Icma.az
close
up
RU
Ekoloji cani hakim kürsüsündə

Ekoloji cani hakim kürsüsündə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrəvanda BMT məclisi keçirmək ekosid törətmiş ölkənin cinayətlərinə göz yummaqdır

İqlim dəyişikliyinin davamlı xarakter alması, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası, meşələrin məhv edilməsi və biomüxtəlifliyin sürətlə itirilməsi, hazırda ayrı-ayrı dövlətlərin deyil, həm də bütün bəşəriyyətin gələcəyinə təsir göstərən qlobal problemlər kimi ciddi narahatlıq doğurur. Bu reallıq isə beynəlxalq ictimaiyyətdən ekoloji təhlükəsizliyə daha böyük məsuliyyətlə yanaşmağı, dövlətlərarası əməkdaşlığı daim diqqətdə saxlamağı tələb edir.

BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının – COP17-nin Ermənistanın paytaxtı İrəvanda keçirilməsində əsas məqsəd də məhz biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin bərpası və ətraf mühitə mənfi təsirlərin azaldılması kimi məsələlərin müzakirəsini reallaşdırmaqla ekoloji problemlərin qlobal miqyasda həll yollarını tapmaqdır. Lakin beynəlxalq tədbirlərin əhəmiyyəti təkcə gündəlikdəki məsələlərlə, qəbul edilən bəyanatlarla və səsləndirilən çağırışlarla müəyyənləşmir. Əsas meyar həmin toplantılara ev sahibliyi edən hər hansı bir dövlətin öz ərazisində, eləcə də qonşu ölkələrlə münasibətlərində ekoloji məsuliyyət prinsiplərini necə həyata keçirməsidir.

Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın ekoloji terrorla bağlı törətdiyi fəsadları COP17-nin keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaları da bu baxımdan mühüm önəm daşıyır. Müraciətlərdə Ermənistanın transsərhəd çayları çirkləndirməsi, işğal dövründə ölkəmizin ərazilərindəki təbii sərvətləri talan etməsi və beynəlxalq ekoloji öhdəliklərə laqeyd münasibət göstərməsi xüsusi diqqət çəkir.

Həmin müraciətlərin mahiyyəti ondan ibarətdir ki, biomüxtəlifliyin qorunması məsələsi siyasi maraqlardan, coğrafi sərhədlərdən və ikili standartlardan kənarda dayanmalıdır. Əgər beynəlxalq ictimaiyyət təbiətin mühafizəsini, həqiqətən, ümumi məqsəd hesab edirsə, ekoloji problemlərə münasibətdə də vahid meyarlar tətbiq olunmalı, heç bir dövlət öz ərazisində törətdiyi ekoloji fəsadlara görə məsuliyyətdən kənarda qalmamalıdır.

Siyasi riyakarlıq zirvəsi

Bioloji müxtəlifliyin qorunması beynəlxalq ekoloji gündəliyin mühüm istiqamətlərindən biridir. Bu, təkcə bitki və heyvan növlərinin zənginliyi demək deyil. Eyni zamanda, torpağın münbitliyinin, su ehtiyatlarının keyfiyyətinin, ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının davamlılığının və insanların sağlam həyat şəraitinin təməlini təşkil edir.

Təbii ekosistemlərin pozulması isə bir sahə ilə məhdudlaşmır. Məsələn, çayların ağır metallarla çirklənməsi, ilk növbədə, su canlılarının həyatına təsir göstərsə də, bunun acı nəticələri daha geniş ərazilərdə özünü büruzə verir. Çirklənmiş suvarma suları torpağın keyfiyyətini pisləşdirir, kənd təsərrüfatı məhsullarında zərərli maddələrin toplanması riskini artırır və insanların sağlamlığı üçün təhlükələr yaradır.

Eyni zamanda, çay ekosistemlərinin sıradan çıxması balıq ehtiyatlarını azaldır, sahilyanı bitki örtüyünün zəifləməsinə və bütövlükdə təbii tarazlığın pozulmasına gətirib çıxarır. Deməli, biomüxtəlifliyin qorunması haqqında danışarkən, ilk növbədə, mədən sənayesinin fəaliyyəti, istehsalat tullantılarının idarə olunması, çayların mühafizəsi və torpaqların bərpası kimi məsələlərə də ciddi diqqət yetirilməlidir.

