“Əgər parklanma üçün şərait yaradılmayıbsa, yerli İcra Hakimiyyəti və bələdiyyə də məsuliyyət daşıyır”
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, bu risklər İnzibati Xətalar Məcəlləsində ayrıca bir xətanın tərkibi kimi qiymətləndirilmir: “Çox yerində və praktik sualdır. Bu məsələ təkcə parklama mədəniyyəti yox, birbaşa həyat və ölüm riski ilə bağlı olan hüquqi problemdir. Çünki Bakı şəhərinin bir çox yerlərində - Yasamal və digər ərazilərdə dediyiniz mənzərə ilə tanış olmaq mümkündür.
Hüquqi baxımından nə baş verir? Piyada səkiləri, həyətlərdə keçid yolları, panduslar və fövqəladə çıxışlar ümumi istifadədə olan ərazilərdir və bu sahələrin avtomobillərlə zəbt olunması inzibati xəta sayılır. Hazırda bu hallar əsasən yol hərəkəti və dayanma-durma qaydalarının pozulması kimi tövsif olunur. Problem ondadır ki, real təhlükə dərəcəsi – məsələn, təcili tibbi yardımın və ya yanğınsöndürmə maşınının keçə bilməməsi – inzibati cəza mexanizmlərində ayrıca nəzərə alınmır. Yəni bu risklər İnzibati Xətalar Məcəlləsində ayrıca bir xətanın tərkibi kimi nəzərdə tutulmur. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir, çünki buradakı risklər təkcə yol hərəkəti pozuntusu ilə məhdudlaşmır, insan həyatını birbaşa təhlükə altına qoya bilər. Belə hallarda daha sərt sanksiyaların tətbiqi vacibdir”.
Əliməmməd Nuriyev
Hüquqşünas vurğulayıb ki, əgər parklanma pozulması real zərərə, insan itkisinə və ya xidmətin gecikməsinə səbəb olursa, hüquqi məsuliyyət avtomatik ağırlaşdırılmalıdır: “Fövqəladə hallar, təcili yardım və yanğın zamanı keçidin mümkün olmaması bir neçə subyektin məsuliyyətini doğura bilər.
Əgər avtomobil sahibi binanın giriş-çıxışını, piyada yolunu və ya fövqəladə hallarda istifadə ediləcək keçidi bağlayıbsa və bu səbəbdən təcili yardım gecikib, yanğınsöndürən texnika hadisə yerinə daxil ola bilməyibsə, həmin şəxs birbaşa inzibati məsuliyyət daşıyır.
Əgər bu gecikmənin nəticəsində ağır nəticələr, məsələn, insan ölümü, sağlamlığa ciddi zərər və ya maddi ziyan baş veribsə, bu artıq cinayət məsuliyyəti yarada bilər. Təbii ki, bunun üçün səbəb-nəticə əlaqəsi sübuta yetirilməlidir - yəni, məhz həmin avtomobilin keçidi bağlaması hadisəyə səbəb olubmu, yoxsa yox?
Digər tərəfdən, əgər həyətlərdə fövqəladə hallarda keçidlər əvvəlcədən işarələnməyibsə, hərəkətə fiziki maneələr (dirəklər, baryerlər və s.) qoyulmayıbsa, bu zaman idarəedici təşkilat məsuliyyət daşıyır. Bu, MMC-lər, Mənzil-Tikinti Kooperativləri və ya bina mülkiyyətçilərinin müştərək cəmiyyətləri ola bilər. Çünki bu qurumlar binanın təhlükəsizlik infrastrukturunu təmin etməli, keçidlərə aid xəbərdarlıq və nişanları vaxtında yerləşdirməli idilər.
Əgər bir ərazidə planlaşdırma aparılmayıbsa, parklanma üçün şərait yaradılmayıbsa və sistemli qanun pozuntularına göz yumulursa, bu artıq təkcə vətəndaşın deyil, həm də Yerli İcra Hakimiyyətinin və Bələdiyyənin məsuliyyətidir. Çünki həmin qurumlar konkret ərazi üzrə planlaşdırma aparmalı, parklanma alternativləri yaratmalı və bu sahəyə nəzarət etməlidirlər. Əks halda idarəetmə və nəzarət boşluğu yaranır. Bu, birbaşa cəza tələb etməsə də, institusional məsuliyyətdir və dövlətin vətəndaş qarşısında daşıdığı öhdəliklərdən biridir.
Belə hallarda qanunvericilik necə olmalıdır? Dörd əsas prinsip irəli sürmək olar:
1. Fövqəladə keçidlərin bağlanması ayrıca hüquqi pozuntu kimi tanınmalıdır. Sadəcə parklanma qaydasının pozulması yox, fövqəladə xidmətlər üçün təhlükə yaradan vəziyyət kimi qiymətləndirilməlidir. Belə hallarda ağırlaşdırılmış cərimə tətbiq edilməli və nəqliyyat vasitəsi dərhal evakuasiya olunmalıdır.
2. Təkrar pozuntular üçün sərtləşdirilmiş sanksiyalar tətbiq olunmalıdır. İlk pozuntuya görə cərimə və evakuasiya yetərlidirsə, təkrar hal baş verəndə daha yüksək cərimə və sürücülük hüququnun məhdudlaşdırılması tədbiri görülə bilər. Bu, profilaktik effekt yarada bilər.
3. Binalar üzrə fövqəladə keçid məsuliyyəti yaradılmalıdır. Hər çoxmənzilli binada təcili yardım və yanğın maşınlarının girişinə şərait təmin olunmalı, bu keçidin açıq saxlanılması idarəedici qurumun hüquqi öhdəliyi kimi qanunvericilikdə təsbit edilməlidir.
4. Pozuntunun nəticəsi məsuliyyəti artırmalıdır. Əgər parklanma qaydasının pozulması real zərərə, insan itkisinə və ya xidmətin gecikməsinə səbəb olursa, hüquqi məsuliyyət avtomatik ağırlaşdırılmalıdır”.
Əliməmməd Nuriyev qeyd edib ki, piyada zonası və fövqəladə keçidlər komfort sahəsi deyil, həyat xəttidir: “Hüquqi qiymətləndirmə “harada saxlamısan?” sualı ilə deyil, “kimin həyatı riskə düşdü?” sualı ilə aparılmalıdır. Əks halda hüquq yalnız cərimə kəsən mexanizmə çevriləcək, amma insanı qoruyan sistem olmayacaq”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 29 Dekabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















