“Azərbaycanın jesti Ermənistan üçün ciddi məsuliyyət yaradır” Deputat
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azay Quliyev: “İndiki geosiyasi durumda bu cür addımlar regionun gələcək taleyi baxımdan mühüm əhəmiyyət kəsb edir”
Yanvarın 14-də Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib. Bu proses Azərbaycan ilə Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.
Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar həmçinin, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib. Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.
Ermənilərin qarşı tərəfə verilməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Azərbaycan insanına qarşı misli görünməmiş vəhşiliklər və cinayət törətmiş şəxslərin Ermənistana təhvil verilməsini tənqid edənlərin, narazı qalanların sayı kifayət qədərdir. Amma bu addımı dəstəkləyənlər də var. Buna haqq qazandıranların arqumenti odur ki, hazırda iki ölkə arasında sülh prosesi gedir və sülh prosesi çərçivəsində bu cür yanaşmalar vacibdir. Eyni zamanda, iddia olunur ki, dövlət məhkumları təhvil verməyi lazım bilibsə, demək ki, dövlət maraqları bunu tələb edir.
Məsələ ilə bağlı AYNA.AZ-a danışan Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Azərbaycan tərəfindən məhkum olunmuş 4 nəfər şəxsin Ermənistana təhvil verilməsi ölkəmizin post-münaqişə dövründə sülh və normallaşma gündəliyinə sadiqliyinin və humanizm siyasətinin növbəti nümunəsidir:
- Nə qədər çətin olsa da, Azərbaycan bu qərarla bir daha nümayiş etdirir ki, qalib tərəf olaraq emosional deyil, məsuliyyətli siyasətdən çıxış edir. Humanizm jestləri uzunmüddətli qarşıdurmalardan sonra etimad mühitinin formalaşması üçün vacib elementdir. Eyni zamanda, bu addım qarşı tərəf üçün də ciddi məsuliyyət yaradır.
- Ermənistan bu məsuliyyəti dərk edirmi?
- Gözlənti ondan ibarətdir ki, Ermənistan hökuməti də bu cür addımları praktiki davranışlarla dəstəkləsin və Azərbaycanın məlum şərtlərinin icrasında ictimaiyyətdən əlavə dəstək alsın, sülh prosesini əngəlləməyə çalışan daxili və xarici dairələrin pozucu fəaliyyətini daha effektiv formada neytrallaşdırsın. İndiki geosiyasi durumda bu cür jestlər regionun gələcək taleyi baxımdan mühüm əhəmiyyət kəsb edir.
- Azərbaycan insanına qarşı cinayət törətmiş bu şəxslərin təhvil verilməsi cəmiyyətdə narazılıq da yaratdı...
- Təbii ki, narazılıq anlaşılandır. Amma məsələyə digər prizmadan yanaşmaq lazımdır. Hamıya məlumdur ki, Azərbaycan regionun lider dövləti, eyni zamanda, sülhün təşəbbüskarı və təminatçısı kimi milli maraqlarını tam qorumaqla bölgəmizin rifahı və əmin-amanlığı naminə qətiyyətli siyasi iradə ortaya qoyub. Bu məsuliyyətli və uzaqgörən siyasətin müsbət nəticələri artıq real proseslərdə və regional sabitliyin möhkəmlənməsində aydın şəkildə özünü göstərir.
Ona görə də bu cür həssas addımlar mövcud geosiyasi təlatümlər fonunda zəruri və vaxtında atılmış qərarlar kimi qəbul edilməli, ictimaiyyət tərəfindən anlayışla qarşılanmalıdır. Cəmiyyət bu siyasətin mahiyyətini düzgün dərk etməli və onun uzunmüddətli milli və regional maraqlara xidmət etdiyini obyektiv şəkildə qiymətləndirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 15 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