COP17 kimi beynəlxalq platformalar məhz bu problemlərin müzakirəsi, dövlətlərin üzərinə düşən öhdəliklərin bir daha xatırladılması və birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bununla belə, beynəlxalq konfransların uğuru yalnız iştirakçıların sayına, təşkilati səviyyəyə və qəbul edilən sənədlərə görə ölçülmür. Bu məsələdə əsas nəticə təbii sərvətlərin qorunması istiqamətində hansı real dəyişikliklərin əldə olunması ilə müəyyənləşir.

Bu baxımdan Ermənistanın ekoloji siyasəti ilə bağlı qaldırılan sualların müzakirədən kənarda qalması təəccüb doğurur. Çünki ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq təkcə ümumi prinsiplərin təkrarlanması ilə məhdudlaşmır, həm də konkret problemlərin müəyyənləşdirilməsini və onların həlli üçün mexanizmlərin yaradılması zəruriliyini diqqətə çatdırır.

Azərbaycan qeyri-hökumət təşkilatlarının çağırışlarının əsas məğzi də məhz budur: COP17-də biomüxtəlifliyin qorunması ilə bağlı ümumi müddəalarla kifayətlənilməməli, Ermənistan ərazisindəki mədən layihələrinin və sənaye müəssisələrinin regional ekoloji təhlükəsizliyə təsiri də müzakirəyə çıxarılmalıdır.

Sənaye tullantıları ölkəsi

Azərbaycanın su ehtiyatlarının qorunması milli ekoloji siyasətin mühüm istiqamətlərindən biridir. Ölkənin coğrafi mövqeyi, su ehtiyatlarının əhəmiyyətli hissəsinin transsərhəd çaylardan formalaşması və iqlim dəyişmələrinin yaratdığı əlavə təzyiqlər su təhlükəsizliyini strateji məsələyə çevirir. Bu şəraitdə Ermənistan ərazisində formalaşan və Azərbaycana daxil olan çayların vəziyyəti xüsusi əhəmiyyət daşıyır. Kür və Araz çayları, eləcə də onların hövzələrinə daxil olan transsərhəd su axınları əhalinin su təminatı, kənd təsərrüfatı, ekosistemlərin fəaliyyəti və iqtisadi inkişaf üçün mühüm ehtiyatlardır.

Ermənistanın dağ-mədən sənayesinin tullantıları bu sistemə əlavə risklər yaradır. Tullantı sularının lazımi səviyyədə təmizlənməməsi, mədən süxurlarının açıq sahələrdə saxlanılması və istehsalat qalıqlarının idarə olunmasında nəzərə çarpan ciddi nöqsanlar nəticəsində çirkləndirici maddələr yağış və səth axınları vasitəsilə çaylara axıdılır. Belə təhlükəli halların qarşısının alınması üçün sənaye müəssisələrində müasir təmizləyici qurğuların quraşdırılması, tullantı anbarlarının təhlükəsizliyinin təmin edilməsi və istehsalat proseslərinə ekoloji nəzarətin gücləndirilməsi zəruridir.

Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərində ekoloji təhlükəsizlik baxımından ən çox narahatlıq doğuran məsələlərdən biri Oxçuçayın çirklənməsidir. Bu çayın vəziyyəti dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan ekoloji risklərin transsərhəd xarakterini aydın şəkildə göstərir.

Oxçuçay Ermənistan ərazisindən keçərək Azərbaycanın su sisteminə daxil olur və Araz çayının hövzəsi ilə əlaqələnir. Bu xüsusiyyət çayın yuxarı axınında baş verən ekoloji dəyişikliklərin aşağı axında yerləşən ərazilərə də təsir göstərməsi ehtimalını artırır. Başqa sözlə, çayın bir hissəsində yaranan çirklənmə problemi yalnız həmin əraziyə aid məsələ deyil, bütövlükdə, hövzənin ekoloji təhlükəsizliyi ilə bağlıdır.

Ekoloji monitorinqlərlə bağlı təqdim edilən məlumatlarda Oxçuçayın Ermənistan ərazisindəki dağ-mədən sənayesi müəssisələrinin fəaliyyəti nəticəsində çirkləndiyi bildirilir. Bu baxımdan Zəngəzur mis-molibden kombinatının və Qapan mədən sənayesi müəssisələrinin fəaliyyəti ilə bağlı narahatlıqlar da vaxtaşırı gündəmə gətirilir.

Ekoloq Sabir Hüseynovun sözlərinə görə, Ermənistan ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tam əleyhinə çıxış edir. Bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ-mədən sənaye müəssisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan və 1991-ci ildə qəbul olunan Espoo Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavodların tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır.

Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Oxçuçayın vəziyyətinə dair narahatlıqların əsaslı şəkildə araşdırılması üçün 3 istiqamətdə fəaliyyət daim diqqət mərkəzində saxlanılır. Belə ki, çayın müxtəlif nöqtələrindən müntəzəm nümunələr götürülür, çirkləndirici maddələrin mənbələri müəyyənləşdirilir və nəticələr müstəqil laboratoriyalar tərəfindən yoxlanılır.

Burada mühüm məsələ yalnız çayın rənginin dəyişməsi və ya ayrı-ayrı nümunələrdə çirklənmənin aşkarlanması ilə məhdudlaşmır. Eyni zamanda, ekoloji təhlükənin miqyası suyun kimyəvi tərkibi, ağır metalların konsentrasiyası, çöküntülərin vəziyyəti, canlı orqanizmlərin göstəriciləri və çirklənmənin zaman üzrə dinamikası əsasında müəyyənləşdirilir. Təbii ki, Oxçuçay nümunəsində transsərhəd su ehtiyatlarının qorunması məsələsi də önə çəkilir, Ermənistanın fəaliyyəti qonşu Azərbaycanın ekoloji təhlükəsizliyinə necə təsir göstərdiyi aydın olur.

“Zəhərli layihələr”ə son verilmir

Ermənistanın dağ-mədən sənayesində müəssisələrin yüksək zəhərli kimyəvi tullantıları, demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına, flora, fauna ehtiyatlarına mənfi təsir göstərir. Zərərli tullantı sularının Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün istifadə edilən təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına vurulan zərər də insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır. Bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnir.

Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində “yaşıl” sənayenin inkişafı üzrə qrantlar alır. Lakin görünən odur ki, Ermənistan aldığı maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlər üçün istifadə edir.

Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazilərində, məsələn, Arazdəyəndə metallurgiya və ağır sənaye fəaliyyəti ilə bağlı layihələri ciddi narahatlıq doğurur. Ağır sənaye müəssisələrinin ətraf mühitə təsiri bu ərazilərdə istifadə edilən texnologiyalardan, xammalın növündən, emissiyaların təmizlənməsi sistemlərindən və tullantıların idarə olunması üsullarından asılıdır.

Bu bölgədə metallurgiya istehsalı düzgün texnoloji və ekoloji nəzarət olmadan atmosfer havasını çirkləndirir, təhlükəli sənaye tullantılarının yaranması və su ehtiyatlarına mənfi təsir göstərir. Müəssisələrin sərhədə yaxın yerləşməsi isə mümkün təsirlərin Azərbaycan ərazisinə keçməsi ehtimalını getdikcə artırır.

Burada söhbət sənaye müəssisələrinin yerləşdirilməsindən daha çox onların fəaliyyətinin beynəlxalq ekoloji standartlara uyğunlaşdırılmasından gedir. Əlbəttə, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik bir-birini tamamlamalıdır. Müasir sənaye siyasəti də iqtisadi səmərəliliyi, texnoloji yenilənməni və təbiətin mühafizəsini eyni çərçivədə birləşdirməyi tələb edir. Buna baxmayaraq, Ermənistan sərhədyanı ərazilərdə planlaşdırdığı layihələrin ətraf mühitə təsirini qiymətləndirmir, emissiyaların hesablanması, tullantı sularının idarə olunması və fövqəladə hallar zamanı risklərin azaldılması layihələri şəffaf şəkildə açıqlanmır.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri