Icma.az
close
up
RU
Drina körpüsü İvo Andriçin romanından bir hissə

Drina körpüsü İvo Andriçin romanından bir hissə

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvo Andriçin anım günüdür.

Kulis.az onun "Drina körpüsü" romanından bir hissəni Əyyub Qiyasın tərcüməsində təqdim edir.

İndi o dövrlərə qayıtmalıyıq ki, o vaxtlar bu sahillərdə körpü söhbətini ağlına gətirən belə yox idi, özü də belə bir körpü.

Yəqin, həmin o uzaq zamanlarda yorulub əldən düşən, islanıb cücəyə dönən yolçular bu yerlərə çatanda möcüzə nəticəsində qarşısında bir körpü arzulamış, sahildən sahilə keçmək, mənzil başına tez, maneəsiz yetişmək barədə düşünmüşdü. Heç şübhə yoxdur ki, insanlar lap qədimlərdən səyahət etməyi sevirlər, səyahət varsa, demək, yol boyu qarşıya çıxacaq maneə də var və unutmaq lazım deyil ki, yolçuların əbədi arzusu həmin maneələri dəf etmək, gecələmək üçün isti, təhlükəsiz yer tapmaq olub, amma bu yerlərə çatanda, təbii ki, arzular daşa dirənib. Amma bir gün bütün səylər yerini insanın dəmir iradəsinə təslim edir, arzu gerçəyə çevrilir.

İlk dəfə bu yerdə körpü tikmək arzusu 1516-cı ildə yaxınlıqdakı Sokoloviçi kəndindən alınıb uzaq, gözqamaşdırıcı və heyrətli İstanbula aparılan on yaşlı oğlanın xəyalında yaranmışdı.

O vaxtlar sahilləri yamyaşıl, bəzi yerlərdə sal qayalara çırpılan, bəzi yerlərdə suları boz qumları yuyan bulanıq dağ çayı Drina buralara çatanda sanki utandığından səsini boğardı. Şəhər o vaxt da vardı, amma görünüşünə, ölçüsünə görə başqa cür idi. Çayın sağ sahilindəki sıldırım qayalar üstə – hansı ki, oralar indi xarabalığa çevrilib – o vaxtlar möhtəşəmliyini itirməyən Bosniya krallığının çiçəkləndiyi dövrlərin yadigarı Köhnə şəhər bürcləri, qazamatları, qala divarları ilə birlikdə ucalır, Pavloviçlərin (Pavloviçlər XIV-XV əsrlərdə bosniyalı məşhur zadəgan nəsli olub) ağalığının nişanəsi kimi diqqət çəkirdi. Qala divarlarının altında xristianların yaşadığı Meydan və Bıkovaç kəndləri və onların yanındakı başdan-başa müsəlmanlaşdırılmış Duşçe qəsəbəsi yerləşirdi. Aşağıda, Drina ilə Rzava çayları arasındakı ərazidən keçən, sonradan bu şəhərə çevrilən dərə ilə düzənliyi birləşdirən yolun üstündə taxta komalar, o vaxtlar üçün nadir hesab olunan dəyirmanlar vardı.

Drinanın yol ilə kəsişdiyi yerdə Vışeqrad şəhərin əsas, məşhur bərəsi işləyirdi. Bərə işlənməkdən qaralmış, köhnə bir şey idi, bərəçi Yamaka isə qaraqabaqlığı, bacarıqsızlığı ilə tanınır, bir şey soruşub cavab alana qədər adamı haldan çıxarırdı. O, yekəpərin, qoluzorlunun biriydi, neçə-neçə müharibədə iştirak edib şikəst olmuşdu, beləcə, heyvərə kimi ad çıxarmışdı. Onun bir gözü, bir qulağı, bir ayağı (ikincisi ağacdan idi) vardı. Qaraqabaq Yamak işini salamsız-kəlamsız görər, adamları, yükləri bir sahildən o birinə keçirərdi, amma vicdanlı və düz adam idi, elə buna görə də yaxşı xüsusiyyətlərindən də, kobudluğu və sərbəstliyindən də camaat ağız dolusu danışardı. Daşıdığı yolçuların heç biriylə kəlmə kəsməz, suallara cavab verməzdi. Xidmətindən istifadə edənlər mis pulları bərənin qaralmış taxta döşəməsinə tullayar, pullar da axşama qədər orada suyun, kirin içində qalardı, axam işini bitirəndə Yamak bərəyə dolan suyu, lili boşatmaq üçün abgərdəni götürüb ağır-ağır əyilər, həm yerə səpələnən pulları yığar, həm də təmizlik işləri görərdi.

