Icma.az
close
up
RU
Dünya sənsiz də davam edir 60 yaşın etirafı

Dünya sənsiz də davam edir 60 yaşın etirafı

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Adam ən çox demədiyi sözlərə heyfsilənir. Vaxtında açmadığı qapılara, sabaha saxladığı görüşlərə, zəng etməyə ərinib özünə verdiyi yalançı təsəlliyə: "Nə olsun, sabah danışarıq".

Bəlkə sabah gəlməyəcək. İnsan bunu bilir, amma yenə də hər şeyi sabaha saxlayır. Sevgisini, üzrünü, etirafını, bəzən də həyatını. Elə bilir ki, vaxt həmişə onun tərəfindədir. Halbuki vaxt heç kimin tərəfində deyil. O, sadəcə axmaqdadır.

Bir gün hansısa evdə sənin oturduğun yer boş qalır. Əvvəlcə hamı o boşluğu hiss edir. Sonra həyat öz axarına düşür. Süfrə açılır, söhbətlər edilir, pəncərələr bağlanır. Adın çəkilir, sonra daha az çəkilir. Bir müddət sonra səni xatırladan hadisələr də azalır. Ən dəhşətlisi budur - dünya sənsiz də davam edir.

Bəlkə insanın ən böyük qorxusu ölmək deyil, yoxluğunun bu qədər adi görünməsidir. Bir vaxtlar elə bilirsən ki, sən olmasan, hər şey dayanacaq. Sonra anlayırsan ki, heç kimin həyatı sənin yoxluğunla sona çatmır. İnsanlar ağlayır, darıxır, xatırlayır, amma yaşamağa davam edirlər.

Qəbiristanlıqda ən ağır şey torpaq deyil. Orada artıq heç nəyi düzəldə bilməyəcəyini bilməkdir.

Nə yarımçıq söhbəti bitirə, nə incitdiyin adamdan halallıq ala, nə də vaxtında deyə bilmədiyin "səni sevirəm" sözünü ünvanına çatdıra bilərsən. Ölüm insanın əlindən təkcə həyatı deyil, seçim imkanını da alır. Geriyə peşmanlıq, cavabsız suallar, birdəfəlik bağlanmış qapılar qalır. Evlər satılır. Kitablar rəflərdən düşür. Vəzifələrə başqaları gəlir. İnsan ömrünü bəzən elə şeylərə sərf edir ki, bir gün bunların başqasına qalacağını unudur. Ev tikir, ad-san qazanır, vəzifəyə yüksəlir, mübahisələrdə haqlı çıxmağa çalışır. Bu yolda kiminsə qəlbini qırır, kiminsə zənginə cavab vermir, doğmalarına vaxt ayırmır. Sonra anlayır ki, ən vacib şeylər nə qədər sadə imiş - yanında sevdiyin bir insanın olması, onun səsini eşitmək, əlini tutmaq, bir fincan çay içə-içə heç nədən danışmamaq.

İnsan faniliyini ağlı ilə anlayır, ruhu ilə isə əbədiyyətə can atır. Ağıl ona sonunun olduğunu deyir, insan isə növbənin nə vaxtsa ona da çatacağına inanmaq istəmir.

Başqalarının ölümünü anlayır, öz ölümünü isə daxilən qəbul edə bilmir.

İxlas surəsində Allahın "Saməd" olması - heç nəyə möhtac olmayan, hər şeyin Ona möhtac olduğu həqiqəti - insanın faniliyi qarşısında başqa məna qazanır. İnsan isə möhtacdır - nəfəsə, zamana, sevgiyə, bağışlanmağa.

Bəlkə də Nəsiminin "zənnə sığmazam" deməsi insanın öz daxilindəki sonsuzluğu duymaq cəhdidir. Bədən məhduddur, ömür ölçülüdür. Amma insan öz daxilində bu sərhədləri aşan bir məna axtarır. Bəlkə də ölüm haqqında düşünərkən ruhun əbədiyyətə can atması elə bu axtarışdan doğur.

Bulgakovun "Master və Marqarita" romanı da insanı faniliyi ilə üz-üzə qoyur. İnsan təkcə ölümlü deyil, ölümünün nə vaxt gələcəyini də bilmir. Ədəbiyyatda oxuduğun bu həqiqət həyatın özündə tamam başqa cür səslənir.

Bir gün həkim qarşında dayanır və sakitcə deyir - sarkomadır.

Bir söz…

… Sanki ömrün boyu qurduğun cümlənin ortasına kimsə nöqtə qoyur. O anadək sabaha saxladığın hər şey gözünün qabağından keçir: görüşmədiyin insanlar, demədiyin sözlər, etmədiyin səfərlər, qorxudan əl uzatmadığın arzular. Bir də görürsən ki, yaşamaq üçün həmişə vaxt axtarmısan, amma vaxtın özünü yaşamamısan.

Bəs insan öləndə nə baş verir? Bədəni gedir, xatirəsi qalır? Bəlkə insan onu sevənlərin yaddaşında, toxunduğu ürəklərdə, vaxtında dediyi bir təsəllidə, kiminsə həyatını dəyişən yaxşılıqda yaşayır. Amma insan yalnız başqalarının yaddaşındanmı ibarətdir? Bəs ruhu?

İnanca görə, bədən torpağa qayıdır, ruh isə ölümlə yox olmur. Bəlkə də ölüm yoxluğa deyil, başqa bir varlığa keçiddir. Ağıl bu sirrin qarşısında dayanır, ruh isə əbədiyyətə inanmaq istəyir.

Mən öləndən sonra nə olacaq? Bəlkə də insanın bütün ömrü boyu axtardığı həqiqət bu sualın içindədir. Biz özümüzü bədənimiz, adımız, qazandıqlarımızla tanıyırıq. Halbuki bəzən bircə xoş söz illərlə yaşayır, böyük bir uğur isə bir neçə ildən sonra unudulur. Deməli, insanın həyatda qoyduğu iz həmişə onun özünün böyük hesab etdiyi şeylərdə deyil.

Elə isə nəyə heyfsilənməliyik? Yaşanmamış sevgiyə, bağışlanmamış səhvlərə, qorxudan təxirə salınmış həyata. İnsan hər şeyi edə, hər kəsi xilas edə, hər fürsəti yaxalaya bilməz. Amma bu gün yanında olanı sevə, könül ala, bir zəng edə, bir qapını döyə bilər.

Bəlkə də yaşamağın mənası elə budur - sabaha saxlamamaq. Sevdiyinə sevgini demək, incitdiyindən üzr istəmək, ehtiyacı olana əl uzatmaq. Bəzən insanın yadında qalan ən qiymətli şey bir vaxtlar yanında kimin olduğu, kimin ona ürəkdən gülümsədiyi, kimin dar günündə əlindən tutduğudur.

Bir gün hamımız gedəcəyik. Dünya yenə davam edəcək. Adımız az çəkiləcək, səsimiz unudulacaq. Bunu dəyişə bilmərik. Amma bu gün kiminsə həyatına toxunmaq, bir insanın qəlbində yaxşı bir xatirə qoymaq hələ öz əlimizdədir.

Ömrün sonu var. Bunu dəyişə bilmərik. Amma sonun gələcəyini bilə-bilə yaşamağı unutmaya bilərik.

Həyat davam edir. Hələ ki, biz də buradayıq…

Azər Rəşidoğlu

Mənbə: Qaynarinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Oktyabr 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri