Bakının sülh təşəbbüsü BMT nin diqqət mərkəzində Baş Assambleyadakı müzakirələr
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.



Qlobal dünya Azərbaycanı nümunə göstərir
Nyu-Yorkda yerləşən mənzil qərargahda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası vacib açıqlamalar və mühüm bəyanatlarla müşayiət olunmaqdadır. Hazırkı, konfrantasiyalar daha da şiddətləndiyi dövrdə sülh və əməkdaşlığa, eləcə də yeni münasibətlər sisteminə ehtiyac olması bütün konturlar üzrə ortadadır. Qeyd edək ki, tədbir çərçivəsində dünyanın bir sıra aparıcı siyasət adamlarının, dövlət və hökumət başçılarının verdiyi açıqlamalarda da bu durumdan çıxış yolları araşdırılıb.
İnsanlar daha yaxşı bir sistem axtarışındadırlar
Yüksəksəviyyəli debatlardakı çıxışında BMT Baş katibi Antonio Quterreş bildirib ki, biz amansız insan əzabları dövrünə qədəm qoymuşuq. BMT prinsiplərinin mühasirədə olduğunu vurğulayan Baş katib deyib ki, cəzasızlıq və bərabərsizliyin ağırlığı altında sülhün əsas prinsipləri dağılır: “Dünyanın hər yerində insanlar daha yaxşı bir sistem axtarışındadırlar. Bu səbəbdən bir seçim etmək məcburiyyətindəyik. İnsan haqları və qlobal ədalət axtarışında olmalıyıq. Gələcək xəyalını qurduğumuz gələcək olmalıdır”.
Quterreş qeyd edib ki, artıq üç ilə yaxındır Qəzzada dəhşət davam edir: “Bunlar bəşəriyyətə meydan oxuyan qərarların nəticəsidir. Mən daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm. Qəzza sakinləri insan haqlarından məhrum olaraq yaşayırlar. Razılaşmalarımız tam şəkildə həyata keçirilməlidir”.
BMT Baş katibi münaqişə və konfrantasiyaların həlli istiqamətində ən vacib presedentlərdən sayılan Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir. “Hər yerdə - Haitidən Yəmənə, Myanmaya, Sahelə və onun hüdudlarından kənarda - biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Ötən il bizə ümid işartıları gətirdi: məsələn, Kamboca və Tailand arasında atəşkəs və ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş. Ancaq çox sayda böhran yenə də nəzarətsiz qalır”, - baş katib vurğulayıb.
Tramp: Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim
Sessiyanın gedişində maraqla və diqqətlə izlənən çıxışlardan biri də ABŞ Prezidentinin söylədiyi fikirlər oldu. Belə ki, çıxışında Donald Tramp BMT-ni dünyadakı münaqişələrin həlli məsələsində fəaliyyətsizlikdə ittiham edib. Tramp bildirib ki, təşkilatın “nəhəng potensialı var, amma o, bunu həyata keçirməyə yaxın belə deyil”. O, bəyan edib ki, ikinci prezidentlik müddətinin yeddi ayı ərzində Azərbaycan və Ermənistan arasındakı qarşıdurma da daxil olmaqla yeddi münaqişəni həll edə bilib. “Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişələrdən gedir”, - Tramp qeyd edib. ABŞ Prezidenti qeyd edib ki, BMT bu məsələdə heç bir köməklik göstərməyib.
Tramp xatırladıb ki, ilk prezidentlik dönəmində yaratdığı sabitlik indi dağılıb və yerini böyük böhranlara verib: “Son dəfə bu zalda dayanıb çıxış etdiyimdən altı il ötür. Həmin vaxt dünya firavan və dinc idi. Mənim yaratdığım sülh iki qitədə dağıldı, sakitlik və sabitlik dövrü isə tariximizin ən böyük böhranlarından biri ilə əvəzləndi”. Tram vurğulayıb ki, bir il əvvəl ölkəmiz böyük bəla içərisində idi. Mənim rəhbərliyimlə cəmi səkkiz aydır dünyanın ən güclü ölkəsiyik. “Amerika yer üzündə ən güclü iqtisadiyyata, ən güclü sərhədlərə, ən güclü orduya, ən güclü dostluğa və ən güclü ruha malikdir Bu, həqiqətən də Amerikanın qızıl dövrüdür. Amerika iqtisadiyyatını sürətlə dəyişdik”, - deyə Tramp bildirib. ABŞ dövlət başçısı nüvəsizləşdirməyə və bioloji silahların tədqiqinin və inkişafının dayandırılmasına da çağırış edib. O, Ukraynadakı müharibənin hələ də davam etməsindən təəssüfləndiyini bildirib. Yaxın və Orta Şərqlə bağlı məsələyə gəldikdə isə, Tramp Fələstin dövlətini tanımaq qərarını HƏMAS-ın İsrailə hücumu da daxil olmaqla, törətdiyi vəhşiliklərə görə mükafatlandırılması adlandırıb. O, təəssüflə bildirib ki, HƏMAS sülhə dair ağlabatan təklifləri dəfələrlə rədd edib. Tramp, həmçinin HƏMAS-ı bütün girovları azad etməyə çağırıb. Tramp, həmçinin Avropa ölkələrini miqrasiya böhranını həll edə bilmədikləri üçün tənqid edib - bildirib ki, Avropa ölkələrində miqrantlar tərəfindən törədilən cinayətlər artmaqda davam edir. Eyni zamanda, o, Vaşinqtonun bu problemin həllini tapdığını da vurğulayıb.
