Dövlətin əsas prioritetlərindən biri təhlükəsizliyin qorunması
DTX-nin və DİN-in keçirdiyi birgə əməliyyat “Quru sərhədləri niyə bağlı saxlanılır” sualına bir daha aydınlıq gətirdi
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə, ictimai müzakirələrdə çoxsaylı rəylər ifadə olunur. Buna ən yüksək səviyyədə dəfələrlə münasibət bildirilsə də, bəzi qüvvələr məsələyə qərəzli yanaşmalarını davam etdirirlər və süni ajiotaj yaratmağa çalışırlar.
Əlbəttə, quru sərhədlərinin bağlı qalması səbəbindən insanların narahatlığı başadüşüləndir- səfərlərin hava nəqliyyatı ilə həyata keçilməsi baha başa gəlir ki, bu da bir çoxlarının ailə büdcəsi üçün çətinliklər yaradır. Bu baxımdan quru sərhədlərinin açılması arzuediləndir. Ancaq quru sərhədlərinin bağlı qalmasını şərtləndirən daha ciddi amillər var. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin bu günlərdə keçirdiyi birgə əməliyyat məsələyə müəyyən qədər aydınlıq gətirdi. Beləliklə, ölkənin quru sərhədləri niyə bağlı saxlanılır?
Azərbaycan da risk zonasına daxildir
Xatırladaq ki, Azərbaycanda quru sərhədlərinin bağlanılması yeni növ koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin martında ölkədə ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilməyə başlayıb. Məqsəd həmin dövrdə təhlükəli xəstəliyə yoluxma arealının məhdudlaşdırılması idi. Pandemiyanın pik mərhələsi sona çatdıqdan sonra da xüsusi karantin rejimi çərçivəsində quru sərhədlərinin bağlı qalması müddəti bir neçə dəfə uzadılıb. Xüsusi karantin rejiminin müddəti sonuncu dəfə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
Sərt qapanmalara zərurətin aradan qalxdığı indiki mərhələdə quru sərhədlərinin bağlı saxlanılmasını şərtəndirən ən mühüm amillərdən biri ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Hazırda regional və qlobal miqyasda cərəyan edən proseslər hər kəsə bəllidir. Milli dövlətlərin təhlükəsizliyinə ciddi təhdidlər var. Bu təhdidlər bir sıra hallarda ayrı-ayrı dairələr və imperialist güc mərkəzləri tərəfindən məqsədyönlü şəkildə ixrac edilir. Azərbaycan da risk zonasına daxildir. Ölkənin uğurlu inkişafı, öz gücünə ümummilli hədəflərinə çatması - ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi xaricdəki güclü erməni lobbisinə bağlı olan Azərbaycanofob dairələrdə ciddi qısqanclıqla qarşılanır. Onlar hansısa bir yolla ölkəmizin inkişafına və sabitliyinə xələl gətirməyə çalışırlar. Bu kimi reallıqlar fonunda Azərbaycan iqtidarının sərhəd məsəlləsinə həssas yanaşma sərgiləməsi tam başadüşüləndir. Yeri gəlmişkən, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında quru sərhədlərinin bağlı saxlanılmasının vacibliyinə bir neçə dəfə diqqət çəkib: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.
Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır. Bir anlığa dünyanın mənzərəsini göz önündə canlandıraq. Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, miqrant axını... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir. Biz qlobal miqyasda cərəyan edən proseslərdən görürük ki, sabitliyi pozulan dövlətlər inkişafdan geri qalır, insanlar xaosdan, anarxiyadan əziyyət çəkirlər.
Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Belə ki, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, sabaha ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
DTX-nin və DİN-in birgə əməliyyatının üzə çıxartdığı reallıqlar
Qeyd etdiyimiz kimi, bu günlərdə DTX və DİN birgə əməliyyat həyata keçirib. Qusarda “Meşə qardaşları” adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar və saxlanc yerləri aşkar edilib. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı yaydığı birgə məlumatda bildirilib. Sitat: “Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar”.
Məlumatda vurğulanıb ki, aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.
Əməliyyat zamanı dövlətə və vətəndaşlara ciddi təhlükə yarada biləcək terror planlarının, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qanunsuz silahlı birləşmələrin ölkə daxilində məskunlaşmasının qarşısı alınıb. Birgə əməlliyyat ortaya bir sıra reallıqlar qoyub. Məlumdur ki, Azərbaycana yaxın coğrafiyalarda terrorçuluq riskləri həmişə mövcud olub. Ayrı-ayrı ölkələrdə radikal dini qruplar, müxtəlif terror təşkilatları daim fəaliyyət göstərirlər. Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr fonunda terrorçu qruplaşmaların aktivliklərini artırdıqları müşahidə olunur. Eyni zamanda, Azərbaycanofob dairələr daxili sabitliyimizi pozmaq, milli həmrəyliyimizə zərbə vurmaq məqsədilə ölkəyə terror qruplaşmalarının sızdırlmasında maraqlıdırlar. Bu kimi risklər fonunda dövlətimiz ciddi təhlükəsizlik tədbirləri görür. Quru sərhədlərinin bağlı saxlanılması da milli təhlükəsizliyimizə təhdid risklərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Quru sərhədləri açıq olarsa, ölkəyə xaricdən silahlı terrorçuların və radikal dini ünsürlərin sızmaları asanlaşar.
Quru sərhədlərinin bağlı saxlanılmasının zəruriliyini şərtləndirən digər səbəblər də var. Açıq quru sərhədləri eyni zamanda narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin artmasına səbəb ola bilər. Bağlı sərhədlər bu cür halların minimuma endirilməsinə kömək edir.
Daha bir mühüm məqama diqqət çəkək. Qeyd etdiyimiz kimi, bizə yaxın coğrafiyalarda sonu görünməyən müharibələrin arealı genişlənir. Belə bir şəraitdə quru sərhədlərinin açıq saxlanılması respublikamıza qanunsuz miqrant axınına səbəb ola bilər. Nəzərə alaq ki, sabit və inkişafda olan ölkə kimi Azərbaycanın cəlbediciliyi kifayət qədər yüksəkdir. Quru sərhədlərinin bağlı olması bu axının qarşısını amağa kömək edir.
Bu kimi reallıqlar fonunda redikül müxalifət düşərgəsində yer alanların, bəzi blogerlərin quru sərhədlərinin bağlı saxlanılmasına görə əsassız iddialar səsləndirlmələrinin heç bir məntiqi əsası olmadığı aydın görünür. Onlar bu mövzu ətrafında, necə deyərlər, stəkanda fırtına qoparmaqla açıq-aşkar Azərbaycanofob dairələrin dəyirmanına su tökmüş olurlar. Təkrar edirik, Azərbaycanofob dairələrin yeganə məqsədi hansısa yollarla daxili sabitliyi pozmaqla ölkəmizin inkişafına zərbə vurmaqdır. “Quru sərhədləri açılsın” deyən “Beşinci kolon” təmsilçiləri də düşmən dairələrin yedəyində gedirlər. Azərbaycan iqtidarı üçün isə milli maraqlarımız, xalqın, dövlətin taleyi, təhlükəsizliyin qorunması əsas prioritetdir.
Mübariz ABDULLAYEV