Icma.az
close
up
RU
Biz Allahın yaradıcı tənhalığının meyvələriyik

Biz Allahın yaradıcı tənhalığının meyvələriyik

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə söhbət

- "Göyün cazibə qüvvəsi" adlı yeni kitabınız çapdan çıxıb. Sabah, yəni mayın 27-də bu yeni kitabınızın təqdimat mərasimi olacaq. Çox adam çağırmısınız?

- Deyəsən, hə, çox. Real və virtual dostluğumda kim varsa, demək olar, hamısını çağırmışam. Sosial şəbəkədə paylaşım bu deməkdir axı.

- Paylaşım demişkən, statusunuzda yazmısınız ki, "ürəyimizə sığdırdığımız insanların hamısını bir zala sığışdırmaq olmur". Hamı gəlsə, bəs necə olacaq?

- “Dost gəlişi bayram olar” deyiblər. Təki hamı gəlsin, qalxıb yerimizi verərik.

- Amma bir yazınızda belə yazmışdınız: “Həyatımızı adamlarla o qədər doldururuq ki, özümüzə yaşamağa yer qalmır”.

- Kitaba son söz əvəzində bu fikri açmışam. Biz yaradıcı adamlarıq, istəsək də, istəməsək də, çox insanın həyatına toxunuş edirik. Öz həyatımızda çox insanın ömrünü yaşayırıq, dərdlərini çəkirik. Bu, reallıqdır. Qaçmaq olmur. Bu, bizim taleyimizdir.

- Bəs başqa tale seçə bilməzdiniz?

- Məncə, bu tale bizi seçir, biz onu yox.

- Peşman deyilsiniz ki?

- Təbii ki, peşman deyiləm. Bir də həyat, zaman elə keçdi, hadisələr bir-birini elə sürətlə əvəz etdi ki, bu burulğanın içində nəyəsə görə peşman olmağa vaxt da yox idi. Amma heç, doğrusu, peşman olacaq bir şey də yoxdur axı. Mən yazmaqdan başqa heç nə bacarmıram. Onu da az-maz. Düzdür, cavanlıqda bir ara hərbçi olmaq da istəmişdim. Ancaq bu istək qısa çəkdi.

- Sizi hərbçi kimi təsəvvür edə bilmədim.

- Elədir. Yazıçı dostumuz İlqar Rəsul da bir dəfə mənə dedi: “Siz sülh adamısınız”. Mən də inandım. Amma sülh adamı olanda da, adam dinc durmur; özü ilə döyüşür. Elə İlqar Rəsulun “Getmə...” romanındakı “Həmid” obrazı kimi. O da dinc adam idi, amma həyatda başına gəlməyən qalmadı. Onun bütün həyatı getməkdən ibarətdir. Bu getməklərlə bağlı mənim “Fotogenom...” adlı essemdə belə bir fikir var: “Qalmaq üçün adamın heç bir səbəbi qalmayanda, getməkdən ötrü ürəyi gedir”...

- Elə bil, şeirdir. Sizin yazılarınızı oxuyanda belə bir təəssürat yaranır.

- Şair Maarif Soltan da bu yaxınlarda bir dost məclisində dedi ki, Bahəddin Həzi publisistikanın poeziyasını yazır. Yəqin kənardan belə görünür. Ya da elə, doğrudan da, belədir, mən bilmirəm.

- Əslində şeir də yazmısınız. Yenə yazırsınız?

- Yox, şair olmadığımı vaxtında anlamışam. Daha qorxusu yoxdur.

- Şair olmaq qorxuludur ki?

- Şair olmaq qorxulu deyil. Şair olmayanın özünü şair hesab etməsi qorxuludur.

- Bayaq dediniz ki, hərbçi olmaq istəmisiniz, olmamısınız. Amma Birinci Qarabağ müharibəsi dövründə hərbi jurnalist olmuşdunuz. Bioqrafiyanızda var. Bu, necə oldu?

