Bakıda qadın ad günündə içən ərini öldürdü: Bıçağı mən vurmadım, özü girdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Nərgiz Quliyevanın ifadəsi ilə davam edib. N. Quliyeva Natiq Quliyevlə 2016-cı ildə ailə qurduqlarını bildirib:
"Mən Natiqin ikinci həyat yoldaşıyam. Natiq usta idi, təmir işləri görürdü. O bir dəfə ailəli olub, amma uşaqlarının olmaması səbəbindən ayrılmışdılar. İlk vaxtlar çox yaxşı münasibətdə olmuşuq, amma sonra Natiq get-gedə dəyişməyə başladı, çox içirdi. Hər dəfə onunla danışıb yola gətirməyə, bu pis aludəçiliyindən qurtulması üçün çalışırdım, bəsdir, bu yol deyil deyirdim. Söz verirdi, amma bir neçə gün keçirdi yenə eyni olurdu. Həmin gün Natiqin ad günü idi. Mən xadimə-qabyuyan işləyirdim. Hadisə günü işə getmişdim, günorta 2-də qayıtdım gördüm süfrə açıb özünə, atası ilə yeyib- içirlər. Gələn kimi uşağı yedizdirib ikinci mərtəbəyə çıxardım. Pəncərədən baxanda telefonla danışdığını gördüm. Nə danışdı bilmirəm, amma telefondan sonra çıxdı yuxarı, söymədiyi adam qalmadı. Qayınanam aşağı mərtəbədə idi.
Mübahisəmiz haradasa 15 dəqiqə çəkdi. Ona dedim ki, səs salmasın, uşaq təzə xəstəxanadan gəlib, səs-küyə narahat olmasın. Mətbəxdə iş görürdüm. Natiqə dedim ki, bu yaşayış deyil, bezmişəm, uşağımıza da pis təsir edir, əl çəksin bu pis vərdişlərindən, biz də normal ailələr kimi yaşayaq. Natiqə dedim ki, çıx get, sakitləş. Sanki pis nə isə deyirmişəm ki, hər kəlməm ona batırdı. Üstümə şığıyıb saçımdan dartdı, necə gəldi vurmağa başladı məni. Ağlayıb yalvardım ki, məni vurmasın. Geri dönüb onu özümdən uzaqlaşdırmağa çalışanda təkrar üstümə cumdu. Bu zaman necə oldu bilmədim, əlimdəki bıçaq ona girdi. İnanın, mən ona zərbə vurmadım. Natiq yerə yıxıldı, qan onu apardı. Özümü itirdim, səsə gəlmiş oğluma tez qaç, nənəni çağır deyib onu aşağı göndərdim. Qayınanam münasibətimizi, oğlunun davranışlarını, məni döydüyünü bilirdi, amma hər dəfə məni də vurublar, dözmüşəm. Sən də döz, düzələr deyirdi.
Zərərçəkənin hüquqi varisi Gülşən Quliyeva hadisə baş verən gün oğlunun ad günü olduğunu, həyətdə atası ilə yeyib-içməkdə olduğunu bildirib:
"Həyətdə idik, gördüm uşaq qaça-qaça gəldi ki anam atamı bıçaqla vurub, gəl. Tez qaçdım yuxarı, mətbəxə girəndə gördüm hər tərəf qan içindədir. Nərgiz mənə dedi ki, tez həkimə zəng eləyim. Mən həyəcandan nə edəcəyimi bilmədiyim halda düşdüm ki, su gətirim. Geri qayıdanda gördüm Natiq xırıldayır. Təcili yardım gələndə mənə dedi ki, gec zəng etmisiniz, saat yarım qabaq xəbər versəydiniz, əməliyyat edib yaşada bilərdik. Natiq düzdür, söhbətləri olurdu. Amma içib kiməsə xəsarət yetirməyib. Bir dəfə gördüm Nərgiz deyinir. Nə olduğunu soruşanda, Nərgiz Natiq qudurub, divanın yastığını üstümə tulladı dedi. Dedim ər-arvadsınız, olar arada belə zarafatlar. Nərgiz dedi ki yortacam onu.
Məhkəmə növbəti prosesi şahidlərin iştirakının təmin edilməsi üçün 22 yanvar saat 12:00-ə təyin edib.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















