Dərs ilində sıxlığı aradan qaldırmaq üçün maraqlı qərar XARİCİ TƏCRÜBƏ
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Özbəkistan hökuməti yeni tədris ilinin ilk günündə sıxlığı aradan qaldırmaq üçün maraqlı qərar verib.
Avtosfer.az xəbər verir ki, ölkədə tədris ili sentyabrın 2-də başlayacaq (Müstəqillik gününə görə 1 qeyri-iş günü əlavə edilib). Lakin ilk gün heç də hamı dərsə getməyəcək.
Orta məktəb şagirdləri və 1-ci kurs tələbələri üçün dərslər sentyabrın 2-də başlayacaq. Yuxarı kurs tələbələri və təhsilin daha yüksək pillələrində isə dərslər bir həftə gec – 8 sentyabrda başlayacaq. Məqsəd ilk dərs günü izdihamı aradan qaldırmaq, nəqliyyatın işini yüngülləşdirməkdir.
2024-2025-ci tədris ilində isə Daşkənd metropoliteninin işini yüngülləşdirmək üçün ali məktəblərdə dərslərin başlanma saatları dəyişdirilmişdi.
Bunlar təqdirlayiq işlər olsa da, keçmiş SSRİ məkanında elə sovetdənqalma stereotiplərin dəyişmədiyini göstərir: Avropada ali məktəblər məşğələlərin vaxtını sərbəst müəyyən etdikləri halda, postsovet məkanında əksər işlər inzibati yolla həll edilir.
Dərs cədvəlində ediləcək cüzi dəyişikliyi dekan universitet rəhbərliyi ilə razılaşdırır, xırda istisnalarla bütün ali məktəblərdə zəng sistemi saxlanılır (bəzi “yaradıcı rektorlar” monoton zəngi milli musiqi ilə əvəzləyirlər), sərt növbə sistemi tətbiq olunur.
Vüqar Yaşaroğlu