Türkiyədən təbrik...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından etdiyi çıxışı da qlobal mühitdə maraqla qarşılanıb. Türkiyə lideri Yaxın və Orta Şərqə diqqət çəkərək bildirib ki, bu gün qəzzalı məzlumlar üçün səsimizi yüksəltdiyimiz kimi, 13 il də bu kürsüdən suriyalıların fəryadlarına diqqət çəkdik. Ərdoğan ötən ilin dekabrında Suriyada baş verən çevrilişə toxunub, Suriyanın o tarixdən etibarən yeni dönəmin qapılarını açdığını deyib. Fələstinə gəldikdə isə, Ərdoğan deyib ki, insanlıq tarixi son bir əsrdə belə vəhşilik görməyib. “Hər şey gözümüzün önündə olur. Soyqırımı dünya mediası və sosial media vasitəsilə yayılır. Qəzzada insanlara yardım üçün qaçan 500 nəfər öldürülüb. Bunların 326-sı BMT təmsilçisidir. Qəzzada müharibə yoxdur, burada iki tərəfdən söhbət gedə bilməz. Bir tərəfdə bioloji silahlarla silahlanmış ordu, digər tərəfdə məsum insanlar, uşaqlardır. Bu, terrorla mübarizə deyil”, - deyə Türkiyə Prezidenti əlavə edib.
Türkiyə Prezidenti ölkəsinin Rusiya ilə Ukrayna arasında İstanbul prosesinə ev sahibliyi etdiyini də vurğulayıb. O bildirib ki, Türkiyə iki ölkə arasında birbaşa görüşlər sayəsində çoxsaylı əsir və nəşin mübadiləsinə vasitəçilik edib. “Hazırda sülh müzakirələrinin variantlarını müəyyən etməyə çalışırıq. Müharibənin qazananı, ədalətli sülhün itirəni olmaz. Gələcək dönəmdə də atəşkəs üçün səy göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti həm də beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa və onun uzunmüddətli təcridinə son qoymağa çağırıb: “Biz Aralıq dənizində konstruktiv əməkdaşlığa hazırıq və qonşularımızdan da eyni gözləyirik. Türkiyə və ŞKTR-i istisna edən hər hansı layihə Şərqi Aralıq dənizində uğursuzluğa məhkumdur”.
Qardaş ölkənin başçısı Ermənistan-Azərbaycan sülh prosesinə də toxunub. O Ermənistan-Azərbaycan arasında illərlə davam edən münaqişə ilə bağlı tərəflərə mövqelərini aydın şəkildə bildirdiklərini qeyd edib. “Avqustun 8-i ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan dayanıqlı sülh sazişini yüksək qiymətləndiririk. Bu münasibətlə bir daha buradan Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm”. R.T.Ərdoğan deyib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.
Mərkəzi Asiya alqışlayır...
Baş Assambleya çərçivəsində edilən çıxışlarda Azərbaycanın regionda yaratdığı yeni reallıqlar da diqqət mərkəzində olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində ölkəsinin ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışladığını önə çəkib. Onun sözlərinə görə, bu, “köhnəlmiş münaqişələrin” diplomatiya yolu ilə həll edilə biləcəyini sübut edir. “Bu prinsipə əsaslanaraq, Qazaxıstan həmişə eskalasiya əvəzinə, diplomatiya və güc yerinə, dialoq tərəfdarıdır”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də rəsmi Daşkəndin müasir çağırışlar və təhdidlərə qarşı daha effektiv mübarizəyə imkan verməsi baxımından BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini dəstəklədiyini deyib. “Biz Baş katib Antoniu Quterreşin BMT-ni mürəkkəb və kəskin qlobal məsələlər üzrə kompromis qərarların əldə edilməsi üçün əsas platforma kimi qorumaq səylərini yüksək qiymətləndiririk. Müasir çağırış və təhdidlərlə daha səmərəli mübarizə aparmaq, inkişaf etməkdə olan dövlətlərin maraqlarını qorumaq məqsədilə BMT Təhlükəsizlik Şurasının tərkibinin transformasiyası və genişləndirilməsini də dəstəkləyirik”, - deyə Ş. Mirziyoyev bildirib.
Aİ-dən qərar...
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra fikirlərini bölüşüb - deyib ki, Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər Rusiya enerji resurslarının alınmasından birdəfəlik imtina etməyi planlaşdırır. “2027-ci ilə qədər Avropa Rusiyanın enerji təchizatı ilə bağlı səhifəni həmişəlik çevirəcək”.
Siyasətçi əlavə edib ki, Aİ və ABŞ Rusiyanın qalıq yanacaq gəlirlərini tez bir zamanda kəsmək” barədə razılığa gəlib. Onun sözlərinə görə, tərəflər Estoniya və Polşadakı son hadisələri də müzakirə ediblər.
P.İSMAYILOV

