Cəmiyyət sədri: Görmə məhdudluğu olanların qayğılarının yüngülləşdirilməsi əsas işimizdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür. Həmin günün qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatı onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.
O, ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.
Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumağı öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazların, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələrinin və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.
Ölkəmizdə görmə məhdudiyyəti olanlara göstərilən qayğı, onlara edilən güzəştlər və məşğulluq problemləri ilə əlaqədar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev AZƏRTAC-ın müxbirinə deyib: “Cəmiyyətimiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya və ölkəmizdə aparılan sosial siyasətə uyğun olaraq görmə imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsil, məşğulluq və ictimai həyata fəal inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirir. Ölkə üzrə görmə üzrə əlilliyi olan şəxslərin ümumi sayı 50 min nəfərə yaxın olsa da, cəmiyyətin 27 region təşkilatı onların təxminən 25 min nəfərini öz ətrafında birləşdirir.
Ölkəmizdə əlillərin, o cümlədən görmə məhdudluğu olanların həyat, mənzil-məşət şəraitinin və məşğulluğunun, sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Təkcə son illərdə 500 nəfər görmə imkanları məhdud şəxs mənzillə təmin edilib.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkə üzrə 1200–1500 nəfər görmə məhdudiyyətli şəxs daimi məşğulluğa malikdir. Bu heç də qənaətbəxş rəqəm deyil. Biz sağlamlıq imkanları məhdud olanların məşğulluğunun artırılması üçün mütəlif yollar axtarırıq.
2017-ci ildən başlayaraq Bakı 1 nömrəli Tibb Kolleci ilə əməkdaşlıq çərçivəsində hər il 20-25 nəfər masaj ixtisası üzrə təhsil alır və təhsil ocağını bitirəndən sonra sonra ixtisası üzrə məzun müxtəlif səhiyyə müəssisələrində işlə təmin olunur. Eyni zamanda, həmin vaxtdan əvvəlki illərdə fəaliyyət göstərmiş masaj məktəblərinin məzunlarının iş yerlərinin də qorunmasına çalışırıq.
Builki tədris ilində görmə məhdudiyyəti olan 25 gənc ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunub. Həmin tələbələrlə vaxtaşırı görüşərək onların təhsil və sosial adaptasiya prosesində üzləşdikləri çətinliklərin aradan qaldırlmasına kömək edəcəyik.
Metro ölkəmizdə ən geniş istifadə olunan nəqliyyat vasitəsidir. Hesablamalara görə, görmə məhdudiyyətli şəxslər il ərzində 80-100 min dəfə həmin nəqliyyat növündən istifadə edirlər. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq nəticəsində həmin nəqliyyat vasitəsindən istifadə edilməsinin görmə məhdudluğu olanlar üçün rahat və əlçatanlığını təmin etmək üçün müyəssərləşdirilmə işləri aparılıb, stansiyalarda xəbərdarlıq və istiqamətverici daktil xətlər quraşdırılıb. Həmin kateqoriyaya mənsub olanların xeyli hissəsi müşayiətçinin köməyi ilə hərəkət etdiklərinə görə son vaxtlar nəqliyyatda gediş haqqının artmasından sonra onlara güşəştli kartların verilməsi üçün məsələ qaldırmışıq.
İl ərzində təxminən 3-5 min nəfər görmə məhdudiyyətli şəxs dəmiryol nəqliyyatından istifadə edir. Onların rahatlığı üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yolu sərnişin dayanacaqlarında da görmə imkanları məhdud şəxslərin sərbəst və təhlükəsiz hərəkəti üçün istiqamətverici daktil xətlər çəkilib.
Qeyd etmək istəyirəm ki, görmə imkanları məhdud və mədəniyyət sahəsində təhsil almış şəxslərin ölkənin musiqi məktəbləri və mədəniyyət müəssisələrində işlə təmin olunmasına başlanılıb. Son iki ildə görmə məhdudiyyətli 30 nəfərə yaxın şəxs ölkənin musiqi məktəbləri və mədəniyyət müəssisələrində müəllim, konsertmeyster və texniki işçi kimi fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2019-cu il fevralın 18-də verdiyi qərarla “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin siyahısı”nda binokulyar korluq və binokulyar ağır görmə pozuntusu da pedaqoji fəaliyyət üçün məhdudiyyət yaradan diaqnozlar sırasına daxil edilib. 2022-ci il yanvarın 20-də verilən qərarla həmin siyahıda olunan dəyişiklik nəticəsində musiqi və incəsənət məktəbləri üçün istisna tətbiq edilib. Lakin həmin düzəliş ümumi təhsil müəssisələrinə şamil edilmədiyindən pedaqoji təhsili olan görmə imkanları məhdud şəxslərin məktəblərdə işləməsinə, həmçinin inklüziv cəmiyyətin inkişafına və onların inteqrasiyasına icazə vermir.
Cəmiyyətin nəzdində Brayl Nəşrləri və İnformasiya Resurs Mərkəzi fəaliyyət göstərir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həmin müəssisə üçün yeni printerlər alınıb, laminator və xüsusi proqram təminatı ilə təmin edilib. Yeni avadanlıqlar quraşdırılmasından sonra müəssisənin istehsal gücü 25–30 faiz atıb. Son illər ərzində 80–100 adda audio kitab hazırlanıb və 4 min nüsxə kitab görmə imkanları məhdud şəxslərin istifadəsinə verilib.
Son iki ildə Təhsil Nazirliyinin sifarişi ilə hərəsindən orta hesabla 15 nüsxə olmaqla 60 addan çox dərslik Brayl əlifbası ilə çap edilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən 20 adda dərslik sifariş edilərək inklüziv təhsil alan uşaqlara paylanılıb.
Bundan başqa, bp şirkəti ilə əməkdaşlıq nəticəsində 19 adda bədii, uşaq və tarixi mövzu da olan kitab Brayl üsulu ilə çap olunub və hər biri 50 nüsxə tirajla oxuculara təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 100 adda bədii və cizgi filminə tifloşərh əlavə edilərək gimiep.az portalında yerləşdirilib. JAWS səsli proqramının milli versiyası hazırlanaraq təmənnasız olaraq görmə məhdudiyyətli şəxslərə təqdim edilib.
Təhsil Nazirliyi ilə əməkdaşlıq nəticəsində dərsliklər Brayl əlifbası ilə çap edilib və bunun nəticəsində görmə imkanları məhdud uşaqların təhsilə bərabər çıxış imkanları yaradılıb. bp şirkəti ilə əməkdaşlıq nəticəsində həmin kateqoriyadan olanların mütaliə etməsi üçün bir sıra bədii kitablar Brayl üsulu ilə çap olunur. TİKA-nın dəstəyi ilə cəmiyyətin nəzdində fəaliyyət göstərən Brayl Nəşrləri və İnformasiya Resurs Mərkəzinin poliqrafik avadanlıqları yenilənib, istehsal imkanları genişləndirilib.
Cəmiyyətin təşkilati dəstəyi ilə hər il pytaxtda və ayrı-ayrı bölgələrdə Yeni il və Novruz şənlikləri, inklüziv tədbirlər və gənclərlə görüşlər keçirilir. Həmin tədbirlər görmə imkanları məhdud uşaqların sosial adaptasiyasına, özünəinamın formalaşmasına və cəmiyyətə inteqrasiyasına kömək edir.
Sağlamlıq imkanları məhdud olan həmin təbəqəyə məxsus şəxslərin qayğı və problemlərinin yüngülləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyası bizim üçün prioritet məsələdir və bu sahədə mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