- Hərbi jurnalist deyəndə, bu ixtisası almamışam, sadəcə, zaman və zərurət məni buna gətirib çıxarmışdı. Torpağımda müharibə gedirdi, mən bu müharibədə ya əsgər kimi döyüşməli idim, ya da jurnalist kimi. Əsgər olmaq qismət deyilmiş, jurnalist kimi qoşuldum bu müharibəyə. Tale belə gətirdi. Hərbçi olmağa gəlincə, əslində mən ehtiyatda olan zabitəm. Universitetdə oxuyanda biz Hərbi Kafedranı da bitirdik. Toplanışda olduq, imtahan verdik və leytenant rütbəsi aldıq. Dinc dövrdə, səhv etmirəmsə, bu rütbə beş ildən bir artırdı. Böyük zabit heyətinə çatanda, bu artım dayanırdı. O hesabla mən ehtiyatda olan kapitanam yəqin. Sözün düzü, bunu heç dəqiq bilmirəm. Bəlkə də heç elə deyil. Xüsusi maraqlanmamışam.

- Sizin haqqınızda bunu birinci dəfədir eşidirəm.

- Elə mən də birinci dəfədir deyirəm.

- Birinci dəfə, yəni hamıdan əvvəl mənə deyəcəyiniz başqa nələrsə var?

- Məsələn, hərbi xidmət zamanı məxfi otağın rəisi olmağım. Yəqin bunu da heç yerdə deməmişəm. Amma kəşfiyyatla, əks-kəşfiyyatla qarışdırmaq lazım deyil. Məxfi otaqda hərbi hissənin sənədləri saxlanılırdı. Təbii ki, məxfi sənədlər. Əslində "rəis" sözü adamı çaşdıra bilər. Elə bir rəisliyim yox idi. Tabeliyimdə heç kim yox idi. Yəni heç kimin rəisi idim. Qısacası, məxfi sənədlərin gözətçisi idim, vəssəlam.

- Başqa da varmı ilk dəfə deyəcəyiniz bir şey?

- Məncə, bura qədər bəs edər. Qalanı qalsın yetmiş yaşa. O vaxta qədər yaşaya bilsək, bəlkə bu haqda onda danışarıq.

- Bahəddin Həzini həyatında narahat edən məqamlar varmı?

- Hər kəsin ikinci şansı olsaydı, yəqin, yeni həyatını başqa cür yaşayardı. Hər halda bir çox məqamlarını. Bu hissi hamı keçirir, məncə.

- Deyirsiniz ki, jurnalistikanı seçdiyinizə görə peşman deyilsiniz. Amma yazılarınıza görə həbslə də, ölümlə də üz-üzə qalmısınız. Həm də dəfələrlə. Sizi tanıyanlar bunu yaxşı bilir. Yəni heç tərəddüdə düşməmisiniz?

- Biz əsgərik axı nəticədə. Qələm adamı olaraq, müəyyən mənada savaşdayıq. Həqiqət üçün, fakt üçün döyüşürük. Bəzən lap elə sensasiyalı məlumatlar uğrunda döyüşürük. Bu da, təbii ki, risklərlə doludur. Mən bu yaxınlarda bir müsahibəmdə də demişəm: döyüşdəsənsə, hər cür təhlükəni gözə alacaqsan. Amma, ümumiyyətlə, ölüm riski həmişə, hər yerdə və hər kəs üçün var.

- Dediklərinizdən belə çıxır ki, ölümdən qorxmağa dəyməz?

- Qorxdun, qorxmadın, nə dəyişir ki?! Andre Moruanın "Tanatos mehmanxanası"nda belə bir söz var: "Mən ölümdən qorxuram. Amma həyatdan daha çox qorxuram". Yeni kitabımda da bu fikrə istinad var. Morua haqlıdır: məncə, həyat daha qorxuludur. Həyatın ən qorxulu tərəfi isə onu doğru-düzgün yaşaya bilməməkdir. Bu haqda yeni kitabımda çox şey var.

- Bir halda ki yenə kitabınızı xatırlatdınız, bir az bu barədə danışaq. Çox şey deyəndə, nə var? Oxucu niyə oxusun bu kitabı?