Bərə yalnız axının sürəti ilə suyun səviyyəsi normanı keçəndə işləyirdi, amma elə ki, çay müəyyən səviyyəyə qədər qalxdı, Yamak yöndəmsiz bərəsini çay körfəzinə çəkib körpüyə bağlayırdı, Drina da nəhayətsiz dəniz kimi ləngər vurar, çayı üzüb keçmək olmazdı. Belə günlərdə Yamakın ikinci, sağlam qulağı da eşitmirdi, adam işini gücünü atıb Köhnə şəhərə qazanc dalınca yollanardı. Bərə işləməyəndə səhərdən axşamadək çayın qayalı sahilində Bosniyadan gələn donmuş, islanmış yolçularla qarşılaşmaq olurdu. Onlar ümidsiz baxışlarla, mənasız yerə uzaqlara baxar, bərəni, bərəçini görməyə çalışar, arabir bulanıq sulara boylanıb çığırışardılar:

– Eheyyy, Yamak, hardasan?

Amma cavab verən olmaz, sular məcrasına dönənə, çay sakitləşənə qədər heç kəs gözə dəyməzdi və bu həsrətlə gözlənilən anı qaşqabaqlı, heç kəsə izahat verməyən, bir kəlmə artıq söz danışmayan Yamak özü təyin edərdi.

Drinanın sağ sahilində sıxışıb qalan şəhər, daha doğrusu, görünüşü, ölçüləri ilə heç nəyə oxşamayan o vaxtkı cansıxıcı qəsəbə artıb böyüyəndən sonra çay üstə körpü tikildi, o yerlər ticarət və rabitə mərkəzinə çevrildi.

Həmin o noyabr günü çayın sol sahilinə atları yüklənmiş karvanla gələn adamlar gecələmək üçün düşərgə qurdular. Yeniçər başçısı silahlı dəstəsilə birlikdə şərqi Bosniya kəndlərinə yürüşdən geriyə – İstanbula qayıdırdı. Yürüş zamanı yeniçər ordusundakı əsgərlərin sayını artırmaq üçün xeyli xristian uşağı toplamışdı.

Qanla ödənən sonuncu xərac toplanışının üstündən altı il keçdiyindən, budəfəki toplanış asan və xeyli qənimətlə başa gəlmişdi; yeniçərlər çətinlik çəkmədən on yaşından on beş yaşınadək olan sağlam, ağıllı və yaraşıqlı oğlanlar seçmişdilər. Amma valideynlərin çoxu uşaqlarını meşədə gizlətmiş, bəziləri övladlarına özünü ağıldankəm, şikəst göstərməyi öyrətmişdi. Bir çoxları da yeniçər başçısının gözünə iyrənc görünsün deyə övladına cır-cındır geydirmiş, üst-başını çirkə, zibilə bulamışdı. Hətta aralarında balasını doğrudan da şikəst edən, əlindəki barmağı kəsənlər də vardı.

Seçilmiş uşaqları gödəkboy Bosniya atlarının karvanı ilə aparırdılar. Atların hər tərəfindən meyvə daşımaq üçün istifadə olunan iki səbət asılmışdı, hər səbətdə qucağında evin son xatirəsi kimi kömbə çörəyi olan oğlan vardı. Atlar hərəkət etdikcə cırıldayan, aramla yellənən səbətlərdən oğurlanmış uşaqların heyrətdən və qorxudan karıxmış baxışlarını görmək olurdu. Kimisi atların sağrısından boylanaraq, doğma yerlərin füsunkar gözəlliklərini seyr edir, kimisi gözünün qorasını əlindəki çörək tikəsinin üstünə axıdaraq ürkək-ürkən baxır, kimisi də başını yəhərə qoyub məsum-məsum yatırdı.

At karvanından bir qədər aralı uşaqların valideynləri, qohumları nizamsız dəstələrlə vurnuxurdular, onları qorxudan övladlarının qürbət yerlərdə sünnət edilib müsəlman olacaqları, öz dinlərini, yurd-yuvalarını əbədi olaraq unudacaqları, yeniçər ordusu tərkibində, ya da başqa bir vəzifədə bir ömür Türk imperiyasına xidmət edəcəkləri düşüncəsiydi. Onların əksəriyyəti qadınlar – seçilmiş oğlanların anaları, nənələri və bacıları idi. Qadınlar yaxına gələn kimi atlı mühafizəçilər nərə çəkərək dəstələrin üstünə şığıyır, hay-küylə adamları qovur, qamçılayırdılar. Qadınlar pərən-pərən düşüb yol kənarındakı meşədə gizlənir, az sonra yenidən çıxır, yenidən karvanın arxasına düşərək heç olmasa bir dəfə də səbətin içindəki balasını görmək ümidilə vurnuxurdular. Anaları heç cür ovutmaq olmurdu. Onlar yola-izə baxmadan gedirdilər; üzgün, saçları dağınıq, ağlı başdan çıxmış, sanki ölü üstə ağı deyirmiş kimi, nalə çəkərək, zahı qadınlar sayağı, ağlamaqdan kor olmuş qadınlar özlərini mühafizə dəstəsinin üstünə atır, əvəzində kürəklərində onların qamçısının göynərtisini hiss edirdilər. Amma buna baxmayaraq, yenə sakitləşmir, qəzəblə soruşurdular: “Axı onu hara aparırsız? Məndən alıb hara aparırsz onu?” Bəziləri sanki iki kəlmə ilə oğluna son nəsihətini verməyə, ayrılığın son ismarışını çatdırmağa çalışırdı:

– Canım oğlum, ananı unutma ha…

– İlya, İlya, İlya! – qadınlardan biri durmadan çığırır, dəli baxışlarla oğlunun doğma, tanış başına baxır, az qala bu adı çağırmaqla onu yaddaşına yazmağa səsləyirdi, hansı ki, bir neçə gündən sonra həmin ad əbədi olaraq unudulacaqdı.

Amma yol uzun, torpaq sərt, canlar zəif, sultanın qoluzorluları isə qəddar və rəhmsizdir.

Həmin o noyabr günündə, həmin o çoxsaylı səbətlərdən birindən ucqar dağ kəndi Sokoloviçidən olan on yaşlı, qara saçlı oğlan boylanırdı. Balaca, sivri bıçağı soyuqdan qızaran əlində tutaraq içində oturduğu səbətin altını yonur, eyni zamanda diqqətlə ətrafı izləyirdi. Ətrafı keçisöyüdü ilə dolu qayalı sahili, altında gecələməli olduqları, pərləri hörümçək toruyla dolu dəyirmanı, dünyanı vecinə almayan bərəçini yadda saxlamağa çalışdı. Bir qədər sonra Drina hər şeyi ağuşuna alıb qarğa-quzğuna yem edəcəkdi…

Bütün bunlar onun ruhuna fiziki ağrı kimi dolmuşdu və hər şey həmin o məşum, unudulmaz, onun taleyini, dinini, adını, atasının adını dəyişən noyabr gününün xatirəsindən qopub gəlirdi.

Həmin o səbətin içini oyan oğlanın sonrakı taleyi dünyanın bütün dillərində dastana çevrildi, hər kəs ondan xəbər tutdu, bizim onu tanıdığımızdan çox başqaları tanıdı. Bir müddət sonra həmin o, cavan, xeyirxah oğlan sultan sarayında silahları mühafizə etdi, sonra donanmada admiral – kapudan-paşa, lap axırda da sultanın kürəkəni, sərkərdəsi, dövlət xadimi oldu. Bütün dünyada Sokollu Mehmet-paşa kimi ad çıxartdı. Az qala üç qitədə qalibiyyət savaşında iştirak etdi, Türk imperiyasının sərhədlərini genişlətdi, ədaləti və səxavəti ilə ad çıxartdı, ölkəni daxildə ağılla idarə etdi. Öz altmış illik həyatı boyu Mehmet-paşa üç türk sultanı ilə çalışdı, onların dərdinə, sevincinə şərik oldu…

"Hazırlaş, aparım səni Bakıya, dişlərini düzəltdirim..." - Bəhruz Tağızadə “Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı? Şair Əşrəf Veysəlli: "Əkrəm Əylisli 15 il kitabımı çap etmədi..." - Müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri