Bundesliqa: “Bavariya” “Leypsiq” dueli və liderin sınağı in İCMALI
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu gün, oktyabrın 16-da Almaniya çempionatında altıncı tura start verilir. Turun əsas qarşılaşmaları “Bavariya” - “Leypsiq” dueli və gözlənilmədən liderliyə yüksələn “Frayburq”un Leverkuzendə keçirəcəyi oyundur. Həftəsonuna isə turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların görüşü ilə yekun vurulacaq. Onlar üçün növbəti uğursuzluq böhranı daha da dərinləşdirə bilər.
İdman.Biz xəbər verir ki, beş turdan sonra “Frayburq” və Dortmund “Borussiya”sı hərəyə 13 xal toplayıb. Yulian Şusterin komandası top fərqinə görə rəqibini qabaqlayır. Sonrakı pillələrdə 11 xalla “Bavariya”, on xalla “Bayer” və doqquz xalla “Leypsiq” qərarlaşıb.
Tura Frankfurtda start veriləcək. “Ayntraxt” “Leypsiq”ə 0:6 hesablı ağır məğlubiyyətdən sonra özünü doğrultmalıdır. Adi Hütterin komandası artıq 16 qol buraxıb. Bu, klubun Bundesliqadakı çıxışları tarixində ilk beş oyun üçün ən pis göstəricidir. “Bu, bizim üçün çox vacib və bəlkə də həlledici oyundur”, — deyə baş məşqçi “Köln”lə qarşılaşma ərəfəsində bildirib. Qonaqların öz problemi var: komanda çempionatda ardıcıl 15 səfər oyununda qalib gələ bilmir. Bu rəqiblərin Frankfurtdakı son görüşü 2:2 hesabı ilə başa çatıb. Həmin qarşılaşmada meydan sahibləri ikiqollu üstünlüyünü əldən vermişdi. İndi belə ssenarinin təkrarlanması çətin ki, tərəflərdən hər hansı birini qane etsin.
Şənbənin əsas oyunu “Bavariya” ilə “Leypsiq” arasında keçiriləcək. Çempionatın ən məhsuldar iki komandası üz-üzə gəlir: münhenlilər 16, qonaqlar isə 15 qol vurublar. Lakin nəticələrin ev və səfər oyunları üzrə bölgüsü tam fərqlidir. “Leypsiq” doqquz xalının hamısını evdə qazanıb, hər iki səfər matçında isə uduzub. “Bavariya” öz meydanında favoritdir: komanda ötən mövsüm bu rəqibini 6:0 və 5:1 hesabları ilə məğlub edib. Harri Keynin Bundesliqada mümkün 100-cü oyunu qarşılaşmaya əlavə maraq qatır. Ayağındakı problemə görə Manuel Noyerin iştirakı isə sual altındadır.
Bu duelin şəxsi tarixçəsi də var. Vensan Kompani və Martin Demiçelis “Mançester Siti”də birlikdə 54 oyuna çıxıblar. İndi isə məşqçi kimi qarşılaşacaqlar. Demiçelis üçün bu, həm də 259 rəsmi matçda formasını geyindiyi kluba qayıdışdır. Onun meydandakı əsas silahı “Ayntraxt” üzərində böyükhesablı qələbədə het-trik edən Kristofer Nkunkudur. Nkunku və Antonio Nusanın sürəti münhenlilərə problem yarada bilər. “Bavariya” “Auqsburq”la 2:2 hesablı heç-heçədən sonra Çempionlar Liqasında “Vikinq”lə də sülhə razılaşıb — 3:3.
Bazar günü “Bayer” “Frayburq”un liderlik iddialarının nə dərəcədə ciddi olduğunu yoxlayacaq. İlk beş turda toplanan 13 xal qonaqlar üçün klub rekordudur. Lakin qarşılıqlı görüşlərin statistikası onların xeyrinə deyil: “Frayburq” çempionatda ardıcıl yeddi oyundur Leverkuzendəki rəqibini məğlub edə bilmir. Son qarşılaşma isə bolqollu alınıb — 3:3. “Bayer” son dörd turda mümkün 12 xaldan onunu toplayıb və bu mövsüm çempionatda evdə hələ qol buraxmayıb. “Frayburq” isə dörd qol vurmuş Yuito Suzukinin xidmətindən diskvalifikasiya səbəbindən yararlana bilməyəcək. Hər iki komanda cümə axşamı avrokuboklarda oynadığından futbolçuların bərpası və ehtiyat qüvvələrin səviyyəsi taktika qədər əhəmiyyətli ola bilər.
Dortmund təmsilçisi “Union”la səfər görüşünə Çempionlar Liqasında “Bodo/Qlimt”ə 0:1 hesablı məğlubiyyətdən sonra çıxacaq. Bu qarşılaşma Azərbaycan azarkeşləri üçün də xüsusi maraq daşıyır: oktyabrın 20-də Niko Kovaçın komandasını “Sabah”la səfər oyunu gözləyir. Berlində qələbə “Borussiya”ya klub rekordunu təkrarlamaq imkanı verəcək — ilk altı turda 16 xal. Bu cütün statistikası da diqqətçəkəndir: Bundesliqadakı 14 qarşılaşmanın heç biri heç-heçə bitməyib. Son üç görüşün hamısında isə Dortmund təmsilçisi qalib gəlib və ümumilikdə 12 cavabsız qol vurub.
Ən gərgin qarşılaşmalardan biri Mönhenqladbaxda gözlənilir. Yerli “Borussiya” beş oyunun hamısında uduzub və xal qazanmayıb. “Hoffenhaym” isə üç xalla sondan ikinci pillədədir. Qladbaxda artıq məşqçi dəyişikliyi edilib: Aleksander Blessin işə “Köln”ə 1:2 hesablı məğlubiyyətlə başlayıb. Kristian İltser isə üzərində artan təzyiq fonunda bu görüşə hazırlaşır. Cümə axşamı “Beşiktaş”a 2:3 hesablı məğlubiyyət narahatlığı daha da artırıb. “Vəziyyət təhlükəlidir”, — deyə “Hoffenhaym”ın kapitanı Oliver Baumann xəbərdarlıq edib. Komandanın Qladbaxa əvvəlki səfəri 0:4 hesablı məğlubiyyət və Çempionlar Liqasına vəsiqənin əldən çıxması ilə nəticələnmişdi.
“Hamburq”la “Ştutqart”ın hərəyə altı xalı var. Lakin ardıcıl iki qələbə meydan sahiblərinin əhvali-ruhiyyəsini xeyli yaxşılaşdırıb. Bu cütün tarixçəsi ziddiyyətlidir: “Ştutqart” son altı rəsmi qarşılaşmanın beşində, o cümlədən əvvəlki görüşdə 4:0 hesabı ilə qalib gəlib. Bununla belə, Bundesliqada “Hamburq”un meydanında keçirilmiş son üç oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. Merlin Poltsinin komandası təxminən 16 ildən sonra ilk dəfə çempionatda ardıcıl üç qələbə qazanmaq imkanı əldə edib.
Elversberqdə diqqətlər Robin Fellhauerə yönələcək. Meydan sahiblərinin keçmiş kapitanı “Auqsburq”un heyətində sabiq klubuna qarşı oynayacaq. O, ötən tur “Bavariya”ya 8,37-ci saniyədə qol vuraraq Bundesliqa tarixinin ən sürətli qolunun müəllifi olub. Bu komandalar uzun müddətdir qarşılaşmırlar: Almaniya Kubokunun 2015/16 mövsümündə “Auqsburq” burada əlavə vaxtda 3:1 hesabı ilə qalib gəlmişdi. Hazırda rəqibləri cəmi bir xal ayırır və bu görüşdə aşkar favorit yoxdur.
“Verder” son iki rəsmi ev görüşündə — 2019-cu ildə 0:1, 2021-ci ildə isə 1:4 hesabı ilə uduzduğu “Paderborn”u qəbul edəcək. Bremenlilər cədvəldə daha yuxarıda olsalar da, bu tarixçə arxayınlaşmağa əsas vermir. “Şalke” – “Maynts” cütündə isə mənzərə əksinədir: hazırda qonaqların mövqeyi daha yaxşıdır, lakin 2022/23 mövsümündəki hər iki qarşılaşmanı gelzenkirxenlilər qazanıblar — 1:0 və 3:2. İndi meydan sahibləri hücumda artırmalıdırlar: beş turda vurulan cəmi dörd qol Miron Musliçin komandasının imkanlarını məhdudlaşdırır.
Bu turun proqramında ənənəvi regional derbilər yoxdur. Əsas gərginliyi liderlik uğrunda mübarizə, sabiq klublara qayıdışlar və artıq turnir cədvəlinin aşağı pillələrindən uzaqlaşmalı olan komandaların vəziyyəti yaradacaq.
VI turun oyun cədvəli. Başlama saatları Bakı vaxtı ilə göstərilib. Mötərizədə komandaların tur ərəfəsindəki yeri və xal sayı qeyd olunub.
16 oktyabr, cümə
- 22:30. “Ayntraxt” (14-cü, 5 xal) – “Köln” (10-cu, 7 xal).
17 oktyabr, şənbə
- 17:30. “Union” (16-cı, 4 xal) – “Borussiya” Dortmund (2-ci, 13 xal).
- 17:30. “Hamburq” (12-ci, 6 xal) – “Ştutqart” (11-ci, 6 xal).
- 17:30. “Verder” (7-ci, 8 xal) – “Paderborn” (15-ci, 4 xal).
- 17:30. “Şalke” (13-cü, 5 xal) – “Maynts” (8-ci, 7 xal).
- 17:30. “Elversberq” (9-cu, 7 xal) – “Auqsburq” (6-cı, 8 xal).
- 20:30. “Bavariya” (3-cü, 11 xal) – “Leypsiq” (5-ci, 9 xal).
18 oktyabr, bazar
- 17:30. “Bayer” (4-cü, 10 xal) – “Frayburq” (1-ci, 13 xal).
- 19:30. “Borussiya” Mönhenqladbax (18-ci, 0 xal) – “Hoffenhaym” (17-ci, 3 xal).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Oktyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