- Bu sualı tez-tez eşidirəm və mənə bir az yanlış görünür. Mən başqa cür soruşardım: niyə oxumasınlar ki?! Təkcə mənim kitabımdan söhbət getmir, ümumiyyətlə, insanlar niyə kitab oxumasın? Mən elə bu kitabımda bir fikir yazmışam ki, kitab oxumayan cəmiyyətlərdə kitabsızlar meydan sulayır. "Bu kitabda nə var?" sualına gəlincə, burada son illərdə yazdığım bədii esselər toplanıb. Bunlardan dərc olunanlar da var, heç dərc olunmayanlar da çoxdur. Məsələn, "Göyün cazibə qüvvəsi". Məncə, ən azı bu esseyə görə kitabı oxumağa dəyər. Kitabın adı da burdan gəlir. Onu da deyim ki, kitaba ön sözü ustad yazıçı, şair, publisist Seyran Səxavət yazıb. Bu ön söz özü də ayrılıqda maraqlı, misilsiz bir əsərdir. Seyran Səxavət "Ştaynhof klinikasının küskün pasiyentləri" adlı essem haqqında maraqlı bir ifadə işlədib. Yazıb ki, əsəbləri zəif olanlar bu esseni oxumasın. Yəqin ki, elə bu ifadə kitaba marağı daha da artırar.

- Sizin özünüz hansı yazınızı daha çox bəyənirsiniz?

- Mənim bəyənməyimlə deyil. Siz oxucular bəyənsin. Əsas bəyəndirmək də deyil. Əsas odur ki, oxuyana bir şeylər qata bilək, fayda verək.

- İnsanlara fayda verməkdən danışdınız. Bəs başqa insanlar Sizə nə fayda verib? Ümumiyyətlə, insanlar Sizin üçün kimdir, nə deməkdir?

- İnsanlar mənim üçün çox şey, əslində hər şey deməkdir: ailədir, övladlardır, doğmalardır, qohumlardır, dostlardır, sirdaşlardır, yaxınlardır, silah və ya qələm yoldaşlarımızdır, dərd ortaqlarımız, oxucularımızdır. Mənim oxucum da bir mənada taleyimə şərikdir: mən onun həyatında varam, o da mənim həyatımda. Qoşalaşıb yol gedirik. Ona görə də onlar - insanlar mənim üçün çox şey deməkdir. Hətta elə lap düşmənlərin də həyatmızda öz yeri var. Knut Hamsun deyirdi: "Xoşbəxt olun, ey mənim düşmənlərim!" Bunu bir essemə epiqraf seçmişəm.

- Sizin də düşmənləriniz var?

- Düşmənim yoxdur, məni düşmən bilənlər ola bilər. Mən axı sülh adamıyam. Bir də ki düşmənçilik etmək üçün həyat çox qısadır, ömrü belə şeyə sərf etmək ayıbdır. Ömür heyfdir axı.

- Bu ifadənizlə desək, Sizi düşmən bilənlərin sayı çoxdur?

- Hər halda dostlarımdan çox deyillər. Çox şükür!

- Bəs heç dostluqda Sizi yanıldan olmayıb ki?

- Bəziləri bizə düşmən gözü ilə baxdığı kimi, bizim də bəzi insanları yanlışlıqla dost bildiyimiz olub. Bununla hər kəs sınanır. Yaxşılıq edirik, yaxşılıq görürük. Amma hərdən yaxşılıq etdiyimiz yerdən pislik də görürük. Allahın sınaqları bitməz ki!

- Sizcə, bu sınaqlar nə üçündür? İnsan 60-70 il yaşayır. Lap 100 il yaşasa da, bu sınaqlar çox deyilmi?

- Bunu sorğulamaq bizə düşməz. Sadəcə, bir yazımda belə demişəm: Allahın bəndəsini bu qədər çox sınamasının səbəbi, bizə daha çox güvənmək istəməsidir. Biz Allaha inandığımız qədər, o da bizə güvənmək istəyir. Axı O təkdir, biz çox.

- Tək demişkən. Heç nə vaxtsa, tənhalıq hiss etmisiniz?

- Mən bu yerdə Kafkanın sözünü xatırladacam: "Mənim tənhalığım insanlarla dolu idi". Söz yaradıcılığında tənhalığa çəkilmək ehtiyacı qaçılmazdır. Elə işlər var, təkbaşına görülməz, elə işlər də var, məhz təklikdə görülür. Bu cür tənhalıq insanlardan uzaq qalmaq deyil, özünə yaxın olmaq üçün gərəkdir. İlber Ortaylının bu yaxınlarda maraqlı bir sözünü oxudum: "Zaman-zaman tənha qalmağı bacarmayan insan heç nəyi bacarmaz". O demək deyil ki, hamıdan üz döndərirsən. Yox. Yaradıcılıq tənhalığı özünü dartıb hamıdan yuxarıya qoymaq deyil, özünün daxilinə daha çox enməyindir. Bax, Allah, gör, nələr, nələr yaradıb! Sonsuz Kainat yaradıb. Biz də Allahın yaradıcı tənhalığının meyvəsiyik. Heç, gör, bir şəriki-filan var?! Haşa! Ona şərik qoşmaq belə günahdır, elə deyilmi?! Mən "Tənhaların planeti" adlı yazımda bundan yazmışam. Oxumağı məsləhət bilirəm.

- Heç bu tərəfdən baxmamışdım tənhalığa. Amma tək qalanda insan özünə hesabat verir. Siz necə?

- Hamı kimi. Vicdanı olan hər kəs özü ilə davadadır. Bu, davamlı bir prosesdir. İnsan ağlı kəsəndən özü özünü sorğulayır. Hər halda sorğulamalıdır. Bu, İlahi dərgahdakı yekun imtahana hazırlıqdır, aralıq yoxlamadır, sınaq testləridir.

- Sizin əsərlərinizdə kişi xarakterinin konturları cızılır. Bunu əsası, kökü hardan gəlir?

- Mən qadınlar haqda da yazmışam. "Uğur mələyi, incə sənət əsəri", "Slavyan gözəlinin diktaturası" və sair. Yeni kitabımda bunlar da var. "Ən sağlam kişinin də dözə bilməyəcəyi ağrılardan doğulmuşuq" demişəm. Amma, əlbəttə, insanın öz xarakteri, öz daxili Konstitusiyası da burda rol oynayır. Kişi və ya qadın, fərqi yoxdur. Obyektimiz insandır.

- Yeri gəlmişkən, sevgi Sizin üçün nədir?

- Çox şey. Əslində hər şey. Dünyaya övlad gətirmək üçün ən dözülməz ağrıları, hətta bəzən ölümü gözə alan ana əbədi və əvəzsiz Sevginin mükəmməl və müqəddəs abidəsidir. Sevgisiz həyat yoxdur. Ancaq, məncə, sevginin mərkəzində, ya da mənbəyində qadın dayanır. Yenə də yeni kitaba toxunacam. Mənim orda belə bir cümləm də var: "Allah qadını qəsdən belə gözəl yaradıb ki, onu sevməkdən başqa çarə qalmasın". Yəqin ki, burda nəsə bir şey deyə bilmişəm.

- Məncə də. Bəs demədiyiniz nəsə qaldı?

- Bu müsahibədə, ya ümumiyyətlə?

- Ümumiyyətlə.

- Demədiklərimiz həmişə dediklərimizdən çoxdur. Yoxsa susmağın da, danışmağın da mənası qalmazdı.

- Siz də susursunuz?

- İşin doğrusu hər şeyi hər yerdə və hər zaman demək deyil. Lazım olan bir sözü lazım olan vaxtda və lazım olan yerdə demək əsl ərdəmdir. Amma haqsızlığa, cəhalətə susmaq olmur. Viktor Hüqo deyirdi: "Susmaq bəzən yalan söyləmək kimidir". Əslində ondan əvvəl bunu yapon fəlsəfəsi deyir: "Susmaq heç nə söyləməmək deyil, həqiqəti söyləməməkdir". Odur ki, susmaq, necə deyərlər, həmişə qızıl deyil. Elə həmişə danışmaq da.

- Birinci kitabınız "Ölümcül həqiqətlər" idi. Bu yeni kitabda da "ölümcül" həqiqətlər var?

- Ölümsüz həqiqətlər də var.

- Məncə, burda söhbəti bitirmək olar.

- Məncə də. Amma adını "pauza" qoyaq. Çünki əslində söhbət heç zaman bitmir. Zaman dəyişir, mövzu dəyişir, həmsöhbət dəyişir, amma söhbət özü heç vaxt dayanmır. Odur ki, biz də burda söhbətə pauza verək.

- Olsun. Söhbət üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see173

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see136

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see118

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

Çaki öldü

29 May 2025 00:07see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri