Icma.az
close
up
RU
Azərbaycanın bütövləşən tarixində 20 Sentyabr

Azərbaycanın bütövləşən tarixində 20 Sentyabr

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Hər bir xalqın tarixində elə günlər var ki, bütöv bir milli mübarizənin, böyük itkilərin, tarixi iradənin və dövlətçilik əzminin rəmzinə çevrilir. Azərbaycan üçün 20 Sentyabr məhz belə tarixlərdəndir. Bu gün artıq yalnız 2023-cü ilin sentyabrında baş verən hadisələrin təqvimdəki ifadəsi deyil, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının simvoludur.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təsadüfi qərar deyildi. Bu tarix Azərbaycan xalqının müstəqillik və dövlətçilik uğrunda uzun illər apardığı mübarizənin məntiqi nəticəsini özündə ehtiva edir. Sərəncamda deyildiyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.” Bu fikir 20 Sentyabrın mahiyyətini dəqiq ifadə edir. Çünki suverenlik sadəcə dövlət sərhədlərinin mövcudluğu deyil, xalqın öz taleyini müəyyən etmək, öz ərazisində ali hakimiyyəti həyata keçirmək və gələcəyini özü qurmaq haqqıdır.

Azərbaycan xalqı bu haqq uğrunda ağır sınaqlardan keçib. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı ən böyük faciə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin uzun illər işğal altında saxlanılması oldu. Beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Azərbaycan torpaqları otuz ildən artıq müddətdə işğal altında qaldı. Yüz minlərlə insan doğma yurdlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, tarixi və dini abidələrə ağır ziyan vuruldu, Xocalıda xalqımıza qarşı dəhşətli cinayət törədildi.

Bütün bunların fonunda ən mühüm həqiqət dəyişmədi: işğal altında olan ərazilər beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Azərbaycan bu reallığı yalnız diplomatik bəyanatlarla deyil, dövlət siyasətinin bütün imkanları ilə müdafiə etdi. Lakin təxminən otuz il davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qaldı. Zaman keçdikcə aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün daha qətiyyətli addımlar atmalı olacaq.

2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatı ilə başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələ açdı. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun hərbi qüdrətini, xalqın dövlət ətrafında sıx birliyini və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Qarabağın və ətraf rayonların böyük hissəsi işğaldan azad edildi, Ermənistan ordusu məğlubiyyət aktına imza atdı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə otuz illik işğalın son mərhələsi başa çatdı.

Azərbaycan öz torpaqlarını azad etməklə beynəlxalq hüququn pozulmuş normalarının bərpasına nail oldu. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini özü icra etdi. Bununla da diplomatik müstəvidə uzun illər nəticə verməyən prosesin yerini real siyasi və hərbi nəticələr aldı.

Lakin 2020-ci ilin Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifə qalırdı: ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpası.

Bu istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət nəzarətini həyata keçirmək hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Artıq Azərbaycan yalnız azad etdiyi ərazilərdə deyil, bütün sərhədləri boyunca suveren hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl addımlar atırdı.

Nəhayət, 2023-cü ilin 19 sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat 23 saat 43 dəqiqə davam etdi. Sentyabrın 20-də separatçı rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam bərpa etdi.

Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisənin mahiyyətini belə ifadə etmişdi: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Bu cümlələr 20 Sentyabrın siyasi və tarixi mahiyyətini özündə cəmləşdirir. Çünki dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqillik tarixində yeni səhifə açdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 2023-cü ilin sentyabrında həmin müstəqilliyin ərazi və siyasi bütövlüyünü tam təmin edən mərhələyə çatdı.

Məhz buna görə 20 Sentyabrı yalnız hərbi əməliyyatın nəticəsi kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycan dövlətçiliyinin institusional və siyasi davamlılığının möhkəmləndirilməsinin, ölkənin bütün ərazisində Konstitusiyanın və dövlət hakimiyyətinin aliliyinin təmin edilməsinin rəmzidir. Suveren dövlət olmaq o deməkdir ki, dövlət öz ərazisində ali hakimiyyətə malikdir, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirir və başqa dövlətin iradəsindən asılı olmadan öz milli maraqlarını həyata keçirir.

Azərbaycanın əldə etdiyi tam suverenlik həm də gələcəyə yeni məsuliyyət qoyur. Torpaqların azad edilməsi tarixi missiyanın yalnız bir hissəsi idi. İndi qarşıda Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın dövriyyəyə cəlb olunması və azad edilmiş ərazilərin Azərbaycanın ümumi inkişaf məkanına tam inteqrasiyası kimi böyük vəzifələr dayanır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Çünki Konstitusiya və suverenlik bir-birindən ayrı təsəvvür edilə bilməz. Dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi Konstitusion quruluşun əsas dayaqlarıdır. Suverenlik möhkəm olmadıqda dövlətin hüquqi sistemi də tam gücü ilə fəaliyyət göstərə bilmir. Bu gün Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması isə müstəqil dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

20 Sentyabrın Azərbaycan həyatında xüsusi rəmzi məna qazanmasının başqa bir göstəricisi Bakı Metropoliteninin yeni stansiyasına bu adın verilməsidir. Dövlət suverenliyinin tam bərpa edildiyi tarixin paytaxtın nəqliyyat infrastrukturunda yaşadılması həmin günün milli yaddaşda qalıcı yer tutmasının daha bir ifadəsidir. Tarix yalnız kitablarda yazılmır; bəzən şəhərlərin küçələrində, meydanlarında, abidələrində və gündəlik həyatın yaddaş məkanlarında da yaşayır.

Bu gün Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Tam suverenlik daxili sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, regionların bərabər inkişafının təmin edilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi üçün mühüm siyasi zəmin yaradır. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan artıq öz gələcəyini daha böyük inamla planlaşdırır.

Amma bu tarixin ən böyük dərsi başqa yerdədir: dövlətçilik yalnız sərhədləri qorumaqdan ibarət deyil. Dövlətçilik həm də milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq, əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Şəhidlərin qanı ilə qazanılmış suverenlik gələcək nəsillərə yalnız qürur kimi deyil, böyük məsuliyyət kimi də ötürülməlidir.

Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü ilə bağlı fikrində vurğuladığı kimi, “ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. Milli sərvət isə qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür.

20 Sentyabr məhz buna görə Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu tarix bizə xatırladır ki, müstəqillik yalnız elan edilmir, qorunur; suverenlik yalnız bəyan edilmir, təmin olunur; Zəfər yalnız qazanılmır, onun nəticələri quruculuqla möhkəmləndirilir.

Bu gün Azərbaycan öz taleyinin sahibidir. Qarabağ Azərbaycandır, Şərqi Zəngəzur Azərbaycandır və Azərbaycanın bütün ərazisində dövlət bayrağı dalğalanır. Dünən xəritədə bütövlüyümüzə həsrət qaldığımız torpaqlarda bu gün həyat yenidən qurulur. Bu, bir xalqın uzun və ağrılı mübarizəsinin ən böyük nəticəsidir.

20 Sentyabr Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gündür. Bu tarix həm Zəfərimizin qüruru, həm şəhidlərimizin əmanəti, həm də gələcəyə ünvanlanan dövlətçilik məsuliyyətimizdir.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri