Bayırşəhər AYAĞA QALXDI… Bakını Yasamal İH məhv edir Açıqlama,Foto
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Şəhər İcra Hakimiyyəti Prezident İlham Əliyevin sərəncamı ilə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Bakının yeni Baş Planına zidd olaraq özbaşına iş aparır, Bakının tarixi məhəllələrini, bina və abidələrini məhv edirlər.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Bayırşəhərdə aparılan işlərə, tarixi abidələrin sökülməsinə etiraz edən memar Dilqəm İsmayılov yazıb. O bildirib ki, hazırda Bakıda memarlıq tarix soyqırımı baş verir:

“Bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Bakının yeni Baş Planına (Bakı-2040) zidd olaraq, Baş plana əsasən Xüsusi Mühafizə Zonasının (425 ha) tərkib hissəsi olan, Bakının tarixi məhəllərinin, tarixinin soyqırımı baş verir! Bu işin başında da, Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Təftiş Şöbəsinin müdürü Zülfəli İsmayılov dayanıb. Hansı ki, 18 ildir Bakıya, Bakının tarixi abidələrinə, Azərbaycanın tarixinə, paytaxtımızın tarixi simasına qənim kəsilib!
Necə olur axı, necə olur ki, kimdən əmr alırlar ki, baş plana zidd olaraq, Bakının tarixi, bu xalqın, bu ölkənin memarlıq siması hansısa ağzının danışığını bilməyən biri, Prezidentin təsdiqlədiyi baş plana zidd olaraq nə istəyir onu da edir? Kim ona bu səlahiyyəti verib?
Ey dövlət və hökümət qurumları, vətəndaşlar, dostlar yoldaşlar, bura 30 ildir işğalda olan, Şuşa, Ağdam, Fizuli deyil, bura 2025-ci il, Bakının düz mərkəzidir, Bakının tarixi məhəlləridir! Bunu törədənlər özləri də, bu dövlətin, bu xalqın düşmənləri deyilmi? Kim bunlara dur deyəcək?
Tarixi abidələri, tarixi məhəlləri bir daha geri qaytara bilməyəcəyik, nə qədər ki, buna dur demək olar, yalvarıram bir memar kimi, Bakıya aşiq bir sakin kimi, xahiş edirəm, biri bunlara artıq dur desin! Bu qədər də bu şəhərə qənim kəsilmək olmaz! Nədir bu nifrətin səbəbi, bu xalqın, bu ölkənin, bu şəhərin tarixinə qarşı?”.

Narazılıq doğuran söküntü işi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Tribunainfo.az-a bildirildi ki, söküntü işləri ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur.
Bakı Şəhər İcra Hakimiyyətindən isə söküntünü Yasamal rayon İcra Hakimiyyətinin apardığı bildirildi. BŞİH-dən əlavə olaraq qeyd edildi ki, sakinləri Memarlıq Baş İdarəsi köçürür.
Söküntünün narazılıq yaratdığını nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Lakin İH-dən zənglərimizə cavab verən olmadı.
Gülşən Rəsul






