Elmi jurnallarla bağlı dələduzluq Agentlikdən RƏSMİ REAKSİYA
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi şəxslər tərəfindən “WhatsApp” qrupları yaradılaraq, universitet müəllimlərinə “Scopus” və “WoS” jurnallarında hazır məqalələrə müəlliflik təklif edilib.
Belə ki, müəllimlər müəyyən pul qarşılığında başqalarının məqalələrinin həmmüəllifi kimi bu jurnallarda adının getməsi üçün bir sıra şəxslərə pul verməkdə ittiham olunur.
Müəllifi olmadığı məqaləni beynəlxalq elmi jurnallarda çap etdirmək istəyən müəllimlər və onlara "kömək" etmək istəyənlər etik normaları pozaraq dələduzluğa əl atdığı iddia edilir.
Modern.az məsələ ilə əlaqəda Elm və Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclasının gündəliyinə “elmi etikanın qorunması” mövzusunu daxil edəcək, bu sahə üzrə zəruri addımların atılması üçün qərar qəbul edəcək:
"ETN Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bildirir ki elmi işçilərin əsas vəzifələri arasında elmi etikaya riayət edilməsi, yəni elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının qorunması yer alır. Bu prinsiplərin pozulması ölkədə elmin inkişafı üçün görülən sistematik işlərin nəticələrinə, həmçinin ölkənin beynəlxalq elmi nüfuzuna zərər verir. Şura öz Əsasnaməsinə uyğun olaraq, elmi problemləri araşdırır, onların müzakirəsi istiqamətində iclaslar, sessiyalar keçirir. Şura öz vəzifələrinə uyğun olaraq, əlavə edir ki, şuranın növbəti iclasının gündəliyinə “elmi etikanın qorunması” mövzusunu daxil edəcək, bu sahə üzrə zəruri addımların atılması üçün qərar qəbul edəcəkdir".




