Azərbaycanda əhalinin öz torpağını satmasına qadağa qoyulub?
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il 14 iyul tarixli 460-VIIQD nömrəli qanunla kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı Torpaq Məcəlləsinə yeni müddəalar əlavə edilib.
Dəyişikliyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi nəticəsində həmin torpağın bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol verilir. Eyni zamanda, torpaqların konsolidasiyası – sahələrin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyənləşdirilməsi və dəyişdirilməsi yolu ilə kənd təsərrüfatı torpaqlarından daha səmərəli istifadəni nəzərdə tutur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hələlik pay torpaqlarının satışına qadağa qoyulub.
Bəs yeni qayda əslində nəyi nəzərdə tutur? Pay torpaqlarının alqı-satqısı mümkündürmü və 5 hektar məhdudiyyəti mövcud torpaqların satışına necə təsir edəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, “pay torpaqlarının satışına tam qadağa qoyulub” demək düzgün olmaz:
“Sənəddə kənd təsərrüfatı təyinatlı torpağın satışı ümumilikdə qadağan edilmir. Əsas məhdudiyyət ondan ibarətdir ki, alqı-satqı və ya digər özgəninkiləşdirmə nəticəsində torpaq bölünürsə, yaranan hər bir sahə 5 hektardan az ola bilməz. Məsələn, 10 hektarlıq kənd təsərrüfatı torpağını iki 5 hektarlıq sahəyə bölüb satmaq mümkün olacaq, amma onu 2-3 hektarlıq hissələrə bölərək satmaq mümkün olmayacaq. Bəli, burada vacib bir hüquqi incəlik var.
5 hektardan az olan pay torpağının sahibi “torpağını ümumiyyətlə, sata bilməz” vəziyyətində deyil. Məhdudiyyət torpağın özünün mövcud sahəsi ilə deyil, satış nəticəsində torpağın bölünməsi ilə bağlıdır. 2026-cı ilin iyulunda qəbul edilmiş dəyişiklikdə qayda belə müəyyənləşdirilib: kənd təsərrüfatı təyinatlı torpaq satıldıqda və ya başqa formada özgəninkiləşdirildikdə, nəticədə bölünmə yaranırsa, yaranan hər bir torpaq sahəsi 5 hektardan az ola bilməz. Yəni 8 hektarlıq sahəni 4+4 hektara bölüb satmaq olmaz.
Amma, məsələn, vətəndaşın 3 hektar pay torpağı artıq ayrıca mülkiyyətindədirsə, qanundakı bu 5 hektarlıq norma onun həmin sahəni heç bir halda sata bilməməsi demək deyil. Burada əsas məsələ satışın hüquqi formasından və torpağın bölünüb-bölünməməsindən asılıdır. Eyni zamanda, qonşu torpaq sahəsinin mülkiyyətçisinə həmin torpağı eyni şərtlərlə almaq üçün üstünlük hüququ verilir.
Bu səbəbdən söhbət pay torpağının özünün satışına qadağadan deyil, onun satış nəticəsində 5 hektardan kiçik yeni sahələrə parçalanmasına məhdudiyyət qoyulmasından gedir”.
Məsələ ilə bağlı daha bir sual isə kiçik sahəli pay torpaqlarının taleyi ilə bağlıdır. Çünki vaxtilə pay torpaqları bir çox vətəndaşa nisbətən kiçik sahələr şəklində verilib.
“Məsələn, bir xanımın 2 hektar sahəsi var və bu torpağı satmağa icazə verilmir. Həmin torpağı satmağa niyə icazə verilməsin? Onsuz da pay torpaqları bölüşdürüləndə bir çox vətəndaşa daha kiçik sahələr, sotlarla torpaqlar verilib. Bu halda belə torpaq sahiblərinin vəziyyəti necə olacaq?”
Ekspert bu məsələyə də aydınlıq gətirib: “Həmin 2 hektarın bütöv satılmasının heç bir problemi yoxdur. Kənd təsərrüfatı təyinatlı torpaqdırsa, 1 hektarı saxlayıb, 1 hektarı satmaq qadağandır. Yəni həmin 2 hektar torpağın bütöv şəkildə satılması ilə bağlı problem yoxdur, amma torpağı bölərək bir hissəsini satmaq və digər hissəsini saxlamaq olmaz”.
Ekspertin sözlərinə görə, 5 hektardan az olan pay torpaqlarının bazarda satılmasında müəyyən real çətinliklər də yarana bilər:
“Digər tərəfdən, 5 hektardan az olan pay torpaqlarının bazarda satılmasında real çətinlik yarana bilər. Çünki alıcı həmin sahəni sonradan daha da bölə bilməyəcək. Bu isə kiçik sahələrin likvidliyini azalda, onların daha çox qonşu torpaq sahiblərinə və ya birləşdirmə məqsədi olan alıcılara satılmasına gətirib çıxara bilər. Qanunda bunun qarşılığında konsolidasiya mexanizmi də yaradılır.
Torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında sahələr birləşdirilə, sərhədləri dəyişdirilə və daha səmərəli təsərrüfat sahələri formalaşdırıla bilər. Torpaqların konsolidasiyası xırda və parçalanmış sahələrin daha səmərəli təsərrüfat vahidlərinə çevrilməsinə imkan yarada bilər. Layihədə konsolidasiya torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirmə, bölmə, sərhədlərin yenidən müəyyənləşdirilməsi və dəyişdirilməsi kimi təqdim olunur.
Pay torpağı sahibləri baxımından bunun həm müsbət, həm də müəyyən məhdudlaşdırıcı tərəfi var. Torpağın parçalanmasının qarşısının alınması onun kənd təsərrüfatı üçün iqtisadi dəyərini artıra bilər, lakin 5 hektardan kiçik sahəyə bölüb satmaq istəyən mülkiyyətçinin imkanları məhdudlaşacaq. Digər tərəfdən, konsolidasiya zamanı mülkiyyətçinin torpağının bazar dəyəri qorunmalı, dəyər itkisi yaranarsa kompensasiya mexanizmi tətbiq edilməlidir”.
Ekspert qeyd edib ki, kənd təsərrüfatı istehsalı baxımından əsas gözlənti xırda, parçalanmış torpaqların yaratdığı səmərəsizliyi azaltmaq, iri və iqtisadi baxımdan daha səmərəli təsərrüfat sahələrinin formalaşmasına, suvarma, yol, meliorasiya və digər infrastrukturun daha effektiv qurulmasına şərait yaratmaqdır:
“Bu səbəbdən “5 hektara qədər pay torpaqları satıla bilməz” ifadəsi hüquqi baxımdan dəqiq deyil. Daha düzgün ifadə budur: qanun kənd təsərrüfatı torpaqlarının satış nəticəsində 5 hektardan kiçik yeni sahələrə parçalanmasını məhdudlaşdırır. Bu isə artıq mövcud olan 1-2-3 hektarlıq pay torpaqlarının sahibinin mülkiyyət hüququnun avtomatik ləğvi və ya həmin torpağı satmaq hüququnun tamamilə aradan qaldırılması demək deyil”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: torpaq Akif Nasirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:233
Bu xəbər 07 Oktyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















