Bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq Qurbanovun xəbərdarlığı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev futbola başlaması və hazırkı klubundakı karyerası ilə bağlı maraqlı açıqlamalar verib.
QOL.az xəbər verir ki, o, "qafqazinfo.az" saytına müsahibəsində futbola gəlişi barədə danışarkən deyib:
“Futbola böyük marağım var idi. Məhəllədə oynayırdım, daim izləyirdim. Məktəbdən gəlib çantamı atıb gedirdim futbolla məşğul olmağa. Arzum idi ki, hansısa komandada çıxış edim. Atamdan xahiş edirdim ki, mənə forma alsın və məhəllədə oynayım. İlk formam “Çelsi”nin kapitanı Frenk Lempardın forması oldu. Hər gün məktəbdən gələndə anama söyləyirdim ki, atama deyin, məni futbola göndərsin. Onda da 7 yaşım var idi. Atam da buna çox isti yanaşmırdı, sonra cüdo məşqlərinə apardı. Cüdo ilə 6 aya yaxın məşğul oldum və bir gün gəlib dedim ki, ya futbolla məşğul olacağam, ya da ki, heç yerə getmirəm. Atam məni sonradan dağılan “İnter” klubunun akademiyasına apardı, başladım futbol oynamağa. Evdəkilər düşündü ki, 1-2 il gedər, sonra həvəsi bitər, dayandırar. Futbol oynamağa başladım, müdafiədən başqa bütün mövqelərdə oynayırdım. 2014-cü ildə “İnter”də vəziyyət pisləşdi.
Həmin vaxtlar “Qəbələ” inkişafda idi və özüm də Qəbələdənəm. Çox istəyirdim ki, orada çıxış edim. Dedim ki, məni bu kluba yazdırın. Onda “Qəbələ”nin akademiyası, yataqxanası, məktəbi var idi. Orada qalacağımı dedim, amma valideynlərim razılaşmırdı. Elə alındı ki, ora getdim. Lakin çox qalmadım və ayrıldım. Təzədən “İnter”ə qayıtmaq istədim. Lakin bunun üçün “Qəbələ”yə təzminat ödəmək lazım idi. Bu baxımdan problem yarandı. Bir ay futbolsuz qaldım. Evdə də maddi baxımdan vəziyyət yaxşı deyildi. Həmin vaxt düşünürdüm ki, valideynlərimə yük oluram, onları xərcə salıram.
İşləməli olduğumu fikirləşirdim. 14-15 yaşım var idi və özümə iş axtardım. Bir restoranda işə başladım, ofisiant işləyirdim. Düzdür, çox uzun sürmədi, amma evə kömək edirdim. Həmin yaşa qədər ev qayğısı ilə böyümüşdüm, bərkiməmişdim. İlk işə gəldiyim gün ağ köynək geyinmişdim, saçlarım uzun... Həmin o restoranın yiyəsi gəlib mənə dedi ki, “bu nə saçdır?” Aşağılamış kimi danışdı və mənə çox pis təsir etdi. Pul qazanmaq çox çətin idi. Atam meyvə-tərəvəz satırdı və işdən çıxıb ona kömək edirdim. Bir gecə 11-12 radələrində mənə zəng gəldi, dedilər ki, Rəşad Sadıqov səni “Qarabağ”ın məşqində gözləyir. Həmin vaxt Sadıqov U-19 komandasının baş məşqçisi idi. Özüm də şoka düşdüm ki, futbol oynamıram, uzun müddətdir uzaq düşmüşəm.
Necə olacağını bilmirdim. Həmin vaxt da “Qarabağ” Çempionlar Liqasında çıxış edirdi və U-19 Gənclər Liqasında oynayırdı. Mənim onsuz da uşaqlıqdan xarakterimdə problem var idi, davakar idim. Getdim və Rəşad Sadıqov mənə dedi ki, səni çoxdandır izləyirəm və komandamda görmək istəyirəm, amma xarakterini dəyişməlisən. Bildirdi ki, potensialın böyükdür və yaxşı oyunçu ola bilərsən. Bildirdi ki, hər şey yaxşı olacaq və özünə güvən. Ondan sonra U-19-da oynadım, əvəzedici komandaya getdim, əsas komandada məşqlər edirdim. Sonra “Sumqayıt”a icarəyə getdim və orada da yaxşı çıxış etdim. Ayxan Abbasovun rəhbərliyi altında oynadım. O məni Rəşad Sadıqovdan istəmişdi.
Getdim bir il oynadım və əsas heyətdə çıxış etdim. Ayxan müəllimin də üzərimdə əməyi var. 400-500 manat maaş alırdım, amma əsas komandada idim. Sumqayıta gedib-gəlmək də çətin idi. Qazanırdım, evə kömək edirdim, buna çox sevinirdim. Futboldan pul qazanmaq da ayrıca xoşbəxtlik idi. İcarə müddətim bitəndə “Qarabağ”a qayıtmalı olduğumu bildirdilər. Amma hamı deyirdi ki, “qal Sumqayıtda, “Qarabağ”a getsən, ehtiyatda oturacaqsan”. Özüm də nə edəcəyimi bilmirdim.
Amma “Qarabağ”dan zəng gəldi və dedilər ki, Qurban Qurbanov səni öz komandasında görmək istəyir. Buna da çox sevindim. Geri qayıtdım, heyət güclü idi, ehtiyatda otururdum. Amma Qurban Qurbanov çılğın xarakterimi görürdü, bilirdi ki, bu mənim xeyrimədir. Çox güvəndi, inandı. Həmin vaxt da Azərbaycan U-17 yığmasına dəvət aldım və başqa ölkəyə toplanışa gedirdik. O dönəmdə maaş almırdım və səfərə yollanacaqdım. Səfərə gedəndə də adam istəyir ki, cibində pul ola. Evdəkilərdən heç olmasa, 100 manat istədim. Amma yenə də durum yaxşı deyildi, gördüm heç nə yoxdur. Həmin vaxt nənəm öz qızıllarını atama verdi ki, satıb mənə milli ilə getmək üçün pul versin. Elə də oldu və ondan sonra düşündüm ki, bunların qarşılığını verməliyəm”.
E.Cəfərquliyev bəzən aqressiv davranmasından da söz açıb: “Mənim mövqeyim elədir ki, orada çılğın olmamaq mümkün deyil. Çünki elə bir futbolçuyam ki, 90 dəqiqə mövqeyim boyunca hərəkətdəyəm. İnsan bədəni elədir ki, çox yoruluram. Yorğunluq da aqressiya yaradır, bunu da çılğın olmağımda səbəb kimi görürəm. Bütün mübarizələrin içində varam, həm müdafiədə, həm yarımmüdafiədə, həm hücumda iştirak edirəm. Düşünürəm ki, bu da mənim xeyrimədir. Xarakterimdə aqressivlik olmasa, bəlkə də indiki səviyyəyə gəlməzdim. Çünki mən uduzmağı sevmirəm, uduzmağı bacarmıram. Tənqidlərə açıq bir insanam. Təhqir olmasın, amma tənqid problem deyil. Onları oxuyanda düşünürəm ki, meydana çıxıb əksini sübut etməliyəm. Epizodlarıma bəzən maraqlı şərhlər yazırlar və özüm də ona baxıb gülürəm. Çox vaxt dostlarım gəlib göstərir ki, sənə filan şərhi yazıblar”.
Müdafiəçi baş məşqçisi Qurban Qurbanovun onun haqqında “Elvinin nə istədiyini nə siz, nə də mən bilirəm” deməsinə də münasibət bildirib: “Qurban Qurbanova təşəkkür edirəm. Hər zaman mənə dəstək olub, yanımda olub, ən pis vaxtlarda mənə inanıb. Məsələn, “Bayer Leverkuzen”lə qırmızı vərəqə aldığım oyundan öncə “Braqa” ilə matçda meydandan qovulmuşdum. Əslində, Qurban Qurbanov mənə güvənməyə, meydana buraxmaya bilərdi. Amma güvəndi və start heyətdə çıxdım və yenə qırmızı aldım. İndi başa düşürəm ki, mənə çox inanır. Üzərimdə haqqı çoxdur. 19 yaşımdan “Qarabağ”dayam. O yaşdan bu yaşıma qədər nə qədər tənqidlər, Qurban Qurbanovla xeyli danışıqlarımız olub.
Bunu ilk dəfədir ki, deyirəm, yayda Qurban müəllimlə görüşümüz oldu. O mənə dedi ki, bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq. Bildirdi ki, “indiyə qədər sənə çox güvənmişəm. Amma bu millətə, bu azarkeşə qarşı səhv edə bilmərəm”.
Qurban Qurbanova bildirdim ki, nə qədər uğur qazanmışamsa, burada sizin və ailəmin əziyyəti danılmazdır. Ona söz verdim ki, özümdə çox dəyişikliklər edəcəyəm. Həm futbolçu olaraq, həm psixoloji olaraq özümü növbəti matçlara hazırlayacağam. O da mənə güvəndiyini, yenə də inandığını dedi. Bəzi uğurlar var idi ki, onları Qurban Qurbanovla qazanmaq istəyirdim. Çempionlar Liqasında oynamaq istəyirdim. Məhz onun rəhbərliyi altında bunu bacardım. Bugünkü gündə mən tamamilə dəyişmişəm və yəqin ki, bunu siz də görürsünüz. Heç zaman oyun cəhətdən əziyyət çəkməmişəm. Əziyyət çəkdiyim yer öz psixoloji durumum idi və bunu dəyişməli, sakit olmalı idim. Şükür olsun Allaha ki, futbolçu olaraq da, komanda olaraq da uğurluyuq. Qırmızı vərəqə aldığım vaxt evdə də narazılıq bildirirdilər. Gəlirdim və evdəkilər deyirdi ki, “Sən niyə belə edirsən?”, “Allahın sənə verdiyi şansa niyə təpik atırsan?” Xarakterimə görə geri düşdüyümü deyirdilər. Həmin vaxt “Qara zolaq”da idim və ailəm yanımda oldu. Atam mənə çox motivasiya verib və bunu uşaqlıqdan bəri edib. Səbirli, təmkinli olmağımı istəyirdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















