Britaniya “Taurus” raketlərinin Ukraynaya ötürülməsində Almaniyanı dəstəkləyir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynaya “Taurus” raketləri göndərmək qərarına gələcəyi təqdirdə Böyük Britaniya Almaniyanı dəstəkləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.
Bu həftənin əvvəlində Almaniyanın gələcək kansleri Fridrix Merz müttəfiqlərin razılığı ilə Kiyevə raketlərin çatdırılmasına yaşıl işıq yandırmağa hazır olduğunu açıqlayıb. Burada söhbət təbii ki, Fransa və Böyük Britaniyadan gedir.
Britaniyanın xarici siyasət idarəsinin rəsmisi isə öz növbəsində “The Telegraph” qəzetinə bildirib ki, Britaniya uzun müddətdir Almaniyanın “Taurus” raketlərini Ukraynaya təhvil verməsini müdafiə edir.
"Biz Ukraynanın suveren ərazisini müdafiə etmək məqsədilə ən yaxşı vasitələrə malik olmasını təmin etmək üçün Almaniya da daxil olmaqla tərəfdaşlarımızla işləməyə davam edirik. “Taurus” Rusiya ərazisinin dərinliklərində hədəfləri vura bilən güclü qanadlı raket sistemidir və Ukrayna qüvvələri üçün potensial oyun dəyişdiricidir", - britaniyalı mənbə bildirib.


