Dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri görülür
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir.
Bakıvaxtı.az xəbər verir ki, cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər.
Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər.
Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər.
Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır.
Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir:
• Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir.
• Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir.
• Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir.
• Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır.
• Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır.
Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















