Icma.az
close
up
RU
Brüsseldə səssiz hakimiyyət savaşı

Brüsseldə səssiz hakimiyyət savaşı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kallas Avropa diplomatiyasını kimdən qoruyur?

Brüsseldə zahirən sakit görünən, lakin Avropa İttifaqının gələcəyi baxımından kifayət qədər ciddi nəticələr doğura biləcək hakimiyyət mübarizəsi gedir. Bu dəfə səbəb Aİ-nin xarici siyasətinin kimin nəzarətində olacağı və onun hansı mexanizmlərlə formalaşdırılacağıdır. Aİ-nin baş diplomatı Kaya Kallas Fransa və Almaniyanın Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yenidən qurulmasını nəzərdə tutan planlarına qarşı pərdəarxası mübarizəyə başlayıb.

Kallas üzv dövlətlərin paytaxtları ilə fəal təmaslar qurur, alternativ islahat modellərinin hazırlanmasına çalışır. O, Aİ diplomatik xidmətinin yeni baş katibi Kaysa Ollonqreni də prosesə cəlb edir. İlk baxışdan baş verənləri Kallasın şəxsi səlahiyyətlərini və siyasi çəkisini qorumaq cəhdi kimi qiymətləndirmək mümkün olsa da, məsələ daha dərindir.

Bəs, problemin kökü nədir?

Aİ qlobal güc olmaq iddiasındadır, amma xarici siyasətdə çox vaxt vahid mövqe ortaya qoymaqda çətinlik çəkir. Dünyanın əsas geosiyasi oyunçuları bəzən dəqiqələrlə ölçülən sürətlə qərarlar qəbul etdiyi halda, Brüsseldə 27 ölkənin razılığını gözləmək Aİ-nin əl-qolunu bağlayır. Yekdillik prinsipi bunun ən böyük səbəblərindən biridir. Xarici və təhlükəsizlik siyasətində bir ölkənin etirazı bütöv mexanizmi bloklayır. Macarıstanın Ukrayna məsələsində dəfələrlə Aİ daxilində problem yaratması sistemin zəifliyini açıq şəkildə nümayiş etdirib. Bu səbəbdən Paris və Berlin hesab edir ki, problem sistemdədir və sistem dəyişməlidir.

Kallas isə başqa fikirdədir. O problemi müqavilələrdə və institusional quruluşda yox, onların tətbiq edilməməsində görür. Əslində, Kallasın arqumentinin müəyyən məntiqi var. Çünki yeni qurum yaratmaq və ya mövcud qurumun strukturunu dəyişmək siyasi iradə problemini avtomatik həll etmir. Əgər 27 üzv dövlətin maraqları bir-birindən kəskin şəkildə fərqlənirsə, Brüsseldə qurulan ən müasir diplomatik mexanizm belə onların hamısını eyni mövqeyə gətirə bilməz.

Avropa Komissiyası amili

Məsələnin ən həssas nöqtəsi məhz burada başlayır. Fransa-Almaniya planı EEAS əməkdaşlarının böyük hissəsinin Avropa Komissiyasına inteqrasiyasını nəzərdə tutur. Formal baxımdan məqsəd xarici siyasət mexanizmini daha səmərəli etməkdir. Lakin belə bir dəyişiklik nəticəsində AK-ın xarici siyasətdə rolu əhəmiyyətli dərəcədə arta bilər. Bu isə Kallasın mövqeyini zəiflətmək gücünə malikdir. Hazırda Aİ-nin xarici siyasət mexanizmi bir qədər mürəkkəb quruluşa malikdir. Kallas üzv dövlətlərin təmsil olunduğu Aİ Şurası ilə işləyir, EEAS isə eyni zamanda, Komissiya ilə koordinasiya edir. Sözügedən modelin öz çatışmazlıqları olsa da, müəyyən mənada, müxtəlif Aİ institutları arasında balans yarada bilir. EEAS-ın Komissiyaya daha sıx inteqrasiyası isə həmin balansı dəyişə bilər.

Bunun başqa bir səbəbi də geosiyasi reallığın sürətlə dəyişməsidir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını dəyişib. ABŞ-ın Avropaya münasibəti əvvəlki kimi proqnozlaşdırılan deyil. Tramp administrasiyasının Avropadan daha çox məsuliyyət tələb etməsi Aİ ölkələrini öz təhlükəsizlik imkanlarını yenidən düşünməyə məcbur edir. Bunun üzərinə Çin faktorunu və Yaxın Şərqdəki qeyri-sabitliyi də əlavə etdikdə mənzərə daha aydın görünür. Aİ artıq iqtisadi nəhəng olmaqla kifayətlənə bilməz. Birlik güclü qlobal aktor olmaq istəyirsə, daha vahid xarici siyasət yürütməlidir. Daha vahid xarici siyasət üçün isə üzv dövlətlərin fərdi veto imkanlarının müəyyən qədər məhdudlaşdırılması və qərarların daha sürətli qəbul edilməsi tələb olunur. Bu halda milli suverenlik məsələsi yenidən gündəmə gəlir.

