“Bir uşaq, bir kitab, bir gerçək dünya”
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
XII Bakı Beynəlxalq Kitab Sərgisi bu çağırışla keçiriləcək
Kitab insanı özünə, cəmiyyətə və dünyaya bağlayan mənəvi körpüdür. Bu körpünün möhkəmliyi isə yalnız nəşr olunan əsərlərin sayı ilə deyil, onların oxucuya çatdırılması, müəlliflərin tanıdılması və ədəbiyyatın ictimai həyatdakı yeri ilə ölçülür. Bu baxımdan, beynəlxalq kitab sərgiləri nəşriyyatların və müəlliflərin görüş məkanı olmaqla yanaşı, milli ədəbiyyatın dünyaya açılması üçün də mühüm imkanlar yaradır.
XII Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq çərçivəsində keçirilən mətbuat konfransında diqqət mərkəzində dayanan əsas məsələlərdən biri Azərbaycan ədəbiyyatının təbliği, gənc müəlliflərin dəstəklənməsi və oxucu ilə kitab arasında əlaqələrin genişləndirilməsi oldu.
Mədəniyyət Nazirliyi Media ilə iş sektorunun əməkdaşı Rəvanə Abdullayeva qeyd etdi ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 148 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə bildirdi ki, Mədəniyyət Nazirliyi kitab sahəsində kitab mükafatı və təqdimat proqramı üzərində işləyir. Onun sözlərinə görə, təşəbbüsün cari ildə elan edilməsi maliyyə məsələləri ilə bağlı mümkün olmasa da, proqramın gələn il ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Şöbə müdiri vurğuladı ki, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə, dünya ədəbiyyatının isə Azərbaycanda tanıdılması qarşılıqlı əlaqələrin inkişafını tələb edir. Bu baxımdan XII Bakı Beynəlxalq Kitab Sərgisi geniş əməkdaşlıq imkanları yaradan platforma kimi diqqət çəkir. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilmiş builki sərgidə məqsəd gələcək nəsillərin müasir texnologiyalarla yanaşı, ənənəvi üsullarla da kitaba yaxınlaşmasını, gerçək dünyanın gözəlliklərini, hiss və duyğularını yaşamasını təşviq etməkdir.
Şöbə müdirinin verdiyi məlumata görə, təqdimat zallarında və nəşriyyatların stendlərində keçiriləcək tədbirlərin sayı isə 300-ü ötəcək. Gənc yazarların tanıdılması yalnız kitabın nəşri ilə yekunlaşmır. Bu məqsədlə Yaradıcılıq Mərkəzində müəlliflərin kitab agentləri və nəşriyyatlarla görüşlərinin təşkili planlaşdırılır.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu ədəbiyyatın milli-mədəni siyasətdəki rolundan söz açaraq dedi ki, ədəbiyyatın məktəbəqədər təhsil müəssisələrindən universitetlərədək təbliği milli yaddaşın qorunmasına, eyni zamanda, gənc yazarların tanınmasına zəmin yarada bilər. Belə bir mühitdə oxucunun seçimində sensasiya deyil, ədəbi dəyər ön plana çıxar. Yazıçının tanınmasını təmin edən əsas meyar isə istedaddır.
Konfransın sonunda jurnalistlərin sualları cavablandırıldı. Redaksiyamızın belə bir sualı da səsləndirildi:
– Niyə ölkədə ədəbiyyat hadisəsi baş vermir? Heç kim danışmır, mübahisə etmir, tənqid yazmır. Halbuki ədəbi hadisə o zaman baş verir ki, kitab nəşr olunanda cəmiyyətdə müzakirələrə səbəb olur, həm müsbət, həm də mənfi reaksiyalar doğurur, tənqidçilər məqalələr yazır, televiziya müzakirələri keçirilir, əsər başqa yazarlara təsir göstərir və illər sonra da yadda qalır. Məsələn, Anarın “Ağ liman” əsəri nəşr olunanda ədəbi hadisəyə çevrilmişdi. Bu gün isə ədəbi klublar, sanki, əvvəlki fəallığını itirib.
Bu sualı cavablandıran Vasif Qurbanzadə Azərbaycanda ədəbi hadisələrin yaranması üçün çalışdıqlarını söylədi:
– Azərbaycan qədimdən dünya ədəbiyyatının xəzinəsinə sanballı nümunələr bəxş edən, kifayət qədər istedadlı müəlliflər yetişdirən ölkədir. Bu gün də ədəbiyyat yaranır, lakin əsərlərin lazımi səviyyədə təqdimatı mümkün olmur. Bunu müəlliflərin, kitab agentliklərinin və nəşriyyatların bu sahədəki imkanlarının məhdudluğu ilə əlaqələndiririk.
Bildiyiniz kimi, hər il keçirilən nəşrlərin satın alınması müsabiqəsi çərçivəsində seçilən əsərlər Mədəniyyət Nazirliyinin dəstəyi ilə kitabxanalara verilir. Bu mexanizm müəlliflərlə oxucular arasında körpü rolunu oynayır. Eyni zamanda, müəlliflərlə nəşriyyatlar arasında münasibətlərin sağlam müstəvidə qurulması da önəmlidir.
Yaradıcılıq studiyalarının fəaliyyətə başlamasından sonra gənc müəlliflərin kitablarının satın alınması və təbliği istiqamətində də tədbirlər görüləcək, bu sahədə əsaslı addımlar atılacaq.
Fidan ƏLİYEVA,
Rauf İBRAHİMOV (foto)
XQ
Baxış sayı:63
Bu xəbər 20 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















