“Bu gün qaçqın yox, Xankəndi sakiniyəm” tarixi qayıdışın sevinci
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Bu gün Xankəndi şəhərinə ilk köç prosesi baş tutub. Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb.
Redaktor.az köçlə bağlı Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyevin fikrilərini təqdim edir:
"Xankəndiyə köçü çoxdan gözləyirdik. İndi isə bu köç həyata keçirilir. Xankəndi şəhərinə 162 nəfər qayıdır. Xüsusi əhəmiyyət daşıyan qayıdışlardan biri elə Xankəndiyə qayıdışdır. Bu şəhər hər zaman bizim üçün əziz olub. Xankəndiyə köç isə tarixi hadisədir. Xankəndiyə köç o səbəbdən tarixi hadisədir ki, Xankəndidə Azərbaycan xalqının suverenliyinin tam bərpa olunması ilə regionda və dünyada yeni reallıqlar yaranıb. Ermənilərin azərbaycanlıların qətlə yetirilməsi, qovulması ilə Azərbaycana qarşı təcavüz də məhz Xankəndidə olan separatizm yuvasından baş qaldırmışdı. Bu səbəbdən suverenliyimizin bərpasından sonra Xankəndiyə köç hər birimiz üçün sevindirici haldır".
Müsahibimiz deputat kimi sevincini də ifadə etdi:
"Xankəndi şəhərini təmsil edən millət vəkili kimi çox sevinirəm ki, cənab prezidentin baş rəhbərliyi altında biz böyük işlər görür, böyük işlərə imza atırıq. Maraqlı nüanslardan birinə toxunmaq istəyərdim. Maraqlıdır ki, köç 21 yanvar tarixində başlayır. Bu tarix isə 20 Yanvar faciəsindən cəmi bircə gün sonradır. Bu isə rəmzi məna daşıyır. Xankəndidə və digər ərazilərdə ölkəmizə qarşı siyasət yürüdənlərin istəklərinin ürəyində qalmasını Azərbaycan dünyaya mesaj olaraq çatdırır. Xankəndi azaddır və Qarabağın önəmli mərkəzi kimi fəaliyyət göstərir. Qarabağ Universiteti də Xankəndidə fəaliyyət göstərir. Deyə bilərik ki, gənclər Xankəndinin canlanmasına səbəb olub. Xankəndidə böyük müəssisələr, ictimai iaşə obyektləri, tikiş fabriki və digər müəssisələr Xankəndidə məşğulluğun və iqtisadiyyatın inkişafına kömək edəcək. Sakinlərin oraya qayıtması isə şəhəri daha da canlandıracaq. İnşallah ki, Xankəndi sakinləri öz ata-baba yurdlarında daima yaşayacaqlar".
Azad Xankəndinin sakini Əli Muradov da qayıdışla bağlı təəssüratlarını bizimlə bölüşdü:
"Allah prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Neçə il idi ki, qaçqın idik. Orada-burda, kirayədə, qaçqın şəhərciklərində çox qaldıq. Allaha çox şükür ki, bu gün biz öz torpağımıza, öz yurdumuza, Xankəndiyə qayıtmışıq. Bu gün əbədi olan torpağımıza qayıtmışıq. Xankəndi bu gün azaddır. Qaçqın olmamışdan əvvəl də biz Xankəndidə yaşamışıq. Rəhmətlik atam-anam burada yaşayıblar. Atam da burada, Xankəndi dəmiryol vağzalında işləyirdi. Xankəndidə azad həyat olmamışdı. Çünki düşmən həmişə bizimlə bir yerdə yaşayırdı və düşmən sıxıntısının içində yaşayırdıq. Çox şükür ki, bu gün Xankəndi azaddır. Xankəndi müstəqil şəkildə öz sakinlərini qəbul etdi. Bu, həm bizim, həm də Xankəndinin azadlığıdır. Bu gün biz də azadıq. Öz şəhər camaatını Xankəndi qoynuna aldı. Xankəndi ağappaq qara bürünüb. Bu da Xankəndinin aydınlığıdır. Çünki indiyə qədər Xankəndi belə aydınlaşmamış, gözəlləşməmişdi. Qarın yağması, qarın gözəlliyi, yerin ağ olması Xankəndinin üzünün ağ olmasıdır".
Xankəndi sakini vurğuladı ki, artıq köçkün deyillər:
"Ən əsası qaçqın, məcburi köçkün statusu üstümüzdən götürülüb. Məsələn, kimsə “hardansan?” deyəndə “Xankəndidənəm” deyirdim, “siz də qaçqınsınız?” deyirdilər. Fəxr edirəm ki, mən bu gün qaçqın yox, bu gün sakinəm. Mən bu gün öz yurdumdayam, öz doğma torpağımdayam. Buradan çıxanda körpə uşaq idim. Amma mənim övladlarım bu gün Xankəndidə qartopu oynayıblar, mən bununla qürur duyuram. Xankəndinin öz sakinləri məktəbə gedir. Burada 4 nömrəli məktəb işləyir, 1 nömrəli məktəb açılıb, 1 nömrəli bağça var. Bunlara baxa-baxa qürur duyuram ki, bu gün Xankəndi həqiqətən də azaddır. Həqiqətən qürurverici hissdir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizi, ordumuzu qorusun. Həmişə millətimiz belə cəm şəkildə olsun. Xankəndi sakinlərinin hamısının üzünü gülərüz görürdüm. Hamının üzündə mehribanlıq, səmimiyyət görürdük. Reallıq budur ki, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Allah sizlərdən də razı olsun ki, bizlərlə beləcə maraqlanırsınız, bizim sevincimizə şərik çıxırsınız".
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda dərc olunub.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















