Dost dövlətlərindən Azərbaycan Prezidentinə təbriklər!
Son iyirmi bir ildə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə əldə olunan uğurlar, dinamik inkişaf, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər və s. əldə olunan nailiyyətlərdir. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün Azərbaycan öz QÜDRƏTLİ LİDERİNİN uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm layihələrlə, islahatlarla gələcəyə doğru irəliləyir. Azərbaycana dost və qardaş olan olan ölkələr ölkəmizin bu uğurlarına sevinirlər.
Azərbaycana bu nailiyyətləri bəxş edən, onun dünya miqyasında imicini daha da yüksəldən dövlət başçımız İlham Əliyevə 24 dekabr doğum günü münasibəti ilə gələn dost təbrikləri Prezidentimizin beynəlxalq aləmdəki nüfuzunun təzahürüdür. Təbriklərdə ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə dövlət başçımız İlham Əliyevə prezidentlik fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıblar.
DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİN DAHA BİR NÜMUNƏSİ
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Şavkat Mirziyoyev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.
Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Əlbəttə ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir.
AZƏRBAYCAN DÜNYA ARENASINDA MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR
Azərbaycanla Rusiya arasında münasibətlər və əlaqələr də uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrikində Onun rəhbərliyi ilə dost Azərbaycanın sosial-iqtisadi inkişaf yolu ilə inamla addımladığın, dünya arenasında öz mövqeyini möhkəmləndirdiyni bildirib: "Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulmasına və möhkəmləndirilməsinə şəxsi töhfənizi olduqca yüksək qiymətləndirirəm. Mehriban yoldaşlıq əlaqələrimizi çox dəyərləndirirəm. Əlbəttə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı birgə sıx işimizin davam etdirilməsinə şad olaram. Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram", - fikirləri təbrikdə yer alıb.
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
BEYNƏLXALQ SÜLH, SABİTLİK VƏ ƏMİN-AMANLIĞIN TƏMİNATINA CİDDİ TÖHFƏ
Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində tədbirlər həyata keçirilir. Bu gün TDT dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Belə ki, TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin Azərbaycan Prezidentinə ünvanladığı təbrikdə qeyd olunur ki, Azərbaycan Respublikası İlham Əliyevin liderliyi və müdrik siyasəti sayəsində dünyadakı nüfuzunu daha da möhkəmləndirmiş, beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilmişdir: "Bu yaxınlarda Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü zamanı Sizinlə görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayır, təşkilatın inkişafı məqsədilə göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
TÜRK XALQLARI ARASINDA MƏDƏNİ İNTEQRASİYA VƏ HƏMRƏYLİK
TÜRKSOY-un Baş katibi Sultan Raev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adından Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə səmimi təbriklərini çatdırıb: "Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır. Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir."
"MULTİKULTURALİZM QƏBUL EDİLMƏLİ OLAN BİR NEMƏTDİR"
Daha bir təbrik İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanıb. "Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi inkişafın, firavanlığın, sülhün və sabitliyin hökm sürdüyü dinamik inkişaf edən dövlətə çevrilib. Bunun, əlbəttə ki, ən gözəl təcəssümü ölkənizin nümunəvi dini tolerantlıq və anlayış modelidir. Xüsusilə antisemitizmin bütün dünyaya yayıldığı bu dövrdə Azərbaycan birlikdə harmoniyada yaşamaq üçün kollektiv potensialın parlaq nümunəsidir. Bununla da Siz atanız, möhtərəm Heydər Əliyevin əziz xatirəsini uca tutaraq bütün sahələrdə olduğu kimi, onun sülh yolunu da davam etdirirsiniz", - deyə təbrikində bildirən İsxak Hersoq Azərbaycan Prezidentinin "multikulturalizm qəbul edilməli olan bir nemətdir", - fikrini xatırladaraq dövlət başçımızın bu səmimi münasibətini birbaşa hiss edən Azərbaycanın yəhudi icmasının xalqlarımızı daha möhkəm birləşdirən canlı körpü rolunu oynadığını qeyd edib: "Sizin ölkənizlə strateji tərəfdaşlığımız həm İsrail, həm də daha geniş regionumuz üçün sabitliyi təmin edir. Biz bir çox sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək və möhkəmləndirmək üçün Sizinlə işləməyə davam etmək fürsətinə görə dərin minnətdarlığımızı bildiririk. Gözəl ölkənizə səfərimiz zamanı Sizin və birinci xanım Mehriban Əliyevanın məni və xanım Mixalı səmimi və xoş qarşılamağınızı həmişə xatırlayır və bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, yaxın gələcəkdə həm Sizi, həm də birinci xanım Mehriban Əliyevanı İsraildə qarşılamaq şərəfinə nail olacağam. Əlbəttə, mən də Sizi növbəti dəfə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda görməyi səbirsizliklə gözləyirəm. Bu xoş fürsətdən istifadə edərək, Sizi keçən ay COP29-a uğurla ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Azərbaycan millətlər birliyində liderdir və bu, gələcək nəsillərin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunuzun növbəti təzahürüdür".
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn və başqalarını təbrikində Prezident İlham Əliyevin yorulmaz səyləri və uzaqgörən siyasəti sayəsində Azərbaycanın sosial sabitliyin, iqtisadi davamlılığın və beynəlxalq nüfuzun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə olunduğu diqqətə çəkilir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin təbrikində bildirilir: "Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir. Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb. Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram".
Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə ünvanlanan təbriklər kifayət qədərdir. Hər təbrikdə dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın inkişafı və daha da yüksəldilməsi məqsədi ilə reallaşan işlər, həyata keçirdiyi təbiriklər, dünya dövlətləri ilə qurduğu qarşılıqlı anlaşma əsasındakı dost münasibətləri öz ifadəsini tapıb.
Zümrüd BAYRAMOVA