BDU nun Hüquq Klinikası fəaliyyətini genişləndirir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası fəaliyyətini genişləndirir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin hüquqşünas alimlərinin rəhbərliyi ilə fakültənin fəal tələbələrindən təşkil olunan klinikanın əsas məqsədi aztəminatlı ailələrə, eləcə də kibercinayətlərın və kiberistismarın qurbanı olmuş şəxslərə ödənişsiz hüquqi yardım göstərməkdir.
Müraciət edənlərə həm hüquqi məsləhətlər paketi təqdim olunur, həm də zərərçəkmişlərin hüquqlarınn müdafiəsi istiqamətində praktik dəstək göstərilir. Müasir dövrün tələblərinə uyğun olaraq Hüquq Klinikası onlayn konsultasiya xidmətləri təşkil edir. Müraciətlər onlayn qəbul olunur.
Bununla yanaşı, klinika gənclər, tələbələr və ictimaiyyət üçün maarifləndirici təlim, seminar və praktik məşğələlər keçirir. Bu tədbirlər çərçivəsində rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması, hüquqi müdafiə mexanizmləri, kibertəhlükəsizlik və insan hüquqlarının qorunması mövzuları öyrədilir. Klinika xarici universitetlərin aidiyyəti strukturları ilə də əməkdaşlıq məsələlərini əsas hədəf kimi müəyyən edib.
Hüquq Klinikası, həmçinin əhalinin hüquqi savadlılığını artırmaq, hüquq mədəniyyətini formalaşdırmaq və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədilə ictimai maarifləndirmə kampaniyaları, tədbirlər və sosial layihələr həyata keçirir.


