Bir dəfə yüksələn bayrağın yenidən ucaldığı gün
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35 ili tamam oldu. Azərbaycan xalqı bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyət və məzmununun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının 15 oktyabr 2021-ci il tarixli qanununa əsasən, 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin müstəqillik, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günləri kimi təsbit olunması Azərbaycanın dövlət müstəqilliyinin məhz 1918-ci ildə bərqərar olması tarixinə əsaslanır.
Tarix isə sübut edir ki, müstəqilliyi, suverenliyi qoruyub saxlamaq onun qazanılmasından qat-qat çətindir. Tale elə gətirib ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı əldə edib.
Təəssüf ki, birinci dəfə bərpa etdiyimiz dövlətimiz – Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, xarici müdaxilə, daxili çəkişmələr, beynəlxalq dəstəyin olmaması səbəbindən 1920-ci il 27 apreldə bolşevik Rusiyası ölkəmizi yenidən işğal edib. İkinci tarixi imkan isə 70 illlik kommunist rejiminin hökm etdiyi sovet imperiyasının dağılması ilə yarandı.
Ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyimizin ikinci dəfə bərpa edilməsinin tarixi önəmi və bu misilsiz nailiyyətin ümumxalq məsuliyyəti barədə demişdi: Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir. XX əsrin sonunda, 70 ildən sonra yaranan tarixi şərait, sovet imperiyasının dağılması Azərbaycan xalqına öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi.
İtirilmiş müstəqilliyimizin bərpasına aparan yolda ilk addım 1991-ci il avqustun 30-da atıldı. Həmin gün Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi.
Oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına görə: Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir; SSRİ-nin Azərbaycan ərazisindəki mülkiyyəti Azərbaycanın mülkiyyətidir; siyasi hakimiyyət xalqa məxsusdur və s. Beləliklə, Azərbaycanın və xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələ başladı.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və biz bu nailiyyəti dövlət müstəqilliyimizi qoruyub saxlayacağıq”. Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi – referendum keçirildi. Referendum bülleteninə bir cümlə yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Səsvermə hüququ olanların 95 faizindən çoxu referendumda iştirak etdi. Xalqımız yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1993-cü ilin birinci yarısında siyasi və iqtisadi böhran getdikcə dərinləşirdi. Belə bir şəraitdə Azərbaycanı siyasi böhrandan, yaranmış ağır vəziyyətdən çıxarmağa və dövlətçiliyimizi labüd məhvdən xilas etməyə qadir olan yeganə böyük şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev idi. 1990-cı ilin sentyabrında Heydər Əliyev Naxçıvan Ali Məclisinin və Azərbaycan parlamentinin deputatı kimi siyasi fəaliyyətini davam etdirirdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sədri seçildi.
1993-cü il 4 iyun Gəncədə baş vermiş hərbi-siyasi qarşıdurma yatırmaqda və siyasi böhranı aradan qaldırmaqda aciz qalan Xalq Cəbhəsinin rəhbərliyi respublikadakı siyasi proseslərin çox təhlükəli həddə çatdığını dərk edərək kömək üçün Hеydər Əliyevə müraciət etmişdi. Xalqın tələbi və Prezident Əbülfəz Əliyevin dəvəti ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev ölkəni yaranmış ağır siyasi böhrandan xilas etmək üçün mühüm addımlar atdı.
Dahi şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyev ilk növbədə iyunun 13-14-də Gəncə şəhərində oldu və hərbçilərlə danışıqlar apararaq siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi. Gəncədən Bakıya qayıtdıqdan sonra Heydər Əliyev Milli Məclisdə məsələnin nə yerdə olduğu və həlli yolları barədə məlumat verdi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi.
Beləliklə, Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başladı. 1993-cü il iyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyev səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və seçkilərdən sonra bütün əsas diqqəti iqtisadi-siyasi böhranın aradan qaldırılmasına və ölkədə sabitliyin təmin edilməsinə və ordu quruculuğuna yönəltdi.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu qurur hissi ilə bəyan edəcəkdir”.
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993–2003-cü illər) müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının getdikcə möhkəmləndirilməsinə, iqtisadiyyatın dinamik inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına, vətəndaş birliyinin, həmrəyliyinin, sabitliyin qorunub saxlanmasına, müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsinə, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılmasına, demokratik hüquqi və dünyəvi dövlət quruculuğuna xüsusi diqqət yetirilmişdir.
Qısa zaman ərzində Ermənistan–Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, ordu quruculuğu sürətləndirildi və paralel olaraq ölkə iqtisadiyyatında böhran vəziyyəti, geriləmə aradan qaldırıldı, dinamik inkişaf təmin edildi.Görkəmli dövlət xadimi, böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünya inteqrasiyasında iştirakını təmin etmək üçün ən sanballı mənbə neft amili ola bilər.
1994-cü ilin sentyabrında uzun və qızğın müzakirələrdən sonra “Əsrin müqaviləsi” imzalandı. Eyni zamanda, Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edən yeni iqtisadi sistemin qurulması, aqrar islahatların, özəlləşdirmənin aparılması, sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazası yaradıldı.
Ulu öndərin siyasətinin ən sadiq davamçısı, “ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək siyasi varis elan etdiyi Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Ulu öndərin ən layiqli davamçısı, müasir tipli yeni siyasi lider İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində seçicilərin böyük çoxluğunun etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
2003-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycanın yeni lideri Prezident İlham Əliyev siyasi və dövlətçilik ənənələrinə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda vətəndaş cəmiyyətin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir.
2020-ci ilin 27 sentyabr – 10 noyabrında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Vətən müharibəsindən, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildikdən sonra ölkəmizin yeni inkişaf mərhələsində və dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi illər və günlər keyfiyyətcə yeni məzmun qazanmışdır.
İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor
Baxış sayı:67
Bu xəbər 20 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















