Berlin görüşü yeni siyasi durumun müjdəsi oldu
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
“Qoca qitə”nin təhlükəsizliyində Azərbaycanın xüsusi yeri
Avropanın aparıcı dövlətləri və beynəlxalq institutları rəsmi Bakının regional güc mərkəzi kimi artan geostrateji mövqeyini artıq açıq müstəvidə qəbul edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri Qərb diplomatiyasının diqqət mərkəzində yer alaraq, qitənin siyasi gələcəyini müəyyən edən amillərdən biri hesab edilir. Berlin danışıqları nümayiş etdirdi ki, Qərbin Azərbaycanın geosiyasi çəkisini təsdiqləməsinin arxasında məhz rəsmi Bakının uzun illər ərzində davamlı olaraq irəli sürdüyü etibarlı enerji strategiyası dayanır.
Bu uzaqgörən yanaşma nəticəsində enerji sektorunda qazanılan böyük etimad artıq siyasi və qlobal təhlükəsizlik əməkdaşlığına transformasiya olunur. Almaniya Kansleri Fridrix Mertsin rəsmi Berlinin strateji prioritetlərində Azərbaycanın çox mühüm yer tutduğunu bəyan etməsi beynəlxalq media tərəfindən xüsusilə vurğulanıb. Mövcud yanaşma Almaniyanın, eyni zamanda, ümumilikdə qitənin cənub hüdudlarının, əlaqəli geostrateji infrastrukturların toxunulmazlığı nöqteyi-nəzərindən həlledici xarakter daşıyır. Diplomatiyada formalaşan belə nadir siyasi etimad modeli müxtəlif dövlətlərin xarici kursunu Azərbaycanın maraqları ilə uzlaşdırmağa məcbur edir.
Strateji dialoq məsələləri Azərbaycan və Almaniya arasında tərəfdaşlığın gündəliyinə dair sənədlərdə xüsusi siyasi bölmə kimi əks olunur. Tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın davam etdirilməsi niyyəti siyasi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prosesin yalnız politoloji təhlilinə diqqət yetirdikdə, aydınlaşır ki, məsələ, sadəcə, ikitərəfli danışıqlarla məhdudlaşmır. Avropanın ayrı-ayrı güc mərkəzlərinin rəsmi Bakı ilə yaxınlaşması bütövlükdə qitənin təhlükəsizlik memarlığının yenidən qurulmasına xidmət göstərir. Diplomatik sənədlərdə ifadə olunan müddəalar gələcək siyasi strategiyaların hansı istiqamətdə cərəyan edəcəyini əvvəlcədən müəyyənləşdirir, həmçinin mövcud geosiyasi tarazlığı qətiyyətlə mühafizə edir. Qərb paytaxtları ilə əldə edilən strateji uzlaşma Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində diktə edən tərəf statusunu qorumasını təmin edir. Yaranan siyasi konfiqurasiya fonunda Avropanın rəsmi təsisatları Cənubi Qafqazdakı sabitliyin yalnız Azərbaycanın mütləq iştirakı ilə mümkün olacağını bəyan edirlər.
Qərb diplomatik korpusunun Azərbaycanla qurduğu əlaqələrin intensivliyi, eyni zamanda, dövlətin formalaşdırdığı çoxvektorlu balans siyasətinin uğurudur. Beynəlxalq sistemdə baş verən böhranlar fonunda rəsmi Bakı regional gərginliklərdən məharətlə yayınaraq, respublikanın təhlükəsizlik arxitekturasını daim gücləndirir. Avropa İttifaqı qitədəki enerji qıtlığının yaratdığı siyasi sarsıntıları məhz Azərbaycan hökumətinin etibarlı, eyni zamanda, dəqiq hesablanmış addımları hesabına amortizasiya edir. Tərəfdaş ölkələrin Bakının siyasi modelinə etimadı göstərir ki, kənar dövlətlərin regionda tətbiq etmək istədikləri təzyiq mexanizmləri sıradan çıxıb. Əksər aparıcı beynəlxalq beyin mərkəzləri müasir mərhələdə Bakının nümayiş etdirdiyi geostrateji iradəni Şərqi Avropa və Qafqaz siyasi teatrının mərkəzi oxu kimi dəyərləndirirlər.
Mövcud prosesləri yalnız Aİ institutları ilə Azərbaycanın yaxınlaşması kimi qiymətləndirmək tam mənzərəni yaratmır. Həm Brüssellə Bakı arasında münasibətlərin institusional inkişafı, həm də ayrı-ayrı qitə dövlətlərinin Azərbaycanla siyasi əməkdaşlığı paralel şəkildə genişləndirməsi xüsusi əhəmiyyət daşıyır. Cari ildə Aİ institutlarının rəhbərlərinin və Avropa dövlət başçılarının Azərbaycana həyata keçirdikləri çoxsaylı səfərlər bu geostrateji reallığın əyani təsdiqidir. Qərb ölkələrinin Bakı istiqamətində artan diplomatik fəallığı qeyd olunan dövrdən etibarən qabarıq şəkildə nəzərə çarpmağa başladı. Davos və Münxen beynəlxalq platformalarında Azərbaycan rəhbərliyi Avropa ölkələrinin siyasi liderləri, eləcə də qlobal aparıcı qərar qəbuledici dairələrin nümayəndələri ilə olduqca vacib təmaslar qurdu. Həmin görüşlərin ardınca Avropanın yüksək vəzifəli siyasi nümayəndələrinin rəsmi Bakıya ardıcıl səfərləri müşahidə olundu.
Haqqında danışılan diplomatik fəaliyyətə mart ayında Aİ Şurasının Prezidenti Antoniu Koştanın Bakıya səfəri fərqli dinamika qazandırdı. Koşta xüsusi olaraq bildirdi ki, rəsmi Brüsselin təhlükəsizlik strategiyasının şaxələndirilməsi barədə qəbul etdiyi qərarların icrasında Azərbaycan həlledici mərkəz qismində çıxış edir. Aİ Şurasının rəhbəri əldə olunan nəticələrin aydın göründüyünü vurğulayaraq, hazırda İttifaq ilə rəsmi Bakı arasında daha sıx siyasi əməkdaşlığı nəzərdə tutan fərqli çərçivə sənədi üzərində iş aparıldığını elan etdi, tərəflərin gələcəyə dair ortaq geostrateji baxışı bölüşdükləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Həmçinin Bakı və Brüssel arasında formalaşan etimad mühitinin kənar təsirlərdən tamamilə qorunduğu, qarşılıqlı hörmətə əsaslandığı açıq şəkildə təsdiqləndi.
Aprel ayı isə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana strateji səfəri ilə yadda qaldı. Latviya dövlət başçısı ölkəmizin beynəlxalq nəqliyyat və kommunikasiya sektorları baxımından Aİ üçün əvəzedilməz təhlükəsizlik zəmanəti daşıdığını bəyan etdi. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan rəhbərliyinə sarsılmaz tərəfdaşlığa görə təşəkkür edərək bildirdi ki, çətin və mürəkkəb siyasi şəraitdə rəsmi Kiyev daimi olaraq mühüm humanitar yardım paketləri alıb. Ukrayna lideri müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstəyə görə xüsusi minnətdarlığını ifadə etdi. Digər tərəfdən, Çexiyanın Baş naziri Andrey Babiş də analoji mövqedən çıxış edərək, indiki tarixi mərhələdə Avropanın təhlükəsizlik ehtiyaclarının kəskin artdığını, məhz həmin fonda rəsmi Bakının əsas təminatçı qismində iştirak etdiyini diqqətə çatdırdı.
May ayında Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da rəsmi bəyanatlarında Azərbaycanı qitənin ən mühüm və əvəzolunmaz siyasi tərəfdaşı adlandırdı. Həmin ərəfələrdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın strateji coğrafi mövqeyini artan siyasi nüfuzu ilə olduqca uğurla uzlaşdırdığını qeyd etdi. Avropa diplomatlarının ardınca Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın çox vacib regional dövlət, Mərkəzi Avrasiyada sabitliyin təminatçısı, həmçinin qlobal logistika marşrutlarının əsas mərkəzi olduğunu xüsusilə vurğuladı. Siyasi, strateji, həmçinin regional təhlükəsizlik ehtiyaclarının ödənilməsi baxımından Azərbaycanın hazırda beynəlxalq diqqət mərkəzində yer alması tamamilə məntiqi geosiyasi nəticə kimi dəyərləndirilməlidir. Məhz sadalanan ardıcıl səfərlər və bəyanatlar ölkənin beynəlxalq nüfuzunun şübhə doğurmadığını təsdiqləyir.
Avropa siyasi elitasının Bakı ilə strateji dialoqu intensivləşdirməsi ötəri konyunktur maraqlardan qaynaqlanmır. Haqqında danışılan proses Azərbaycanın nümayiş etdirdiyi prinsipial, suveren və dəqiq proqnozlaşdırılan xarici siyasət kursunun qanunauyğun, məntiqi nəticəsidir. Berlin səfəri, həmçinin xronoloji ardıcıllıqla baş tutan yüksək səviyyəli diplomatik təmaslar Avropanın Azərbaycanın real geosiyasi çəkisini, eləcə də şəksiz regional lideriliyini etiraf etdiyini göstərir. Rəsmi Bakı beynəlxalq arenada passiv, kənardan prosesləri izləyən ölkə kimi mövqe tutmur. Əksinə, ölkə qlobal miqyaslı qərarların qəbuluna, mürəkkəb regional sabitliyin tənzimlənməsinə bilavasitə həlledici təsir göstərən fəal, xarici təzyiqləri uğurla dəf edə bilən güclü geosiyasi dövlətdir.
Yusif ŞƏRİFZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 25 İyul 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















