DYP Sabirabadda baş verən qəza ilə bağlı məlumat yaydı FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş Dövlət Yol Polisi İdarəsi Sabirabad rayonunda baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, ötən gün saat 20:00-da Sabirabad rayonunun Əsgərbəyli kənd sakini 61 yaşlı Hacı Əbilov idarə etdiyi “QAZ 3110” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, ilkin ehtimalla yüksək sürət və diqqətsizlik səbəbindən idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə dəyib.
Məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həmkəndlisi 67 yaşlı Tofiq Ağammədov hadisə yerində həyatını itirib, Hacı Əbilov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.


