Azərbaycanda ağaclar qanunsuz olaraq ən çox bu ərazilərdə kəsilir
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağacların iqlim tarazlığının qorunmasında oynadığı rol danılmazdır.
Onlar atmosferdəki karbon qazını udaraq oksigen ifraz edir, eyni zamanda çoxsaylı quş və heyvan növlərinin yaşayış məkanı funksiyasını daşıyır. Lakin son dövrlər bu həyati əhəmiyyətli yaşıllıqların məhv edilməsi halları artmaqda davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ağacların kəsilməsi hallarının ən çox qeydə alındığı bölgələr arasında liderlik paytaxt Bakıya məxsusdur.
Xüsusilə Yasamal, Binəqədi və Suraxanı rayonları, eləcə də Sumqayıt, Abşeron, Ağdaş, Quba, Şabran və Xaçmaz rayonlarında belə halların daha çox qeydə alındığı vurğulanıb.
"2025-ci ilin bu gününədək qanunsuz ağac kəsintisi ilə bağlı ümumilikdə 304 şəxs inzibati məsuliyyətə cəlb olunub", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, yaşıllıqların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 4000 manatdan 7000 manatadək, hüquqi şəxslər isə 25 000 manatdan 45 000 manatadək cərimə olunur.
Banu Hüseynli


