Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, öncə bilmədiyi işlə məşğul olması səbəbindən hadisənin baş verdiyini deyib, zərərçəkmişlərdən üzr istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, binanın ilk mərtəbəsində həm restoran, həm də klinika olub:
“Bütünlükdə obyekt Vüqar Abbasova məxsus idi. Mən klinikanı ayda 25 min manata icarəyə götürmüşdüm. Bizim obyektin yanında restoran, maşın parkı da var idi. Maşın parkında elektrikli maşınlar üçün enerji bloku quraşdırılması lazım idi. Müraciət etdik, quraşdırdılar. Sonra da onun fəsadları nəticəsində hadisə baş verdi”.
Bəhruz Paşayev bildirib ki, hadisə baş verən zaman evdə olub:
"Futbola baxırdım, zəng elədilər ki, yanğın var. Hadisə yerinə gəldim".
Yanğın zamanı vəfat edən azyaşlı Arzu Qəmbərlinin atası vəkil Əli Qəmbərov təqsirləndirilən şəxsə həqiqəti danışmağı məsləhət bilib. Vəkil deyib ki, həqiqəti söyləcəyi təqdirdə onu bağışlayacaq.
Həmçinin Əli Qəmbərov iş üzrə zərərçəkmiş Vüqar Abbasovun ifadəsində ziddiyyət olduğunu bildirib, onun məhkəmədə dindirilməsini istəyib.
Hakim Vüqar Abbasovun iş üzrə zərərçəkmiş kimi tanındığını, dindiriləcəyini bildirib.
Hadisə zamanı vəfat edən Könül Vəlibəyovanın atası ifadəsində onlara yardım edilmədiyini bildirib:
"Qızımı itirmişəm, nəvəm Türkiyədə müalicə alır. Əməliyyatlara 200 min dollar pul gedib. Üçüncü əməliyyata 60 min dollar lazımdır. Onlar 25 min dolları güclə veriblər. Qalan pulu haradan verim?"
Növbəti proses noyabrın 4-də zərərçəkmişlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.
İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.
Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
Baxış sayı:527
Bu xəbər 07 Oktyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