Mərkəzləşmə, həqiqətən, çıxış yoludurmu?

İqtisadiyyatda, miqrasiya siyasətində, müdafiədə və indi də xarici siyasətdə eyni sual müxtəlif formalarda qarşımıza çıxır. Brüssel daha çox səlahiyyət istəyir, digər paytaxtlar isə həmin səlahiyyətlərin nə qədərinin mərkəzə ötürülməli olduğunu müzakirə edirlər. Fransa və Almaniyanın EEAS-la bağlı təşəbbüsünü də bu prosesdən ayrı təsəvvür etmək olmaz. Əgər xarici siyasət Komissiyanın nəzarətinə daha çox keçərsə, bu, Aİ-nin daha sürətli qərar qəbul etməsinə kömək edə bilər.

Yazının əvvəlində qeyd etdik ki, Kallas prosesə yeni baş katib Kaysa Ollonqreni də cəlb edib. Kallas Ollonqren vasitəsilə Aİ paytaxtlarında alternativ islahat ideyalarını müzakirə etməklə Fransa-Almaniya planının qarşısına başqa model qoymağa çalışır. Doğrusu, Kallasın addımı siyasi baxımdan daha ağıllı strategiyadır. Çünki islahatlara qarşı çıxmaq Kallası dəyişiklikləri əngəlləyən siyasətçi vəziyyətinə sala bilərdi.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri

Əslində, bu, uzun müddətdir ki, Avropa İttifaqı daxilində həm dövlətlər arasında, həm də institutlar arasında mövcud olan fikir ayrılıqlarının və mübarizənin göstəricisidir. “Brexit”dən, yəni Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra Almaniya ilə Fransa arasında liderlik uğrunda mübarizə gedir. Bu mübarizədə onlar hətta bir çox hallarda Aİ-nin özünün və bütövlükdə təşkilatın maraqlarını belə qurban verməyə hazır olduqlarını nümayiş etdirirlər. Məsələn, Fransanın Aİ çərçivəsində Azərbaycana münasibətdə atdığı addımları görürük. Hətta Fransanın və bəzi digər dövlətlərin Avropa Komissiyasından fərqli mövqe ortaya qoyduğunun da şahidi oluruq. Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında və yaxud Avropa Parlamentində də fərqli münasibətlərin şahidi oluruq. Xüsusilə xarici siyasət məsələlərində, yəni hazırda müzakirə etdiyimiz Avropa Xarici Fəaliyyət Xidmətinin muxtariyyətinin mümkünlüyü ilə bağlı məsələdə faktiki olaraq bu fikir ayrılıqlarını görmək mümkündür.

Aİ dünyada, bəlkə də, yeganə təşkilatdır ki, dövlətlərə xas olan demək olar ki, bütün əlamətləri özündə cəmləşdirir. Ordu istisna olmaqla. Çünki ordu məsələsində NATO mövcuddur və NATO hərbi blok olduğuna görə Aİ ayrıca ordu yaratmaq niyyətini uzun müddət ortaya qoymayıb. Amma faktiki olaraq Aİ dövlətlərə xas olan demək olar ki, bütün xüsusiyyətləri özündə ehtiva edir. Bu, xüsusilə xarici siyasət məsələsində özünü daha aydın göstərir. Məsələn, biz uzun müddət Avropa Komissiyasının xarici siyasət üzrə ali nümayəndəsi, yəni bu sahəyə rəhbərlik edən şəxsin Cozef Borrellin mövqeyini görmüşük. O, bir çox hallarda Aİ-nin və Avropa Komissiyasının maraqlarını ayrı-ayrı qüvvələrin və ya dövlətlərin maraqlarına qurban verməkdən çəkinməyən siyasətçilərdən biri kimi çıxış edirdi. Düşünürük ki, məhz bu fikir ayrılıqlarının istiqamətlərindən və ya təzahür formalarından biri də budur. Hesab edirik ki, artıq Aİ-də fikir ayrılıqlarının və uçurumların dərinləşməsi ciddi parçalanmalara gətirib çıxara biləcək təhlükə yaradıb. Məhz buna görə də sözügedən istiqamətdə müəyyən addımlar atılır.

Hüquqi baxımdan, yekdillik prinsipinin müəyyən məsələlərdə ixtisaslı səs çoxluğu ilə əvəzlənməsi mümkündür. Lakin bunun Aİ-dəki institutlar arasında mövcud fikir ayrılıqlarına və səlahiyyət balansındakı fərqliliklərə nə dərəcədə təsir göstərə biləcəyi hələ də sual olaraq qalır. Bunun nəticəsini isə zaman göstərəcək. Prosesin reallaşması üçün müəyyən dövlətlər, Aİ-nin ayrı-ayrı üzvləri və ya institutlar səviyyəsində öz iddialarından, ambisiyalarından müəyyən qədər geri çəkilməli, kompromisə getməlidirlər ki, lazımi prosedurları həyata keçirmək mümkün olsun.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri