Cizgi filmləri uşaqların dilini necə inkişaf etdirir? Psixoloq izah edir
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Müasir dövrdə cizgi filmləri uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə erkən uşaqlıq dövründə vizual materialların təsiri yüksək olduğundan, valideynlər cizgi filmlərinin uşaqların dil açmasına necə təsir etdiyi ilə maraqlanırlar. Mövzu həm müsbət, həm də mənfi tərəfləri ilə elmi araşdırmalarda da geniş yer alır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva cizgi filmlərinin uşaqların dil açma və dil inkişaf etdirmə prosessinə təsirindən danışarkən bildirdi.
Onun sözlərinə görə, cizgi filmlərinin uşaqların dil inkişafına müsbət təsirləri müxtəlif formalardadır:
"Birincisi, cizgi filmləri uşaqlarda söz ehtiyatını artıra bilər. Bu filmlərdə tez-tez gündəlik dialoqlar, yeni sözlər və ifadələr səslənir. Xüsusilə 3 yaşdan yuxarı uşaqlar eşitdikləri yeni sözləri təqlid edərək öz nitq repertuarına daxil edə bilirlər. İkinci olaraq, cizgi filmləri fonoloji bacarıqları, yəni səsləri düzgün eşidib ayırd etmə bacarığını dəstəkləyə bilər. Təmiz və aydın tələffüslə çəkilmiş keyfiyyətli cizgi filmləri uşaqlarda səslərin düzgün eşidilməsi və fərqləndirilməsini gücləndirə bilər. Cizgi filmləri həm də dil strukturunun modellənməsinə kömək edir. Əgər uşaq keyfiyyətli, dialoqa əsaslanan və yavaş tempdə olan cizgi filmlərinə baxırsa, bu, düzgün cümlə quruluşunu modelləşdirə bilər. Bəzi cizgi filmləri xarici dilləri də sadə cümlələrlə təqdim edərək uşağın təqlid etmə motivasiyasını artırır və xarici dil öyrənməyə dəstək verir".
Psixoloq cizgi filmlərinin müsbət təsirlərindən danışarkən mənfi təsirlərin də mövcudluğunu qeyd etdi. Dediyinə görə, cizgi filmləri passiv öyrənməyə səbəb ola bilər:
"Uşaq yalnız “dinləyən” tərəf olur, yəni dil inkişafı üçün qarşılıqlı ünsiyyətin əhəmiyyəti gözardı edilir. Dil yalnız qarşılıqlı ünsiyyətdə inkişaf edir, buna görə də yalnız cizgi filmləri izləmək, dil bacarıqlarının inkişafı üçün kifayət deyil. Həmçinin, ekrana uzun müddət baxmaq 0-3 yaş dövründə nitq gecikməsinə, gecikmiş sosial bacarıqlara və diqqət dağınıqlığına səbəb ola bilər. Araşdırmalar göstərir ki, 2 yaşdan aşağı uşaqlarda ekran istifadəsi beynin dil mərkəzlərinə mənfi təsir edir. Cizgi filmlərində sürətli kadr keçidləri də uşağın diqqət sistemini poza bilər. Bir çox cizgi filmi (məsələn, "Teletubbies" və bəzi "YouTube" animasiyaları) çox sürətli kadr dəyişiklikləri ilə uşağın diqqətini yorur. Bu, təqlid və dildə davamlılıq bacarığını zəiflədir. Bundan əlavə, bəzi cizgi filmlərində personajların danışıq tərzi şişirdilmiş və real həyatdan uzaq olur. Uşaq bu danışıq tərzini təqlid edərək qeyri-düzgün tələffüz və intonasiya problemləri ilə qarşılaşa bilər. Son olaraq, cizgi filmləri uşaqlarda sosial ünsiyyətin azalmasına səbəb ola bilər. Uşaq ekran qarşısında çox vaxt keçirəndə göz təması azalır, jest və mimikadan istifadə zəifləyir və dialoq bacarığı inkişaf etmir. Bütün bunlar dilin əsas baza bacarıqlarını formalaşdırır və uşağın sosial bacarıqlarına mənfi təsir göstərir".
Pərvanə Musayeva qeyd etdi ki, cizgi filmlərinin dil inkişafına faydalı olması üçün müəyyən şərtlər mövcuddur:
"İlk növbədə yaşa uyğun məzmun seçilməsi vacibdir. 0-2 yaş dövründə ekrana baxmaq tövsiyə olunmur. 2-4 yaş arası uşaqlar üçün gündə maksimum 30 dəqiqə, yavaş tempdə, dialoqlu cizgi filmləri tövsiyə edilir. 4 yaşdan yuxarı uşaqlar üçün isə məzmunun elmi və sosial dəyərinə görə seçilən cizgi filmləri gündə 1 saata qədər izlənə bilər. Həmçinin, valideynlə birlikdə baxmaq uşağın dil inkişafına müsbət təsir edir. Uşağın cizgi filmini izlədikdən sonra valideynlər tərəfindən verilən suallar - “bax, o nə etdi?”, “bu, nə deməkdir?”, “səncə sonra nə olacaq?” - uşağın nitqini aktivləşdirir. Baxışdan sonra isə oyunla möhkəmləndirmək, cizgi filmində gördüyü hərəkətləri və ya sözü oyunda təkrarlamaq uşağın dil inkişafını sürətləndirə bilər".
Müsahibimiz tövsiyə olunmayan cizgi filmlərindən də danışdı:
"Sürətli keçidlər, qışqırıq, yüksək stimul və ölçüsüz rənglərə malik olan cizgi filmlər tövsiyyə edilmir. Bir çox yutub kanalları buna daxildir və bu cür məzmun uşağın diqqətini dağıda və dil inkişafına mənfi təsir göstərə bilər. Ümumilikdə, cizgi filmləri uşaqların dil inkişafına müsbət təsir göstərə bilər, lakin onların istifadəsi diqqətlə idarə olunmalıdır. Dil açılması üçün əsas amil insanla qarşılıqlı ünsiyyətdir və cizgi filmləri bu ünsiyyəti tam əvəz etmir. Uşaqların dil inkişafı üçün ən yaxşı nəticə vaxt məhdudiyyəti, doğru məzmun və valideynlə birgə izah edilmiş baxışla əldə edilə bilər".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Noyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















