Bu diplomatiyanın heç yeri yox idi: Yaltaqlıq və düşüklük Samirəyə qaldı
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Silk Way Star” mahnı yarışmasında Münsiflər Heyətində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndinin finalda Ermənistandan olan ifaçı Saro Gevorkyana ən yüksək bal verməsi, üstəlik, onu qucaqlayaraq "İstəyirəm bütün dünyada sülh olsun. Sənin haqqına heç vaxt girə bilmərəm. Ona görə də 12 xal Azərbaycandan sənə" deməsi hazırda mübahisə və qınaq predmetidir. Sosial şəbəkələrdə Samirə Əfəndini qınayanlar, tənqid, hətta təhqir edənlər də var. Məsələyə bir az yumşaq, loyal yanaşanlar da. İki ölkə arasında sülh sazişinin imzalanmasına hazırlıq gedir. Hər iki tərəfdən səfərlər, görüşlər təşkil olunur. Xalq diplomatiyası yenə gündəmə gəlib. Bütün bunlar siyasi baxımdan normal sayılacaq hallardır. Amma və lakin, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmasaydı və sonra antiterror əməliyyatı nəticəsində erməni separatçıları Qarabağda məğlub edilib, ədalət məhkəməsinə çıxarılmasaydı, Ermənistan bu gün sülh danışıqlarına razılaşacaqdımı? Biz həmişə sülh tərəfdarı olmuşuq, hansısa dövlətin, ölkənin ərazisini işğal etməmişik. İşğala məruz qalmış tərəf bizik. İgid əsgərlərimiz, şəhidlərimiz bizə qalib xalq adı qazandırdığı halda, kiməsə, istər Ermənistan, istər hansısa başqa ölkənin təmsilçisinə yaltaqlanmağa, yarınmağa, özünü təsdiqə ehtiyac qalmır. Sosial şəbəkələrdə də elə bu mövqe aparıcıdır.
İctimai xadim Zaur Əliyev feysbuk səhifəsində belə yazıb:
- Ermənilər indi sülh korpusu adı ilə Bakıya gəlirlər, bir azdan Qarabağa da gələcəklər, sonra köçüb yaşayacaqlar və 1828-dən bu günə qədər yaşadığımız tarix təkrar olacaq. Yenə ölümlər, yenə işğal, yenə acı, ağrı və zülmlər... Türkmənçay müqaviləsindən sonra Osmanlı torpaqlarına köçürülməsi nəzərdə tutulan ermənilərin Azərbaycan torpaqlarında yaşamasına Rusiya, Osmanlı dövləti və Qacar dövləti şərait yaradıb. Onlara dəstək olan böyük dövlətləri demirəm. Sadəcə, Lazarevin ermənilərə müraciətini oxumaq kifayət edər ki, nə məqsədlə və niyə bizim torpaqlarımızda ermənilər məskun ediliblər. Bu barədə çox yazmaq istəmirəm, amma 1828-1988-ci illərə qədər, 1991-2020-ci illərə qədər sülh atəşkəsi nəticəsinin sonunda yenə də ən ağır vəziyyətdə biz qalmışıq. İtirən biz olmuşuq, zərər çəkən də. 1905,1906,1918- ci ildə öldürülən minlərlə azərbaycanlı qanının axdığı torpaqlara ermənilər yenidən qayıtdılar, yenidən qan tökdülər. İndiki hakimiyyət o dövrün hakimiyyətinin səhvlərini təkrar eləməsin. Xahiş edirəm dövlətimizdən, bizi gələcək faciələrdən qorusunlar... Əlbəttə, hamı sülh istəyir. Biz müharibə olmasını əsla istəmirik. Lakin özümüzün bu cürə də alçaldılmasını istəmirəm. Qalib xalqın adından istifadə edib belə ucuz şouya əl atılması məni üzür. Biz xalq olaraq sülh istəyirik, bunun üçün şərtlərimiz isə aydındır. Ermənilər "böyük Ermənistan" ideyasından əl çəksinlər, Kilsəni siyasətdən uzaq tutsunlar, dərslikləri dəyişsinlər, Konstitusiyanı dəyişsinlər, saxta tarixlərindən əl çəksinlər, bizim mədəni və mənəvi dəyərləri oğurlamasınlar, bizim real tarixi qəbul etsinlər, Qərbi Azərbaycanda və Qarabağda milli abidələrə dəymiş zərəri ödəsinlər, Azərbaycan xalqına məxsus tarixi adları bərpa etsinlər və gəlsinlər Xocalıya görə, 31 marta görə, 1905,1906-ya görə, Başlıbelə, Qaradağlıya və digərlərinə görə üzr istəsinlər. Gəlsinlər 30 il işğalda saxladıqları torpaqların sakinlərindən üzr istəsinlər. Azərbaycan torpaqlarında aparılan qanunsuz arxeoloji qazıntılar sayəsində tapılan əşyalar bizə geri qaytarılsın. İşğal zamanı dinc insanların evlərindən aparılan əşyalara görə təzminat ödəsinlər. Qərbi Azərbaycan əhalisinin geri qayıtmasına beynəlxalq səviyyədə təminat versinlər. Orada azərbaycanlılar yaşayan kəndlərin, rayonların əsl adlarını bərpa etsinlər. Koçaryan, Sarkisyan, Balayan, Vitali Balasanyan və digərlərini bizə təhvil versinlər. Biz də sülh istəyirik belə olan halda... Dinc yaşamaq istəyirik daha.
Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu da Samirə Əfəndinin hərəkətini yersiz və lazımsız adlandırıb:
- Torpaqlarımızı azad etmişik! Ermənistanla da sülh sazişi olmalıdır və olacaq. QHT-lər səviyyəsində proses də başlayıb. İnşallah, dövlət baba gərəyini də yapacaq. Amma bu sülh məsələsində də bir əndazə olmalıdır, məncə. Yəni özfəaliyyət, şitlik, yaltaqlıq lazım deyil. Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində azərbaycanlı münsifin davranışı çox yersiz oldu. Bir az da yaltaqlıq kimi göründü. Ağ eləməyin də. 12 bal vermisən. Tamam, vermisən də. Ta o ermənini bağrına basmaq nə idi elə?! Dərinə getmirəm. Sülh prosesi qaniçənə yaltaqlanmaq demək deyil ha!.. Həddinizi bilin, ayıbdır! Heç olmasa, Prezidentimizin belə anlardakı davranışından nümunə götürün!
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli isə fikrini belə ifadə edib:
- Məncə, bu cür adamları boykot eləmək lazımdır. Ən azı dövlət tədbirləri səviyyəsində.
Sherg.az əlavə edir ki, Astanada keçirilən “Silk Way Star” (İpək Yolu Ulduzu) yarışması bu ilin sentyabr ayında start götürüb. Yarışmada Azərbaycan və Ermənistandan olan münsiflər ilk mərhələdə qarşılıqlı olaraq ifaçılara yüksək xal veriblər. Yəni azərbaycanlı münsif erməni ifaçıya, ermənistanlı münsif isə azərbaycanlı ifaçıya yüksək xal (10 xal) verib. Azərbaycanı yarışmada müğənni Səbinə Zadeh, Ermənistanı isə Saro Gevorqyan təmsil edib. Noyabrın 22-də isə final mərhələsi keçirilib və Samirə Əfəndi “sülh göyərçini” obrazında çıxış edib. Şərtlərə əsasən müsabiqənin qalibi 50 faiz münsiflər heyətinin, 50 faiz isə onlayn auditoriya səsverməsi ilə müəyyən edilir. Samirə Əfəndinin canfəşanlığına baxmayaraq, müsabiqənin qalibi monqolustanlı müğənni Mişel Cozef olub. Yəni yaltaqlıq, düşüklük Samirə Əfəndiyə qaldı. Bu olay həm də onu bir daha göstərdi ki, biz yenə yatırıq. Hadisə baş verəndən sonra əl-ayağa düşürük. Halbuki yarışmanın ilk mərhələsində Samirə Əfəndiyə etiraz bildirilməliydi. Toydan sonra nağara yersiz görünür daima.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















