Icma.az
close
up
RU
Əmək haqqı, pensiya, müavinət artımı kimlərə şamil olunacaq DETALLAR

Əmək haqqı, pensiya, müavinət artımı kimlərə şamil olunacaq DETALLAR

"Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə növbəti sosial paketinin icrasına start verilib  və bu sərəncama əsasən  növbəti sosial paketi 3 milyon insanı əhatə edəcək. Sözügedən sərəncama əsasən 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 400 manata çatdırılacaq.
Bununla yanaşı, sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki,əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflər hazırlasın və bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncamda digər sosial ödənişlərin artırılması məsələləsi də yer alıb. Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Sərəncamın bu hissəsi 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək".
Ölkə.Az xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.
Deputat onu da əlavə edib ki, bahalaşmanın əhalinin xeyli hissısinin gəlirlərinə adekvat olmayan dərəcədə sürətləndiyi hazırkı zamanda əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılması çox vacib məsələdir: "Amma bu sahədə müsbət dinamikanın olması məsələnin bir tərəfidir. Sərəncanmın 2.4 maddəsində Nazirlər Kabinetinə tapşılıb ki, bu Sərəncamdan irəli gələn digər məsələləri də həll etsin. Adətən burada texniki, təşkilatı, uyğunlaşma və sair bu kimi məsələlər nəzərdə tutulur. Amma sərəncamın adı,mahiyyəti və hədəfi baxımından həlli vacib olan digər məsələlər arasında ən vacibi infilyasiya amili ilə bağlı, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinin çox hissəsini sərf etdiyi əsas tələbat mal və məhsullarının sürətlə bahalaşması, bu sahədə qiymət artımının tempi və səviyyəsi ilə bağlı məsələlərdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53867,7 milyon manatlıq, o cümlədən 29534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Əhalinin aztıminatlı təbəqəsinin gəlirlərinin ərzaq mallarının alınmasına sərf etdiyi hissəsi 50,6 faizlik orta statistik göstəricidən xeyli yüksəkdir. Sözügedən dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları almışdır. Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-noyabr ayları 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən inflyasiya 2 faiz, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən isə 4,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6 faiz təşkil etmişdir. Artıq qeyd etdiyimiz kimi bu ilin on ayında orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Rəsmi rəqəmlərdən çıxış etdikdə, inflyasiyanın cəmi 2 faiz olması şəraitində nominal əmək haqqının artımının 7,8 faiz təşkil etməsi, bu iki göstəricinin fərqindən əmələ gələn real əmək haqqının 5,8 faiz artdığını göstərir. Rəsmi proqnozlara görə, gələn il 4,6 faiz inflyasiya proqnozlaşdırılıb. Bu halda da gələn il də minimum əmək haqqının nomimalda 16 faiz artmaqla inflasiyadan sürətlə artımı şəraitində minimum əmək haqqına münasibətdə real əmək haqqının 10 faizdən çox artacağı anlamına gəlinir. Amma məsələ burasındadır ki, sözügedən inflyasiya göstıricisi 528 mal, məhsul və xidmər üzrə hesablanır və bu halda onun 400 manat minimum əmək haqqı alan vətəndaşa birbaşa götürdükdə, elə bir aidiyyatı olmur. Aztəminatlı təbəqənin gəlirlərinin çox hissəsi əsas tələbat mal və məhsullarına sərf olunur. Ona görə də onların durumuna həmin qəbildən olan məhsulların qiymət artımı daha güclü təsir göstərir. Digər tərəfdən əmək haqqı, pensiya, müavinətlərin artırılması xəbəri çıxan kimi qiymət artımı sürətlənir. Müstəqil araşdırmalar göstərir ki, bu il bir sıra ərzaq məhsullarının və əsas tələbat mallarının qiymətləri 10-27 fazi arasında, kərə yağının qiymıti isə 2 dəfədən çox artıb. Ət, yağ və bu kimi məhsulların qiymət artımının gələn il də davam ediləcəyi gözləniləndir. Qiymət artımının hər faizinə görə əhali ildə 590 milyon manat, o cümlədən ərzaq malları üzrə isə 300 milyon manata yaxın əlavə xərcə düşür.
Əgər nəzərə alsaq ki, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm sosial-iqtisadi göstəricilərdən biridir, onda təsirli antiinflyasiya tədbirləri görülməsə, əmək haqqı, pensiya, müavinətlərin nə qədər artırılması elə bir əhəmiyyət kəsb eləmir. Ona görə də Azərbaycan Prezidentinin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncam ilə start verilən yeni sosial paketin öz təyinatına görə dolğun şəkildə reallaşdırılmasından ötrü digər məlum tədbirlərlə yanaşı, həm də inflyasiyaya qarşı təsirli tədbirlər də görülməlidir ki, əmək haqqı, pensiya, müavinətlərin artan məbləği inflyasiyanın ”yeminə” çevrilmsin, əhalinin aztəminatlı təbəqəsinin real əmək haqqının artmsını və bu əsasda əlavə mal və məhsul ala bilməsini təmin edə bilsin".
Mürtəza
Ölkə.Az

seeBaxış sayı:41
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri