Icma.az
close
up
RU
Azərbaycanın 5 milyonuncu uşağının taleyi necə olub?

Azərbaycanın 5 milyonuncu uşağının taleyi necə olub?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1968-ci il avqustun 11-də Azərbaycanın 5 milyonuncu sakini dünyaya gəlir. Bu əlamətdar günə respublika rəhbərliyi az qala bir ay əvvəldən hazırlaşır. Mərkəzi Komitənin Bürosu iyulun 16-da Azərbaycan Respublikasının 5 milyonuncu vətəndaşı barədə qərar qəbul edir. Qərarda deyilir ki, Mərkəzi Statistika Komitəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanın 5 milyonuncu sakini dünyaya gələcək. Mərkəzi Komitə bu doğumu təntənəli qeyd etmək, doğulan körpəni xatirə medalı, anasını isə qiymətli hədiyyə ilə təltif etməklə bağlı tapşırıq verir. Nəhayət, həmin gün gəlib çatır. Avqustun 11-də, gündüz saat 11.05-də o körpə dünyaya gəlir. Əli-Bayramlı şəhərinin doğum evində. Ana Sabirabad rayonundakı Jdanov adına kolxozun pambıqçısıdır – Vladimirovka kəndinin sakini Meyxanım Mikayılova. Körpənin adını Arzu qoyurlar. İndi həmin xanımım 55 yaşı tamam olmalıdır. Harada yaşayır? Yaşayırmı? Bilmirik… “

Sitat olduğu kimi, nöqtəsinə, vergülünə toxunulmadan İctimai TV-də yayımlanmış “XX yüzillik. Faktlar, hadisələr və insanlar” verilişindən götürülüb. Tanınmış jurnalist Müsəllim Həsənovun müəllifi olduğu bu veriliş efirə getdiyi dövrdə böyük populyarlıq qazanmışdı. Hər buraxılışı ötən əsrdə Azərbaycanın bir ilinə həsr edilmişdi. 1968-ci ildə baş verənlərlə bağlı növbəti buraxılışı isə 2 il əvvəl efirdə yayımlanıb.

5 milyonuncu vətəndaşımızla bağlı hissə sosial şəbəkədə təsadüfən rastıma çıxdı. Müsəllim müəllimin “Harada yaşayır? Yaşayırmı? Bilmirik…” suallarına  instiktiv cavab verdim: “Taparam!” Və beləcə, Arzunun axtarışlarına başladım.

***

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında 57 il əvvəlin qəzetlərini vərəqləyirəm. 5 milyonuncu vətəndaşımızla bağlı xəbərlər o dövrün mətbuatında Arzunun dünyaya gəlişindən 4 gün sonra – avqustun 15-də tirajlanıb.  “Bakinski raboçi” qəzetində “Salam, 5 milyonuncu Azərbaycan sakini”, “Bakı”nın səhər buraxılışında “Biz 5 milyonuq!”, “Vışka”da “Azərbaycanda 5 milyonuncu vətəndaş doğuldu” sərlövhələri ilə gedən məqalələrin məğzi demək olar ki, eynidir. Yazılarda əlamətdar hadisə ilə bağlı Mərkəzi Statistika İdarəsinin sədr müavini Ş.M.Əfəndiyevin fikirləri və bəzi statistik məlumatlar yer alıb. Fərqlilik “Kommunist” qəzetinin əməkdaşı Bariz Əsədovun hazırladığı “Beş milyonuncu” başlıqlı reportajda hiss olunur. Jurnalist avqustun 11-də Mərkəzi Statistika İradəsində yaşananları oxuculara çatdırmaqla yanaşı, Statistika İdarəsinin mədəniyyət, səhiyyə və əhali statistikası şöbəsinin rəisi, 5 milyonuncu vətəndaşın müjdəsini verən Yekaterina Pavlovna Rodionovanın, Əli Baryamlı (indiki Şirvan – red.) Doğum Evinin baş həkimi Elmira Mirzəyevanın, Vladimirovka Kənd Sovetinin katibi Maqsud Mustafayevin fikirlərini, hətta Arzunun atası Ələkbər Mikayılovla qısa müsahibəni təqdim edib:

– Bizim sevincimizə şərik olduğunuz üçün çox sağ olun. Ailəmizə göstərilən qayğıdan ötrü partiya və hökumətimizə minnətdarlığımızı bildiririk. “Kommunist”in bütün oxucularına da belə şad günlər arzulayırıq.

– Qızınıza ad qoymusunuzmu?

– Bəli. Arzu!

Ertəsi gün, avqustun 16-da Azərbaycan Teleqraf Agentliyinin fotomüxbiri F.Əliyevin Əli Bayramlı doğum evindən çəkdiyi şəkil qəzetlərdə dərc edilir, Azərbaycan xalqı 5 milyonuncu vətəndaşı və onun anası ilə tanış olur.

Yeri gəlmişkən, arxivdəki qəzetləri vərəqləyərkən qarşıma bəzi maraqlı məlumatlar da çıxdı. Məsələn, 1920-ci ilin sonunda Azərbaycanın əhalisi 1 milyon 952 min, 1939-cu ilin yanvarında 3 milyon 205 min, 1959-cu ilin eyni ayında isə 3 milyon 698 min nəfər olub. Başqa maraqlı fakt: 1968-ci ildə Azərbaycan SSRİ-də “ən gənc xalq” imiş. Əhalinin 45 faizini 15 yaşınadək uşaqlar təşkil edirmiş. Və yaxud, qəzetlərin yazdığına görə, Azərbaycan uzunömürlülərin nisbi sayına görə dünyada birinci imiş. Yəni hər 100 min əhaliyə yaşı 100-dən çox olan 84 nəfər düşürmüş.

***

Arzunun “izinə” düşmək çətin olmadı. Şirvan şəhərindəki tanışlarım vasitəsilə onun böyük əmisi Heydər Mikayılovun oğlu Əzizağa Mikayılovu tapa bildik. 68 yaşlı Əzizağa kişi indi qonşu Qarağac kəndində yaşayır. Uzun müddət Ağaşirin Mikayılov adına Zalqaraağac kənd orta məktəbində müəllim işləyib. Hazırda təqaüddədir. Ağaşirin Mikayılov da Arzunun əmisi oğludur. Birinci Qarabağ müharibəsində şəhid olub. Mikayılovlar ailəsi əslən Qərbi Azərbaycandandır. Ötən əsrin 50-ci illərində Vedi rayonunun Kotuz kəndindən ukraynalıların məskunlaşdığı Xersonovkaya köçürülüblər. Dolaşıqlıq olmasın deyə, kiçik izah: Mikayılovlar ailəsi Sabirabadın Xersonovka, indiki Nəsimikənd kəndində yaşayırdı. Xersonovka isə indi Nizamikənd olan Vladimirovka sovetliyinə daxil idi.

1937-ci il təvəllüdlü Ələkbər kişi ilə 1945-ci ildə dünyaya gəlmiş Meyxanım 60-cı illərdə ailə qurublar. Özü də yaxın qohum olublar – dayıqızı və bibioğlu. Bütün bunları Əzizağa müəllim mənə sonradan danışdı. Ona ilk sualım isə Arzunun harada olması ilə bağlı idi. Cavab üzücü oldu: “Arzu 8 aylığında qəflətən vəfat edib”.

Ümumiyyətlə, o ailədən cəmi bir nəfər həyatdadır. Meyxanım Mikayılova 30-40 il əvvəl haqq dünyasına qovuşub. Ələkbər kişi isə 2014-cü ildə. Ailənin 4 övladı olub. Yalnız böyük qızları – Arzudan 2 yaş böyük Şəlalə Mikayılova sağdır.

***

Şəlalə xanımın Arzu doğulanda cəmi 2 yaşı var imiş. Olanları təbii ki, xatırlamır, valideynlərindən eşidib: “Anam deyirdi ki, bacım “top” kimi uşaq olub. Hər həftə həkimlər gəlib yoxlayırdılar. Axırıncı yoxlanışdan bir gün sonra qızdırması qalxdı, qəfildən əlimizdən getdi. Səbəbini də heç kim bilmədi”.

Arzunun vəfatı təbii ki, ailəyə böyük zərbə idi. Amma daha böyük dərdlər irəlidə imiş. Arzudan sonra ailədə daha iki uşaq doğulub – Mətanət və Vüqar. Hər ikisi də körpə ikən ölüb: “Elə bil lənətlənmişdik, göz dəymişdi. Arzudan sonra dünyaya gələn Mətanətlə Vüqar da çox yaşamadı. Anam mən gənc olarkən dünyasını dəyişdi. Atam isə 11 il əvvəl”.

Bir neçə il bundan qabaq Şəlalə xanım Nəsimikənddəki ata yurdunu satıb. İstəməyib ki, ev baxımsızlıqdan dağılsın. Neftçalanın Xıllı qəsəbəsinə gəlin köçüb, elə həmin qəsəbədəki Nərə Balıqartırma Zavodunda işləyib. Hazırda ailəsi ilə Bakıda yaşayır, bir qızı, bir oğlu var. Başqa sözlə, Ələkbər kişi ilə Meyxanım ananın iki nəvəsi var. Yeri gəlmişkən, Şəlalə xanımın oğlu Babayev Mirsalam Asif oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, qazidir.

Həm Əzizağa kişi, həm də Şəlalə xanımla söhbətimizdə hər ikisi maraqlı məqama toxundular. Onların iddialarına görə, həmin dövrdə Zeynəb Xanlarovanın ifasında məşhurlaşan “Ay mənim Arzu qızım” mahnısı məhz Arzu Mikayılovaya həsr edilibmiş. Yüngülvari araşdırmadan sonra məlum oldu ki, əslində, mahnı Arzudan 2 il əvvəl “doğulub”. Bəstəkar Ələkbər Tağıyevin İsgəndər Coşqunun sözlərinə bəstələdiyi “Ay mənim Arzu qızım” mahnısının bir mənbədə 1966-cı ildə ilk dəfə Zeynəb Xanlarova tərəfindən ifa edildiyi bildirilir. Onu da öyrəndim ki, mahnı elə həmin il Azərbaycan Radiosunun fonotekasına qeydiyyata alınıb.

Şəlalə xanımda ailəsi haqqında ancaq xatirələri qalıb. Bir də Arzunun medalyonu – üzərində Azərbaycan və rus dillərində “Azərbaycan SSR-nin 5 milyonuncu vətandaşına” yazılmış medalyon. 57 il əvvəlin qəzetlərinin yazdığına görə, təmiz qızıldandır. Sonradan məlum olub ki, qızıl suyuna çəkilib. Yazının girişində Mərkəzi Komitənin qərarı ilə 5 milyonuncu vətəndaşın anasına qiymətli hədiyyələr verilməsi ilə bağlı cümlə var idi. Maraqlıdır, Meyxanım Mikayılovaya nə hədiyyə etmişdilər? Şəlalə xanımın sözlərinə görə, verilən medalyon, qızıl bilərzik, beşik və digər xırda-xuruş hədiyyələrdən savayı, rəhbər şəxslər Mikayılovlar ailəsinə Bakıda mənzil, avtomobil də söz vermişdilər: “Anam deyirdi ki, 2-3 dəfə Bakıya gediblər. İçərişəhərdə 3 otaqlı mənzil bağışlamışdılar. Mənzilə baxıblar, çox bəyəniblər. Atama da avtomobil, heyvan boyun olmuşdular. Arzu sağ ikən vermədilər. Öləndən sonra isə…” Arzu öləndən sonra ev, avtomobil söhbəti də “ölüb”, heyvan da. Belə…

İlqar TAĞIYEV

“525-ci qəzet”

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri