“Cibinizdəki telefondan, ödəniş kartından POS terminalla oğurluq edə bilərlər EKSPERT VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Son vaxtlar bank kartlarından oğurluqla bağlı yeni üsullar ortaya çıxıb. Fırıldaqçılar cibində daşıdıqları POS-terminallardan istifadə edərək insanların kartlarına yaxınlaşır, müəyyən məbləği çıxararaq dərhal uzaqlaşırlar.
Xüsusilə təsdiq tələb etməyən ödəniş sistemlərindən istifadə edənlər üçün bu daha böyük təhlükə yaradır. Çünki bu halda kart sahibinin xəbəri olmadan kiçik məbləğlər çəkilə bilər.
Bəs bu dələduzluq halına Azərbaycanda rast gəlinibmi?
Mövzu ilə bağlı İKT eksperti Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, bir neçə ildir ki, bu dələduzluq növü istifadə olunur:
“Xüsusən də keçən illərdə “YouTube”da yayılan videolarda görünürdü ki, iri iaşə müəssisələrində, geyim mağazalarında sıra gözləyən insanların, hansı ki əllərində telefonu var – yanına yaxınlaşaraq çantalarını telefona yaxınlaşdırırlar. Çantanın içərisində də bir POS-terminal olur və orada kiçik-kiçik ödənişlər həmin POS-terminalı adamın əlindəki telefona yaxınlaşdırmaqla çıxılırdı. Bu, bilinən bir kiberdələduzluqdur və bu tip halları illərdir xarici mediadan izləyirik. Azərbaycanda hələ ki, rast gəlinməyib”.
Eltac Zülfüqaroğlu


