib ki, bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir. 2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idisə, 2025-ci ilin avqustun birinə rəsmi rəqəmlərə görə, qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəldi.
Bir neçə ay öncə isə ölkədə dabaq xəstəliyinin yayılması bu sahədə növbəti problemə yol açdı. Belə ki, ölkədə fəaliyyət göstərən heyvan bazarları bağlandı. Son vaxtlar ölkədə fəaliyyət göstərən 33 topdansatış ət bazarından cəmi 3-4-ü işləyir. Ötən ilin sonundan isə ölkəyə idxal edilən ətlə bağlı artım müşahidə edilməyə başladı. Hətta bəzi ölkələrdən ilk dəfə olaraq Azərbaycana ət idxal edildi.
Qeyd edək ki, əvvəlki illərdə də ölkəmizə xaricdən ət idxal edilirdi. 2024-cü ilin sonuna kimi Azərbaycana ümumilikdə təxminən 58.700 ton ət idxal olunub (yanvar-dekabr aralığı üçün) ki, bu da təxminən 129.5 milyon dollar dəyərindədir, bu da ət idxalının əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərirdi.
2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib.
Ötən ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub.
Qeyd edək ki, bir neçə il öncə ölkəyə idxal edilən ət əsasən pərakəndə satışa çıxarılmır, müxtəlif iaşə obyektlərinə verilirdi. Həmin idxal ətlərinin əsasən kafe- restoranlara dönərxanalara verildiyi bildirilirdi. Ancaq 2025-ci ildən idxal edilən ətlərin pərakəndə satışı təşkil olunur. Belə ki, bu gün marketlərin əksəriyyətində Monqolustandan idxal edilən dondurulmuş qoyun əti satışdadır.
Ət idxalının artmasının əsas səbəblərini mütəxəssislər ölkədə heyvandarlığın zəif inkişafı ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, ölkədə əsas diqqət hələ də pambıq və taxıl kimi ənənəvi sahələrə yönəldilir, əhalinin gündəlik tələbatını ödəyən süd, ət və tərəvəz istehsalı kifayət qədər stimullaşdırılmır.
Nəticədə, ərzaq buğdası, süd və ət məhsulları üzrə idxal asılılığı davam edir. Statistik göstəricilər də vəziyyətin dəyişmədiyini göstərir. Ekspertlərin fikrincə, ölkədə heyvandarlığın inkişafı bu səviyyədə qalarsa, növbəti illərdə daha çox ət idxalını müşahidə etməli olacağıq.
Azərbaycana hansı ölkələrdən ət idxal edildiyinə gəldikdə isə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, hazırda Monqolustan, Ukrayna, Braziliya, Belarus, Hindistan, Gürcüstan, Rusiya və o cümlədən, digər ölkələrdən ət idxal edilir.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Azərbaycan ölkələr ət
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















