Icma.az
close
up
RU
Bakı, balina və Darvin

Bakı, balina və Darvin

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəribədir, Çarlz Darvinin "Növlərin mənşəyi" əsərinin son paraqrafını gözdən keçirirdim, fasilə verib "TitTok"a girdim və qəfil Bakı buxtasında üzən nəhəng bir canlının videosu qarşıma çıxdı. Düşündüm ki, yox, görüntü və səs naturaldır, montaja oxşamır, amma yanıla bilərəm, yəqin, süni intellekt alətləri ilə ediblər, hə-ə, gör inkişaf hansı həddə çatıb ki, mənim də gözümü aldada bilirlər, hmm, az qala inanmışdım. 

Bir gün sonra baxdım ki, həqiqətən də, Bakı buxtasında balina cəsədi peyda olub. Və düşünməyə başladım, görəsən, bu balina Xəzərə necə gəlib çıxa bilər ki? Bu barədə bir qədər sonra... 

Təxminən beşinci sinifdə oxuyurdum, botanika müəlliməmiz bizi sinif otağının pəncərəsindən daim həsrətlə baxdığımız güllük-gülüstanlıq bağçaya apardı. Şagirdlərə o bağçaya girmək qadağan olunmuşdu. Əvvəla, ona görə ki direktorun kabinetinə gedən şüşəbəndli dəhliz o bağçanın düz qarşısından keçirdi (hər dəfə nadincliyimizə görə həmin kabinetə aparılanda gözüm oralarda qalırdı), ikincisi, həqiqətən də, əgər çox demirəm, sadəcə bizim sinfin uşaqlarını (o gün də, bu gün də təhsil alan əksər Azərbaycan məktəblilərinə aiddir, heç nə dəyişməyib) o bağçaya buraxsaydılar, bir neçə saatın içərisində tapdağa döndərib zibilxanaya çevirəcəkdilər (Eynən, digər saqqalı sinif yoldaşlarım Laçın-Şuşa yolunun üstündəki bulağın ətrafını etdikləri kimi). 

Bir neçə il sonra öyrəndim ki, bu əraziyə girişin qadağan olunmasında əsas təşəbbüskar da elə bizim botanika müəlliməmiz olub. Sözün əsl mənasında, uzaqgörən və müdrik direktorumuz da onunla razılaşıb. İş orasında idi ki, məktəb binası inşa edildikdə, həmin ərazi qış bağçası üçün nəzərdə tutulubmuş. Görünür, məktəbi layihələndirən memar başqa təfəkkürün adamı olub, müsəlman uşaqları üçün bağçanın qış və ya yaz adlandırılmasının heç bir fərqi olmadığını da düşünməyib. Məktəbi elə tikib ki, əsas bina o bağçanı qucaqlayaraq ortadakı qış bağçasının qoruyucusuna çevrilib (o cümlədən antropogen təsirlərdən).

İstənilən halda, biz o bağçaya həsrətlə baxırdıq, oradakı qızılgüllər, müxtəlif çiçəklər, çəmən bizi özünə cəlb edirdi. Lakin bizi o əlçatmaz "cənnətə" ilk dəfə botanika müəlliməmiz apardı. Və mən bu bağçanın botanika bağı kimi istifadə edildiyini başa düşdüm. Bir sözlə, müəlliməmiz bizə bitkilər haqqında danışdı. İlk dəfə də o dərsdə eşitdim ki, bitkilər canlıdır. 

Sonra sinif otağına qayıtdıq, müəlliməmiz Çarlz Darvinin divardan asılmış portretini göstərib onun haqqında danışdı. O vaxtdan təbiəti, ətraf mühiti və Darvini kəşf etdim. 

O dərsdən bir neçə ay sonra, tam təsadüfən, Jül Vernin "Kapitan Qrantın uşaqları" əsərini oxudum (Bunun Darvinlə heç bir əlaqəsi yoxdur, evdəki kitabxanamızın görkəmli yerində yerləşən o tünd göy üzlü qalın kitab gözümü çoxdan tutmuşdu).

İndi qayıdaq balina məsələsinə. Dərhal anladım ki, bu hadisə də COP29-la bağlıdır. Əlbəttə, çox yaxşı təşəbbüsdür. 

Həqiqətən də, dünya okeanında mavi balınaların azalması müşahidə olunur, onların xilas edilməsi isə bəşəriyyətin yaxın gələcəyinin xilas edilməsi qədər mühümdür. Məni heyrətə salan isə bu aksiyaya olan reaksiyalar idi (düzünü deyim ki, heyrətim elə də uzun çəkmədi). 

Səbəb sosial media izləmələrimdə olan oxumuş adamların, həqiqətən də, Xəzərdə balinanın olduğuna inanması idi. Hətta bir nəfər istedadlı, bilikli, diplomlu şəxs tam ciddi şəkildə yazmışd ki, yəqin, bu balina haralardasa diblərdə gizlənib, Xəzəri yenidən tədqiq edib araşdırmaq lazımdır-filan. 

Əlbəttə, mən hələ müxtəlif yaş kateqoriyalarından olan vətəndaşlarımızın lağlağı söz atmalarını, məsələn, "balına da Azərbaycanda yaşaya bilmədi, öldü" kimi fikirlərini demirəm. Amma, deyəsən, eyni adamlar da sonradan biləndə ki, bu, əsl balina yox, müqəvvadır və bir ekoloji aksiya çərçivəsində Bakı buxtasına çıxarılıb, neçə deyərlər, "xub, siz də gedin fikirləşin" doktrinasına əməl edib yaxşıca susdular. 

Məndə olan səhihə yaxın məlumata görə, Darvinin "Növlərin mənşəyi" əsəri hələ də dilimizə tərcümə edilməyib. Edilibsə də, ən nüfuzlu mütəxəssislər və elmi institutlar belə bir kitabın varlığından xəbərsizdirlər. Maraqlıdır, geologiya, zoologiya, botanika, genetika və sair və ilaxır bu kimi sahələr necə öyrənilib? Bu ölkədəki həkimlər necə yetişdirilib? Fraqmentlərlə? 

Dəyərli oxucum sual verə bilər ki, bəs sən özün Darvini necə oxumusan? 

Haqlı sualdır. Cavab verirəm, mən də başqa dildə oxumuşam və digər bu kimi önəmli əsərləri də başqa dillərdə oxumaqda davam edirəm. Bəs, orta məktəbdə botanikadan keçdiyimiz hissələr nə idi? Rus dilindən tərcümə edilən fraqmentlərmiş. Yəqin elə bu səbəblərdən də fundemantal biliklərimiz çox az, ümumi biliklərimiz isə fraqmentaldır. Bir sözlə, əsl kolonializm təcəsüümü...  

Üstəlik, onu da unutmamışam ki, Darvin haqqında ilk eşitdiyim o uzaq sovet illəri dövründə (təxminən 1979-80-ci illər) kitabını oxumadığımız Darvin haqqında ağız ədəbiyyatı üslubunda şayiələr eşidirdim, sonralar isə, təkcə mollalardan və axundlardan deyil, patriotlardan, solçu və sağçılardan, alim və şairlərdən Darvinin ateist olması, insanın meymundan əmələ gəldiyini israr etməsi, xüsusilə də, Allahı birmənalı şəkildə inkar etməsinə dair o qədər fikirlər eşitdim ki, təbiətşünaslıq maraq dairəmə girdi və mən onsuz da itib-batdığım bu heyrətamiz dünyada səsimi çıxarmadan qalıb-batmağa qərar verdim. 

Gəlin, bütün elmi fraqmentçilərimiz kimi Çarlz Darvinin "Növlərin mənşəyi" əsərindən ikicə fraqment verib söhbəti bağlayım (tərcümələr mənimdir, sətri və redaktəsizdir): 

1. "Fikrimcə, dünyanın qədim və hal-hazırda mövcud olan canlı varlıqlarının yaranması və məhv olması bir fərdin doğulduğu və öldüyü ikinci dərəcəli səbəblərin nəticəsi olduğu kimi, Yaradanın materiyanın mahiyyətinə yerləşdirdiyi qanunlar haqqında bildiklərimizə də eynən, çox uyğundur".

2. "Keçmişə nəzər salsaq, əminliklə belə bir nəticəyə gələ bilərik: hal-hazırda mövcud olan heç bir növ, öz çanağını dəyişmədən uzaq gələcəyə ötürülə bilməyəcəkdir. Təbii seçmə yalnız hər bir varlığın yararına olanla və məhz o məqsədlə işlədiyi üçün, fiziki və zehni bütün üstünlüklər də daim mükəmməlliyə meyl edəcəkdir".

P.S. Bəlkə Darvini vaxtında, öz ana dilimdə asanlıqla oxuya bilsəydim, "TikTok"da gördüyüm o balinanın Xəzərdə mövcudluğuna inanmağa o qədər də yaxın olmazdım.

Məqsəd Nur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri