Bakının jesti: Sülh artıq yoldadır, dağılan köhnə oyunlar
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Azərbaycanın Ermənistana neft məhsullarının daşınmasına başlaması rəsmi Bakının Cənubi Qafqazda formalaşdırdığı sülh gündəliyinə sadiqliyinin növbəti və bariz nümunəsidir. Bu addım təkcə iqtisadi xarakter daşımır, eyni zamanda regionda etimadın möhkəmləndirilməsi, qarşılıqlı asılılığın yaradılması və uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm siyasi mesaj kimi dəyərləndirilməlidir.
Rəsmi Bakı açıq şəkildə nümayiş etdirir ki, Ermənistanla münaqişə artıq keçmişdə qalıb. Bölgədə təhlükəsizliyin, birgəyaşayışın, dayanıqlı inkişafın yeganə alternativi sülh və sıx əməkdaşlıqdır. Azərbaycanın son illərdə atdığı ardıcıl və real addımlar bu yanaşmanın sadəcə bəyanat səviyyəsində deyil, praktik siyasətə çevrildiyini təsdiqləyir.
Tranzit və enerji əməkdaşlığı: yeni regional reallıq
Artıq müəyyən müddətdir ki, Azərbaycan ərazisi üzərindən Ermənistan yüklərinin daşınması davamlı xarakter alıb. Bakı Azərbaycan üzərindən Ermənistan üçün Qazaxıstan və Rusiyadan dəmir yolu ilə taxıl daşınmasını təmin edib. Bundan əvvəl, rus qazının Ermənistana nəqlində problemlər yarandığı bir dövrdə Azərbaycanın göstərdiyi konstruktiv mövqe də rəsmi Bakının sülhə hazır olduğunu beynəlxalq ictimaiyyətə açıq mesaj idi.
Bu gün isə həmin xoşməramlı yanaşma yeni mərhələyə qədəm qoyub. Danışıqlarda əldə olunan irəliləyişdən sonra Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi regional əməkdaşlığın artıq konkret nəticələr verdiyini göstərir. Belə ki, 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton 95 oktanlı benzin artıq Ermənistana çatdırılıb.
Paşinyanın açıqlaması və siyasi zəmin
Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi açıqlama da diqqətçəkicidir. O, daşınmanı alqışlayaraq bildirib:
“Bu ticarət özəl şirkətlər arasında aparılır. Lakin Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh bunun üçün lazımi siyasi zəmin yaradıb”.
Bu bəyanat bir daha göstərir ki, iqtisadi əməkdaşlıq üçün əsas şərt siyasi etimad və qarşıdurmadan əməkdaşlığa keçiddir. Məhz Bakı bu siyasi zəmini formalaşdıran əsas aktor kimi çıxış edir.
“Qafqaz Evi” konsepsiyası və Bakının missiyası
Azərbaycan bu jesti ilə beynəlxalq aləmə bölgədə dayanıqlı sülhdə maraqlı olduğunu nümayiş etdirir və sülhün, təhlükəsizliyin real qarantı rolunu üzərinə götürdüyünü təsdiqləyir. Rəsmi Bakının strateji hədəfi region ölkələrinin üçüncü tərəflərin müdaxiləsi olmadan birgə əməkdaşlıq etdiyi, qarşılıqlı etimad və iqtisadi inteqrasiyaya əsaslanan “Qafqaz Evi” modelinin formalaşdırılmasıdır.
Bu yanaşma münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına, düşmənçilik stereotiplərinin tədricən aradan qalxmasına və sülhün geri dönməz xarakter almasına xidmət edir.
Xarici mərkəzlərin narahatlığı və geosiyasi müqavimət
Təbii ki, Bakının bu xoşməramlı və konstruktiv addımları bütün mərkəzlər tərəfindən müsbət qarşılanmır. Onilliklər boyunca Cənubi Qafqazda öz maraqlarını qorumaq və təsir rıçaqlarını saxlamaq üçün Bakı ilə İrəvan arasında düşmənçilik toxumu səpən bəzi xarici güclər bu prosesə qısqanclıqla yanaşırlar.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında üçüncü tərəflərin iştirakı olmadan aparılan sülh danışıqlarında əldə olunan ciddi irəliləyişlər və ilkin sülh sənədinin paraflanması Moskva, Tehran və Avropadakı müəyyən dairələrdə narahatlıq doğurur. Çünki Bakının bölgədə sülhü təmin etmək istiqamətində liderlik missiyasını uğurla həyata keçirməsi bu güclərin regional təsir imkanlarını zəiflədir.
Bütün təzyiqlərə və maneələrə baxmayaraq, Azərbaycan üzərinə götürdüyü sülh missiyasını ardıcıl şəkildə davam etdirir. Ermənistana neft məhsullarının göndərilməsi bu siyasətin simvolik deyil, real və ölçülə bilən nəticələr verdiyini göstərir. Görünən odur ki, rəsmi Bakı Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq və “Qafqaz Evi” ideyasını gerçəkliyə çevirmək əzmində qərarlıdır və bu strateji xəttdən geri çəkilmək niyyətində deyil.
Mürtəza Bünyadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















