Icma.az
close
up
RU
Ekspert: Azərbaycan Şərqlə Qərbin rəqəmsal ekosistemləri arasında körpü yaradır MÜSAHİBƏ

Ekspert: Azərbaycan Şərqlə Qərbin rəqəmsal ekosistemləri arasında körpü yaradır MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Sürətli rəqəmsallaşma dövründə ölkələr iqtisadiyyatın texnoloji transformasiyası, məlumatların idarə olunması, cəmiyyətin gələcəyə hazırlanması ilə bağlı yeni çağırışlar və imkanlarla üzləşirlər. Unikal coğrafi mövqeyə, sabit siyasi və iqtisadi mühitə, həmçinin rəqəmsallıq baxımdan savadlı gənc auditoriyaya malik olan Azərbaycan artıq rəqəmsal transformasiya yolunda əhəmiyyətli addımlar atmaqdadır.

AZƏRTAC “Yeni nəsil iqtisadiyyatı” üzrə qlobal strateq, “Our Moment” (2025) kitabının müəllifi, hökumətlərə, təşkilatlara məlumatları, süni intellekti və innovasiyaları gələcəyin əmək, təhsil və cəmiyyət modellərinə çevirməyə kömək edən Maykl Klarkla müsahibəni təqdim edir.

– Sizin fəaliyyətiniz ənənəvi iqtisadiyyatı “yeni nəsil iqtisadiyyatı” adlandırılan modelə çevirməyə yönəlib. Bu modelin hansı əsas prinsiplərini Azərbaycan kimi keçid iqtisadiyyatına malik ölkələr üçün xüsusilə aktual hesab edirsiniz?

– Gələcəyin iqtisadiyyatı, yeni nəsil iqtisadiyyat sadəcə rəqəmsal yenilənmə deyil, ölkələrin dəyər yaratma tərzinin dərin transformasiyasıdır. Əgər ənənəvi iqtisadiyyatda uğur istehsal həcmi və səmərəliliklə ölçülürdüsə, yeni iqtisadiyyatda tərəqqi dövlətlərin məlumatları, intellekti, insan potensialını innovasiyaları təşviq edən və uzunmüddətli rifahı təmin edən məhsuldar aktivlərə çevirmək bacarığı ilə müəyyən ediləcək. Azərbaycan bu istiqamətdə artıq mühüm addımlar atıb. Ölkə rəqəmsal inkişaf, süni intellekt və innovasiyalar üzrə milli strategiyaları işə salıb, təhlükəsiz infrastruktur yaradılmasına sərmayə qoyur, startaplar və rəqəmsal istedadlardan ibarət böyüyən ekosistem formalaşdırır. Bu səylər daha əlaqəli və müasir iqtisadiyyatın bünövrəsini qoyub. Bu uğuru inkişaf etdirmək üçün bir sıra prinsiplərə əsaslanmaq vacibdir ki, onlar transformasiyanı möhkəmləndirib sürətləndirə bilər. Əvvəlcə qəbul etmək lazımdır ki, məlumatlar həm istifadəsi, həm də onlardan çıxarılan biliklər baxımından ölçülə bilən dəyərə malik iqtisadi aktivə çevrilir. Məlumatlar artıq dövlətin və vətəndaşların uğuru üçün əsas resursa çevrilir. Bundan az əhəmiyyətli olmayan məsələ isə insan potensialını iqtisadi inkişafın əsas məqsədi kimi dəyərləndirməkdir. Təhsil sistemi bütün yaş qruplarına süni intellekt və gələcək texnologiyalarla səmərəli qarşılıqlı fəaliyyət imkanı verən bacarıqları formalaşdırmalıdır. Bu da əmək anlayışının özünün yenidən qiymətləndirilməsinə gətirib çıxarır. Diqqət titullardan və vəzifələrdən insanın real bacarığına və ümumi işə töhfəsinə yönəlir. Yeni iqtisadiyyat həmçinin rəqəmsal, fiziki və institusional səviyyələri birləşdirən intellektual infrastrukturun yaradılmasını tələb edir. Belə infrastruktur məlumatların təhlükəsiz axınını, real vaxt rejimində qərar qəbuletməni təmin edir və innovasiyaları təşviq edir. Əhəmiyyətli istiqamətlərdən biri də kollektiv intellektin inkişafıdır – yəni insanların, süni intellektin əməkdaşlığı nəticəsində yeni həllərin və bütöv sahələrin yaradılması.

Bundan əlavə, ekosistemin gücü də mühüm amildir. Yəni dövlətin, biznesin, elmin və vətəndaşların birgə əməkdaşlıq qabiliyyəti innovasiyalar və hamı üçün dayanıqlı imkanlar yaradan mühit formalaşdırır. Nəhayət, yeni iqtisadiyyatın təməlini texnoloji tərəqqi, sosial inkişaf, ekoloji rifah arasında tarazlıq yaradan dayanıqlı və adaptiv artım təşkil etməlidir. Bu prinsiplər ümumi mənzərənin yalnız bir hissəsidir. Yeni iqtisadiyyat çoxsaylı qarşılıqlı, əlaqəli səviyyə və istiqamətləri özündə birləşdirir. Əsas odur ki, Azərbaycanın artıq bu transformasiyanın liderinə çevrilməsi üçün bütün zəruri şərtləri mövcuddur – gənc və iddialı əhali, inkişaf edən rəqəmsal mədəniyyət və öz iqtisadi gələcəyini sıfırdan dizayn etmək imkanı.

– Siz “məlumatlar aktiv kimi” (data as an asset) ideyasını fəal şəkildə təbliğ edirsiniz. Bu, praktikada hökumətlər və şirkətlər üçün nə deməkdir? Azərbaycan kimi ölkələr məlumatları iqtisadi resurs kimi sistemli idarə etmək üçün hansı addımları atmalıdırlar?

– Məsələnin mahiyyətinə keçməzdən əvvəl, “məlumatlar aktiv kimi” dedikdə nəyi nəzərdə tutduğumu dəqiqləşdirmək vacibdir. Burada söhbət yalnız onların pul dəyərindən getmir; bu, ilk növbədə, məlumatların bu gün texnologiyanın, o cümlədən süni intellektin özündən daha dəyərli olduğunun tanınmasıdır. Məhz məlumatlar texnologiyaya mənanı, intellekti və məqsədi bəxş edir. Məlumatlar bir ölkənin rifahı üçün enerji və ya infrastruktur qədər vacib hala gəlir; onlar ümumi resursu, bilik mənbəyini və xalqın, mədəniyyətin əksini təşkil edir. Məlumatlara aktiv kimi yanaşmaq dövlətin nə dərəcədə səmərəli, məsuliyyətli və şəffaf şəkildə məlumat toplayıb, qoruyub, dəyər yaratmaq üçün istifadə etdiyindən irəli gələn tərəqqini anlamaq deməkdir. Hökumətlər üçün bu proses məlumatların inkişafına şərait yaradan və onları real iqtisadi aktiv kimi tanıyan normativ-hüquqi bazanın formalaşdırılmasından başlayır. Bu, standartların müəyyən edilməsini, vətəndaşların və biznesin hüquqlarının qorunmasını, həmçinin məlumat dövriyyəsində şəffaflıq və təhlükəsizliyin təmin olunmasını əhatə edir. Belə hüquqi baza yaradıldıqdan sonra məlumatları ölçmək, dəyərləndirmək və onları iqtisadi artımın real hərəkətverici qüvvəsinə çevirmək mümkün olur. Azərbaycan üçün bu, məlumatları rəqəmsal transformasiyanın mərkəzi elementi etmək, milli suverenliyi gücləndirmək və məlumatlara etimada əsaslanan yeni dəyər formaları – daha ağıllı dövlət xidmətləri və yeni sənaye sahələri yaratmaq imkanı deməkdir. Bu prosesin məqsədi sadəcə mənfəət əldə etmək deyil, milli məlumatlar ətrafında etimad, hesabatlılıq və innovasiya mühiti formalaşdırmaqdır ki, nəticədə bu məlumatlar insanlara, biznesə, texnologiyalara, o cümlədən süni intellektə və bütövlükdə iqtisadiyyata fayda gətirsin.

– Gənc və rəqəmsal baxımdan savadlı işçi qüvvəsinə malik Azərbaycan kimi ölkələr dayanıqlı iqtisadiyyatlar və yeni əmək bazarları yaratmaq üçün rəqəmsal transformasiyadan necə faydalana bilərlər?

– Dayanıqlı iqtisadiyyatlar yalnız texnologiyalar üzərində deyil, hər şeydən əvvəl insanların üzərində qurulur, yəni onların öyrənmək, uyğunlaşmaq və daim inkişaf etmək qabiliyyətinə əsaslanır. Azərbaycanın gənc nəsli artıq rəqəmsal düşüncə tərzinə malikdir. Növbəti addım təhsili mədəniyyətin ayrılmaz hissəsinə çevirməkdir ki, inkişaf məktəbin və ya universitetin bitməsi ilə məhdudlaşmasın. Yeni nəsil iqtisadiyyatda dayanıqlıq uyğunlaşmaq bacarığından asılı olacaq. Bu isə həm təhsil sistemində, həm də əmək bazarında fasiləsiz öyrənmə, yaradıcılıq və məlumatlarla düzgün işləmək kimi bacarıqların inteqrasiyasını tələb edir. Daha əvvəl qeyd etdiyim kimi, diqqəti vəzifələrdən və titullardan bacarıqlara - tənqidi düşüncə, ixtiraçılıq, yaradıcılıq və komanda işi qabiliyyətlərinə, süni intellekti isə rəqib deyil, dəstəkçi kimi istifadə etməyə yönəltmək vacibdir. Lakin dayanıqlıq təkcə bacarıqlardan deyil, həm də əlaqələrdən asılıdır. Gənclərə özünü reallaşdırmaq, ideyaları bölüşmək və müxtəlif sektorlar – startaplar, universitetlər, dövlət qurumları və sənaye arasında əməkdaşlıq üçün şərait yaradan ekosistemlər lazımdır. İnnovasiyalar kollektiv şəkildə yarananda bu, təkcə iş yerləri yaratmaqla məhdudlaşmır, eyni zamanda yeni ideyalar, dəyər təklifləri və bütöv bazarlar formalaşır. Əgər gənclər süni intellektlə effektiv qarşılıqlı fəaliyyət göstərməyi öyrənsələr, lazımi bacarıqlara sahib olsalar və ideyaların real addımlara çevrildiyi bir ekosistemdə fəaliyyət göstərsələr, bu gün təsəvvür belə edə bilmədiyimiz sahələr yarada bilərlər. Öyrənmə, əməkdaşlıq və çeviklik mədəniyyəti dayanıqlığın ən etibarlı təminatıdır və Azərbaycan gəncləri artıq bu rola hazırdırlar.

– Davamlılıq və rəqəmsal innovasiyalar arasındakı sinerjini necə görürsünüz? Dövlət, özəl sektor və cəmiyyət arasında hansı qarşılıqlı fəaliyyət modelləri daha effektivdir və bunlar Azərbaycanda tətbiq oluna bilərmi?

– Həqiqi dayanıqlıq və innovasiyalar yalnız bütün tərəflər prosesə cəlb olunduqda yanaşı irəliləyir. Ən səmərəli model dövlət və biznes arasında tərəfdaşlıqlardır (Public–Private Partnerships). Burada hökumət və şirkətlər innovasiya dövrünün lap əvvəlindən birgə fəaliyyət göstərirlər. Bu yanaşma inkişafı ləngitmir, əksinə, onu daha təhlükəsiz, ağıllı və uzunmüddətli edir. Bütün tərəflər iştirak etdikdə “məsuliyyətli innovasiya” formalaşır, yəni texnologiyaları inkişaf etdirən, eyni zamanda insanları, məlumatları və planetimizi qoruyan həllər ortaya çıxır. Burada məqsəd maneələr yaratmaq deyil, aydın və şəffaf “oyun qaydaları” müəyyənləşdirməkdir. Artımı sürətləndirmək və ekosistemi gücləndirmək üçün bir neçə yanaşmaya diqqət yetirmək lazımdır. Birincisi, bu, dövlət və biznesin nəticəyönümlü tərəfdaşlıq missiyalarıdır; dövlət, məsələn, şəhərlərdə enerji itkilərini 20 faiz azaltmaq kimi ölçülə bilən hədəflər müəyyənləşdirir və özəl şirkətləri, startapları rəqəmsal həllər təklif etməyə çağırır. İkincisi, “tənzimləyici qum qutuları” və “canlı laboratoriyalar” modeli; fintex, elektrotexnika və aqrotexnika kimi sahələrdə qərarların asanlaşdırılmış qaydalarla sınaqdan keçirildiyi təhlükəsiz mühitlər yaradılır və uğurlu pilot layihələr qısa zamanda geniş tətbiq olunur. Nəhayət, məlumat mübadiləsi; məlumatlara aktiv kimi yanaşdıqda etibarlı məlumat mübadiləsi üçün şərait yaranır, bu da şirkətlərin əməkdaşlıq etməsinə, innovasiyalar tətbiq etməsinə və ümumi ekosistem daxilində yayılanmasına imkan verir.

Unutmaq olmaz ki, məlumatlar ESG (Environmental, Social, and Governance) (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərində də əsas rol oynayır. Məlumatın həqiqi dəyərini anlayaraq lazımsız məlumatların saxlanması və emalından yayınmaqla həm xərcləri, həm də enerji sərfiyyatını azaltmaq mümkündür. Azərbaycanın bu tərəfdaşlıq modelini qəbul etməsi artımı sürətləndirə və rəqəmsal tərəqqinin ekoloji və sosial məqsədləri zəiflətmədən, əksinə onları möhkəmləndirərək inkişaf etməsini təmin edə bilər. Məhz bu cür innovasiyalar nəticəsində məlumatlar, insanlar və texnologiyalar bir-biri ilə ahəngdar şəkildə inkişaf edən dayanıqlı ekosistem yaradır.

– Müasir dünyada məlumatların idarə olunması rəqəmsal suverenlik və təhlükəsizlik məsələləri ilə sıx bağlıdır. Azərbaycan kimi ölkələr üçün iqtisadiyyatın rəqəmsallaşdırılması prosesində hansı risk və imkanları görürsünüz?

– Rəqəmsal suverenlik təcrid olunmaq demək deyil, etimad və inam deməkdir. Bu, dövlətin vətəndaşlarının məlumatlarını qorumaqla yanaşı, qlobal rəqəmsal iqtisadiyyatın fəal iştirakçısı olmaq bacarığını ifadə edir. Əsas risk parçalanmadadır. Sistemlər, standartlar və idarəetmə modelləri uzlaşmadıqda, məlumatlar dəyərini itirir və innovasiyalar yavaşlayır. İmkan isə - daha əvvəl qeyd etdiyim kimi məlumatların rolunu artırmaqda, etibarlı məlumat mübadiləsi mexanizmləri və beynəlxalq əməkdaşlıq qurmaq üçün texnologiyalar və tənzimləmələrdən düzgün istifadə etməkdədir. Bu zaman həm milli qanunlara riayət olunmalı, həm də qlobal iqtisadiyyatda fəal iştirak davam etdirilməlidir. Düzgün çərçivələr mövcud olduqda rəqəmsal suverenlik üstünlüyə çevrilir, etimadın, investisiyaların və innovasiyaların təməli olur. Azərbaycan bu sahədə liderlik etmək, təhlükəsiz məlumatların regional mərkəzinə çevrilmək və Şərqlə Qərbin rəqəmsal ekosistemləri arasında körpü rolunu oynamaq üçün əlverişli mövqedədir.

– Siz təhsilin “yeni nəsil iqtisadiyyat” kontekstində yenidən düşünülməsindən danışırsınız. Azərbaycan gənclərini rəqəmsal gələcəyə hazırlamaq üçün hansı bacarıqları və təhsil yanaşmalarını inkişaf etdirməlidir?

– Süni intellekt təkcə sənayeləri deyil, təhsil sistemimizin zəif tərəflərini də üzə çıxardı. Onilliklər boyu təhsil yaddaş və standartlaşdırma üzərində qurulub. Lakin süni intellekt artıq cavabları bilir və bizə onunla işləməyi bacaran, onun edə bilmədiklərini həyata keçirən insanlar lazımdır. Köhnə tədris modellərini yeni texnologiyalara uyğunlaşdırmağa çalışmaq əvəzinə, bu, təhsili elə yenidən dizayn etmək üçün bir fürsətdir ki, insanlar öz potensiallarını tam şəkildə reallaşdıra bilsinlər. Həmçinin bu, gənclərin süni intellektlə qarşılıqlı fəaliyyətə başlamazdan əvvəl sahib olmalı olduqları bacarıq və qabiliyyətlərə diqqət yetirmək deməkdir. Belə bir baza süni intellekti tərəfdaş kimi ən səmərəli şəkildə istifadə etməyə, eyni zamanda ona meydan oxumağa və gələcəkdə istənilən texnologiyaya uyğunlaşmağa imkan verir. Əgər uşaqların təhsil yolu başlanğıcdan düzgün qurularsa, onlar üçün iş yerlərinin itirilməsi qorxusu yaranmaz, bu, onların inkişaf və özünüreallaşdırma imkanlarına çevrilər. Mən artıq bir sıra ölkələrlə yeni təhsil modelinin tətbiqi üzərində işləyirəm, çünki inanıram ki, belə model gələcəkdə texnologiyalarla necə işləyəcəyimizi və birlikdə necə yaşayacağımızı müəyyən edəcək. Təhsil yalnız məktəb və ya universitet illəri ilə məhdudlaşmamalıdır. O bütün yaş qruplarını əhatə etməlidir. Texnologiyalar hər bir insan üçün fərdi təhsil imkanları yaradaraq bacarıqları və özünəinamı inkişaf etdirməyə, dəyişən dünyaya uyğunlaşmağa kömək edəcək. Lakin texnologiyalara ədalətli çıxış və məlumat yaratmaq, onlardan istifadə imkanı təmin edilməzsə, bir çox insanlar bu sistemin kənarında qala bilər və nəticədə hamı itirər. Azərbaycan üçün bu, insanları yalnız rəqəmsal gələcəyə hazırlayan deyil, həm də onların həmin gələcəyin formalaşmasında iştirakına imkan verən bir təhsil sistemi qurmaq imkanıdır.

– Rəqəmsal diplomatiya və beynəlxalq tərəfdaşlıqlar rəqəmsal islahatların inkişafında hansı rolu oynayır? Azərbaycan Şərq və Qərb arasında texnoloji və ya logistika körpüsü kimi nə təklif edə bilər?

– Rəqəmsal diplomatiya yeni bir “yumşaq güc” forması, ölkələrin etimad qurduğu, bilik mübadiləsi apardığı və texnologiyaların gələcəyini birgə formalaşdırdığı bir vasitədir. Azərbaycan artıq rəqəmsal islahatların həyata keçirilməsində mühüm uğurlar əldə edib. Ölkə öz unikal coğrafi mövqeyi, mədəniyyəti və sabitliyi sayəsində regionda innovasiyalar mərkəzinə çevrilmək üçün əlverişli vəziyyətdədir. Bir çox inkişaf etməkdə olan bazarlar göstərib ki, ölkəni innovasiyalar və rəqəmsal baxış mərkəzinə çevirmək milli artımı sürətləndirə, istedadları cəlb edə və qlobal standartların formalaşmasına töhfə verə bilər. Azərbaycan da təkcə texnologiyaları deyil, həm də “yeni nəsil iqtisadiyyatı” müəyyən edən idarəetmə modellərini və çərçivə yanaşmalarını ixrac etməklə eyni yolu seçə bilər. Müasir dünyada təhlükəsiz və etibarlı məlumat mübadiləsi hər bir tərəfdaşlığın əsasıdır. Məlumatların ölkələr arasında təhlükəsiz, etik və səmərəli şəkildə ötürülməsi üçün beynəlxalq əməkdaşlıq həlledici olacaq. Azərbaycan idarəetmə, təhsil və süni intellekt etikası sahəsində yüksək standartlar müəyyən etməklə lider rolunu oynaya və bu müzakirələri beynəlxalq səviyyədə inkişaf etdirə bilər. Nəticə etibarilə, söhbət təkcə rəqəmsal transformasiyadan deyil, insan potensialının üzə çıxarılmasından gedir. Etimad, inklüzivlik və birgə innovasiyalar əsasında qurulan tərəfdaşlıqlar vasitəsilə Azərbaycan texnologiyaların insanlara xidmət etdiyi, insanların isə daha əlaqəli və intellektual bir dünya yaratdığı bir gələcəyin formalaşmasında mühüm rol oynaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see304

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see186

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see138

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see136

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see121

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see121

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri