Icma.az
close
up
RU
Əli bəy Hüseynzadənin Parisdə yaşayan oğlu Türkiyə vətəndaşlığından niyə çıxarılmışdı?

Əli bəy Hüseynzadənin Parisdə yaşayan oğlu Türkiyə vətəndaşlığından niyə çıxarılmışdı?

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Həm sağ, həm də sol əllə çəkə bilən Səlim Turan ənənəvi sənəti müasir incəsənətin mücərrəd cizgiləri ilə uzlaşdırmağa hələ çox gənc yaşlarından başlayan rəssam idi. Parisdəki emalatxanasında vəfat edən rəssam qeyri-adi əsərləri ilə təzadlarla dolu həyatını taclandıran sənətkardı. İstanbulda başlayan həyatı Azərbaycan, Rusiya, Türkiyə və Fransa mədəniyyətlərinin kəsişməsi ilə zənginləşmişdi.

Səlim Turan 1915-ci il mayın 27-də İstanbul şəhərində anadan olub. Atası Azəbaycanın görkəmli ictimai-siyasi xadimi Əli bəy Hüseynzadə, anası Osmanlı ordusunun zabiti Şəmsəddin bəyin qızı Ədhiyyə xanım idi. Atasının millətçi ideyaları, şərq və qərb düşüncələri ilə sintez edilmiş fikirləri onun sənətlə bağlı təfəkkürünə və dünyagörüşünə böyük təsir göstərmişdi.

Səlim Turanın uşaqlığı və gəncliyinin ilk illəri Üsküdar Paşakapısında keçib, ibtidai məktəbi İstanbulda Əli Avni Çələbi və Məlik Akselin şagirdi olaraq bitirib. Onun boya-başa çatdığı Paşakapısı məhəlləsində İsmayıl Haqqı Altunbəzər, Xəttat Kamil Əfəndi, Nəcməddin Okyay kimi ənənəvi sənətlərlə maraqlanan ustadlar da yaşayıb. Uşaqlıq illərində bu məhəllədən aldığı təsirlər onun sənət dünyasına istiqamət verən başlanğıc nöqtələri olub. Buna görə də rəssamlığa gənc yaşlarından maraq göstərib.

Malik Akseldən aldığı rəsm dərsləri rəssamlığa həvəsinin daha da artmasında müstəsna rol oynayıb. Atası Əli bəyin də rəssamlığa olan böyük marağı onun üçün əsas təkan nöqtələrindən biri olub. Üstəgəl, Qalatasaray Liseyində Cihad Burak və Avni Ərbaşla tanışlıq, ölkəni və mədəniyyəti modernləşdirmək ideyalarına valeh olması rəssam olmaq qərarını qətiləşdirib.

Beləliklə, İstanbul İncəsənət Akademiyasının Rəssamlıq fakültəsinə daxil olur. Bu illərdə bu fakültəyə Leopold Levi rəhbərlik edirdi və bu müəllimin yetişdirdiyi “Çallı nəsli” rəssamları bu təhsil müəssisəsində dərs deyirdilər. “Çallı nəsli”nin (türk impressionistləri) Nazmi Ziya Güran, Fəyhaman Duran, Zəki Kocaməmi, İsmayıl Haqqı Altunbəzər, Nəcməddin Okyay və Kamil Akdik kimi tanınmış rəssamlarından dərs alıb. Bundan başqa, İbrahim Çallının özündən və Əli Sami Boyar, Hikmət Onat, Əli Camal, Namiq İsmayıl və Hüseyn Avni Lifij kimi rəssamların əsərlərindən önəmli fikirləri mənimsəyib.

1938-ci ildə akademiyanı bitirdikdən sonra - 1939-cu ildə Üsküdardakı orta məktəb və Qızlar İncəsənət Məktəbində rəsm müəllimi işləyib. Digər tərəfdən akademiyanın emalatxanasında və Topkapı Sarayında miniatür üzərində çalışıb.

1941-cı ildə sənət adamlarının qurduğu “Yenilər” qrupunun yaradıcılarından biri olub. Həmin il dövlət səviyyəsində təşkil edilən ölkə turnələrində iştirak edərək, bu səfərlərin “10-cu ildönümü” sərgisində birinci yer mükafatını alıb. Müasir Türkiyə rəssamlığında yeni realizm axtarışlarını müdafiə edən qrup 1947-1951-ci illərdə çox sayda sərgi keçirib. Amma qrupdan ayrılan Səlim Turanın yolu Parisdən keçəcəkdi. Bura qədər “Yenilər” qrupunun qurucu üzvü kimi Türkiyə incəsənətinin ən dinamik dövrünün canlı şahidlərindən biri olmuşdu.

1947-ci ildə Fransa hökumətinin təqaüdü ilə Parisə gedib. Xanımı Şahika Turanla Parisdə məskunlaşan Səlim Turan 1956-cı ilə qədər onunla birlikdə dövrün türk diasporunun toplaşdığı məkan olan Sxola Kantorumun yataqxanasında emalatxana kimi də istifadə etdikləri çardaqda yaşayıb. Bura köçdükdən bir il sonra - 1948-ci ildə Kamil Brayen və Jorj Mate tərəfindən açılan sərgiyə dəvət olunanda ulduzu bu sənət beşiyində parıldamağa başladı. Dırnaqları ilə qazaraq Fransanın paytaxtında özünə yer edə bildi. Bu illərdə yaratdığı inanılmaz dərəcədə gözəl qara və boz abstraktları Səlim Turanın şah əsərləri arasında yer aldı.

1952-ci ildən Parisdə özəl incəsənət məktəblərində təlimatçı kimi çalışan Səlim Mişel Seuforun yazdığı “Abstrakt rəsm lüğəti”ndə (“Dictionnaire de la Peinture Abstrait”) mücərrəd sənətin qabaqcıllarından biri kimi adını yazdırdı. Dövrün məşhur tənqidçisi Klod Rivyer onu “Səlim ilk baxışdan bizi valeh edir” kimi təsvir edib.

Parisdə daha çox mücərrəd sənət üzərində dayanıb. 1950-ci illərdə Parisin ən nüfuzlu qalereyalarında (Galerie Breteau, Galerie Crevan, Galerie Lucien Durand) şəxsi sərgilərini keçirib. Bu işlərindən sonra “Salon des Réalites-Nouvelles”, “Salon Comparison”a dəvət edilib və burada Hans Hartunqun köməkçisi olub. Eyni zamanda, özəl emalatxanalarda rəssamlıq yaradıcılığını davam etdirib. 1953-1983-cü illərdə Ranson və Qetz akademiyalarında dərs deyən rəssam mərmər heykəllər yaradıb. İlk hərəkətli heykəllərini 1976-cı ildə ərsəyə gətirib.

Parisdə YUNESKO-nun muzeylərində təşkil olunan sərgilərdə iştirak edən Səlim Turan 1953-55-ci illərdə Ranson Akademiyasında miniatür və illüminasiya dərsləri deyib. Miniatür və illüminasiyaya marağı ona Parisdə yeni iş sahəsi yaratmışdı. Dərin bilgisi qədər sakit təbiəti və kübarlığı da Parisdə - sənət dünyasının beşiyində ona rəğbəti artırmışdı.

1960-cı illərdən sonra Fransada böyük meydanlar üçün irihəcmli heykəllər yaratmağa başlayıb.

1963-cü ildə Fontenblo Rəssamlıq Məktəbi və 1976-cı ildə Qetz Akademiyasında mühazirələr oxuyub. Parisdə olarkən əsərlərini satıb əldə etdiyi pulları spirtli içkiyə xərcləyərək, sənətdən uzaqlaşmış Fikrət Muallanın yaşadığı evi axtarıb tapmış, bundan çox duyğulanmışdı. Bu səbəbdən Fikrət Muallanın illər əvvəl yaşadığı bu binanın birinci mərtəbəsini alıb, vəfat edənədək bu çıxılmaz dalanda yaşayıb. Fikrət Mualla Haqqı Anlı, Abidin Dino, Rəmzi Raşa, Avni Ərbaş, Nejat Devrim, Mübin Orxon və Albert Bitranla birlikdə Paris Türk Məktəbinin tanınmış rəssamlarından biri idi.

Fransanın paytaxtında dönəmin məşhur rəssamları Kamil Brayen, Jorj Mate, Hans Hartunqla işləmək fürsəti tapıb, Pablo Pikasso ilə tanış olub.

Parisdə yaşayıb yaradarkən Türkiyə vətəndaşlığından çıxarılmışdı. Səlim Turan illərdir konsulluğa getmədiyi və hərbi xidmət keçmədiyi üçün bəzi dostları ilə birlikdə Türkiyə vətəndaşlığından məhrum edilmişdi. O, bu qərarın ləğvi üçün illər boyu mübarizə aparmışdı. Yalnız 1979-cu ildə Türkiyə vətəndaşlığını bərpa etmək uğrunda apardığı mübarizədə qalib gələ bilir. Vətəndaşlığını bərpa etdikdən sonra - 1979-cu ildə o vaxtkı prezident Fahri Korutürkün xüsusi dəvəti ilə Türkiyəyə qayıdır.

Parisə getməzdən əvvəl impressionist və kubist mənzərələr və sosial mövzularla işləyən Səlim Turan daha sonra abstrakt əsərlərə üz tutub. Onun qarışıq texnika ilə yaratdığı mobil heykəllərindən biri böyüdülərək 1993-cü ildə Ankaradakı “Qurtuluş” parkına qoyulub. Fransanın bir çox şəhərində freska, keramika, mozaika və heykəlləri olan sənətkar Edremitin Türkmən Taxtaquşlar kəndində özəl Etnoqrafiya qalereyasının qurulmasında da əməyi olub. O, həmçinin 1991-ci ildə Sorbonna Universitetində professor kimi münsiflər heyətində yer alıb.

1994-cü il oktyabrın 12-də Parisdə yaşayan rəssam və arxeoloq Ruhiyyə Dinç və həkim İşıq Ülkərlə görüşdükdən altı saat sonra Səlim Turan gözlərini əbədiyyətə qədər yumur. Onun cənazəsi Türkiyə Mədəniyyət Nazirliyinin qərarı ilə ölkəyə gətirilir və dövlət mərasimi ilə son səfərə yola salınır.

Türkiyədə ilk fərdi sərgisini yalnız 1969-cu ildə aça bilən rəssam 1980-ci illəri İstanbulda obrazlı əsərlər işləməklə keçirib. Bu illərdə “Sarı qız” əfsanəsi üzərində bir çox məşhur tabloya imza atıb. Bu əsərlərini “Ruhumun əksi” adlandırmışdı. Bir il sonra onun ikinci fərdi sərgisi İstanbulda açılıb.

Ömrünün sonrakı dövrünü Paris və İstanbul arasında keçirib. Qaz dağlarına səyahəti zamanı öyrəndiyi “Taxtaquşlar” və “Sarı qız” əfsanələrindən təsirləndikdən sonra yaradıcılığında yeni dövrün başlanğıcını qoyub. “Sarı qız” mövzulu obrazlı əsərlərini də bu dövrdə yaradıb. Ölümündən əvvəl ən son yaratdığı heykəl “Sarı qız”dır.

Hərəkətli heykəl 1993-cü ildə Ankaranın “Qurtuluş” parkında ucaldılıb. Səlim Turan bu tip əsərlər yaratmağa Kolumbdan əvvəlki Peruda hazırlanmış və 1975-ci ildə muzeydə nümayiş etdirilmiş, toxunduqda hərəkət etməyə başlayan “Cadugər və mələk” heykəlindən təsirlənərək başlamışdı.

Səlim Turan incəsənətin illüstrasiya və miniatür sahələrində də uğurlu işlər görüb. Əsasən miniatür, Şərq incəsənəti, xəttatlıq və Anadolu folkloruna əsaslanan orijinal abstrakt əsərləri ilə tanınıb. Obrazlı ənənənin, Anadolu mənzərələri və gündəlik həyat səhnələrini əks etdirən rəssamın günümüzə qədər gəlib çatmayan “Tütünçülər” əsəri 1942-ci il sərgisinin diqqətçəkən rəsmlərindən biri olub. Rəssamın müxtəlif illərdə Paris, London, Brüssel, Nyu-York, Ankara, İstanbul, İzmir və digər şəhərlərdə şəxsi sərgiləri keçirilib.

2003-cü ildə Türkiyənin önəmli keramika sənətkarlarından olan həyat yoldaşı Fatma Şahika Turan rəssamın əsərlərini İstanbul Universitetinə hədiyyə edib. Şahika Turan onun əsərlərini Parisdəki studiyasından toplayıb İstanbula gətirmişdi. Bu xüsusi kolleksiya 233 rəsm və 19 heykəldən ibarət idi.

Şahika Turan keramika və xəttatlıq ustalarından olub. Səlim Turan onunla 1944-cü ildə ailə həyatı qurub. Şahika Turan 2017-ci il iyulun 4-də 100 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see125

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see125

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see124

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see121

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see118

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see117

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see116

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see115

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see115

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see113

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see111

Avropa və Konfrans liqalarında nəticələr necə olub?

11 Aprel 2025 09:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri