Demokratik dövlətdə probasiya xidməti və ədalətin təmin edilməsi
Bütün məhkəmə və hüquq idarələri sistemi və onların fəaliyyətinin məcmusu ədalət və qanunçuluğun təmin edilməsinə yönəldilir və bu ədliyyə sisteminin də əsas vəzifələrinə və fəaliyyət dairəsinə aiddir. Ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Bu prinsipi isə hüquq-mühafizə orqanları həyata keçirir.
Hüquq-mühafizə orqanları sistemində Ədliyyə Nazirliyinin mühüm rolu və yeri vardır. Azərbaycan Respublikası dövlət müstəqilliyini elan edən vaxtdan ədliyyə qurumu da yaradılmış və sonrakı illərdə o inkişaf edərək Komissarlıq və Nazirliyə çevrilmişdir. Azərbaycan Ədliyyə Nazirliyi sistemində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi də fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 24 dekabr 2024-cü il tarixli fərmanı olmuşdur. Həmin fərmanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsi və ədliyyə sahəsinin inkişafı nəzərdə tutulmuşdur. Həmin fərmanla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturu və Kollegiyasının tərkibi təsdiq edilmişdir. Ədliyyə Nazirliyində bir sıra idarə və şöbələrlə yanaşı İcra və probasiya xidməti də (idarə səlahiyyətli) təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamı ilə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərələliyinin artırılması məqsədilə Probasiya xidməti təsis edilmişdir. Bu sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.
Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edir.
Probasiya termininin latıncadan mənası “sınaq” deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Probasiya ədliyyə sisteminin mühüm elementi olaraq, təqsirli şəxslərə iknci şans təqdim edir və ictimai təhlükəsizliyi təmin edir. Nəzarəti reablitasiya dəstəyi ilə birləşdirərək, həbs cəzasına humanist və maliyyə baxımından səmərəli alternativ təqdim edir. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etməkdən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir. Dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu rejim azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxslərin müəyyən şərtlərə əməl etməklə azadlığa buraxılmasıdır. Həmin şəxslər yenədə məhkumdur, lakin cəzasını cəzaçəkmə müəssisəsində deyil öz doğmalarının yanında çəkir. Təbii ki, nəzarətsiz buraxılmır, onun davranışına elektron qolbaq vasitəsi ilə nəzarət edilir.
Probasiya sistemi Azərbaycan Respublikasında bir qədər yeni olduğundan dünya praktikasında bu necə həyata keçirilir? ABŞ nümunəsində buna diqqət yetirək. Probasiya ABŞ cinayət ədliyyə sisteminin mühüm hissəsidir və həbs cəzasına alternativ olaraq xidmət edir. Bu, cinayətlərdə təqsirli bilinən şəxslərə müəyyən məhkəmə şərtləri altında cəmiyyət daxilində qalmağa imkan verir və onların nəzarət altında dəstəklənərək cəmiyyətə yenidən inteqrasiya olunmasına kömək edir. Probasiya reablitasiyanı və ictimai təhlükəsizliyi balanslaşdırmağa yönəlmişdir və federal, ştat və yerli səviyyələrdə həyata keçirilir.
ABŞ-da Probasiya müxtəlif növlərdə (formalarda) həyata keçirilir:
Formal (Nəzarətli) Probasiya: Bu Probasiya məmuru ilə müntəzəm görüşləri və məhkəmə tərəfindən təyin edilmiş şərtlərə ciddi riayət edilməsini tələb edir. Daha ciddi cinayətlərdə təqsirli bilinən şəxslər üçün bu adi haldır.
İnformal (Nəzarətsiz) Probasiya: Bu növdə Probasiya məmuru ilə müntəzəm görüşlər yoxdur; təqsirli şəxslər sadəcə qanuni problemlərdən uzaq durmalı və məhkəmə şərtlərini, məsələn, cərimələr və ya ictimai xidmətləri yerinə yetirməlidirlər. Bu formadan adətən xırda cinayətlər törədənlər üçün istifadə olunur.
İntensiv Probasiya: Bu yüksək riskli təqsirli şəxslər üçün çox strukturlaşdırılmış probasiya formasıdır. Buna tez-tez görüşlər, ev ziyarətləri, elektron nəzarət və sərt ziyarət tələbləri daxildir.
“Şok” Probasiya: Bu formada qısa müddətli həbs cəzası probasiya ilə birləşdirilir. Burada əsas məqsəd təqsirli şəxslərin əməllərinin nəticələrini dərk etməyə “şok” etməkdir.
ABŞ-da Probasiya tətbiq edilərkən aşağıdakı prinsiplər nəzərə alınır:
1. Reabilitasiya: Probasiya təqsirli şəxslərin davranışlarını təhsil, məsləhət, iş təlimi və digər dəstək xidmətləri vasitəsilə islah etməyə kömək edir.
2. Məsuliyyət: Probasiya altında olan şəxslər məhkəmə tərəfindən təyin edilmiş ciddi şərtlərə əməl etməlidirlər. Bu, probation ofisində müntəzəm qeydiyyatdan keçmə, narkotik testləri və müalicə proqramlarında iştirak kimi şərtləri əhatə edə bilər.
3. İctimai Təhlükəsizlik: Probasiya, təqsirli şəxslərin davranışlarını diqqətlə izləməklə və qanuni şərtlərə əməl etmələrini təmin etməklə ictimaiyyəti qorumağa yönəlmişdir.
4. Xərc effektivliyi: probasiya həbsxanadan xeyli ucuzdur və bu, cəmiyyət üçün minimal təhlükə yaradan şəxslərin idarə edilməsinin maliyyə baxımından davamlı variantıdır.
Məhkəmələr tərəfindən əsasən məhkumun üzərinə iki məhdudiyyət tətbiq edilir: bunlar ərazi və vaxt məhdudiyyətidir, lakin məhkəmələr tərəfindən digər məhdudiyyətlər də qoyula bilər. Məhdudiyyət pozuntusu hallarında monitorinq mərkəzinə xəbərdarlıq siqnalı gəlir. İlk 15 dəqiqə ərzində monitorinq mərkəzinin əməkdaşları tərəfindən qayda pozuntusunun aradan qaldırılması istiqamətində tədbirlər görülür. Həmin tədbirlər nəticə vermədikdə məhkumun qeydiyyat yeri üzrə icra məmuruna məlumat verilir və icra məmuru qanunvericiliyə uyğun tədbirlər görür.
Azadlıqdan məhrumetmə cəzasının adından da göründüyü kimi, məhkumun məhkəmənin müəyyən etdiyi məhdudiyyətlər çərçivəsində sərbəst hərəkət etmək hüququna malik olmasından ibarətdir, daha dəqiq desək, elektron qolbağın əsas vəzifəsi məhkumun cəmiyyətdən təcrid olunmadan, ailəsindən, təhsilindən, işindən ayrılmadan cəza çəkməsindən ibarətdir.
Probasiya nəzarəti – azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların habelə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
ABŞ-da probasiya müddətində şəxslər məhkəmə tərəfindən təyin edilmiş xüsusi şərtlərə əməl etməlidirlər, bunlar: Məcburi qeydiyyat, Məşğulluq və ya Təhsil Tələbləri, Narkotik və Alkoqol Testləri, İctimai xidmət, Müalicə proqramları, Zərərçəkmişlərin təzminatı və s. Burada probasiya məmurları probasion altında olan şəxslərə nəzarət etməkdə əsas rol oynayırlar. Onların iki əsas vəzifəsi var:
1. İcra: Probasiya şərtlərinə riayət edilməsinin monitorinqi. Ev ziyarətləri, narkotik testlər və irəliləyiş hesabatların hazırlanması. Qanun pozuntularını məhkəməyə bildirmək və cəzaların və ya probasiya şərtlərinin dəyişdirilməsini tövsiyə etmək.
2. Dəstək və Reabilitasiya: Probasiya altında olan şəxslərə mənzil, iş və ya məsləhət resurslarına çıxış əldə etmək. Təkrar cinayətlərin qarşısını almaq üçün davranış dəyişikliklərini təşviq etmək.
ABŞ-da Federal Probasiya ABŞ Məhkəmələrinin İdarəetmə Ofisinin nəzdində fəaliyyət göstərən ABŞ Probasiya və Məhkəməqabağı Xidmətlər Sistemi tərəfindən idarə olunur. Bu sistem federal cinayətlərdə təqsirli bilinən şəxsləri və nəzarət şərtləri altında azad edilən şəxsləri idarə edir. Ştat və Yerli Probasiya nəzarət və reabilitasiya prinsiplərinə uyğun aparılır.
Respublikamızda Cəzaların İcrası Məcəlləsinə 01 dekabr 2017-ci ildə olan dəyişiklik əsasında 15-1-ci maddə əlavə edildi. Bu maddə “Probasiya nəzarəti” ilə bağlıdır. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, “İcra haqqında” və İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər:
1. Məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək.
2. Məhkumun olduğu yer müəyyən edilmədikdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək.
3. Məhkumun olduğu yer müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsatət vermək;
4. Probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirmək.
Elektron nəzarət vasitələrinin istifadə qaydası Azərbaycan Respublikası Nazirlər kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” qaydaları ilə müəyyən edilir. Bu qaydalara əsasən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər:
1. Elektron qolbaq: Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır.
2. Mobil nəzarət qurğusu: Elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır.
3. Ev siqnal ötürücüsü elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarətdir.
Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
Monitorinq mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərlə operativ əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir.
Qeyd edilməlidir ki, elektron qolbağın tətbiqi təkcə hüquqi islahat deyil, ümumilikdə həm iqtisadi, həm də böyük sosial-psixoloji mahiyyətə malikdir. Bu da cinayət etmiş şəxsə əlavə şans verir ki, cəmiyyətdən təcrid olunmadan etdiyi xətanı anlaya bilsin. Sonda onu qeyd etmək lazımdır ki, cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.
Elşən Hacıyev,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin baş məsləhətçisi