Ermənistan hara, “bioloji müxtəliflik” hara?
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın 20 faiz ərazisində canlı həyatı məhv edən ölkə dünyaya təbiət dərsi keçir
Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərində onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyət nəticəsində ölkəmizin təbii sərvətlərinə, meşə fonduna, su ehtiyatlarına, torpaq örtüyünə və biomüxtəlifliyinə ciddi ziyan vurulub. İşğal təkcə yaşayış məntəqələrinin dağıdılması, infrastrukturun sıradan çıxarılması və iqtisadi potensialın məhv edilməsi ilə məhdudlaşmayıb. Bu dövrdə təbiətə qarşı törədilən dağıdıcı əməllər bütöv bir regionun ekoloji tarazlığını pozub, ətraf mühitin uzunmüddətli deqradasiyası üçün zəmin yaradıb.
Belə bir mənfi fəaliyyətin daşıyıcısı olan Ermənistanda indi BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası – COP17 keçirilir. Belə bir mötəbər iclasa ev sahibliyi edən dövlətin öz ərazisində, eləcə də qonşu ölkələrlə münasibətlərində ekoloji məsuliyyət prinsiplərinə uzun illər əməl etməməsi təəccüblə qarşılanır.
Bəli, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələri qarət edilərək dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri sıradan çıxarılıb, respublika əhəmiyyətli dəmir yolları sökülərək yararsız hala salınıb. Bununla yanaşı, meşələr qırılıb, münbit torpaqlar zədələnib, çaylar və digər su mənbələri çirkləndirilib, qiymətli mineral ehtiyatlar qeyri-qanuni istismar olunub. Bir sözlə, Azərbaycanın işğal altında saxlanılmış ərazilərində təbiətə vurulan zərər iqtisadi itkilərdən daha geniş məna daşıyaraq ekoloji təhlükəsizlik məsələsinə çevrilib.
Ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq konvensiyaların və digər hüquqi sənədlərin mövcudluğuna baxmayaraq, işğal illərində bu ərazilərdə təbii sərvətlərin qorunması üçün zəruri tədbirlər görülməyib. Əksinə, təbii ehtiyatlardan nəzarətsiz istifadə, meşələrin məhv edilməsi, su mənbələrinin çirkləndirilməsi və mədənlərin ekoloji normaların pozulması ilə istismarı regionun təbii sistemlərinə ağır zərbə vurub.
Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ekoloji vəziyyətin araşdırılması, dəymiş ziyanın qiymətləndirilməsi və təbiətin bərpası yalnız milli əhəmiyyətli məsələ deyil. Bu proses, eyni zamanda, Cənubi Qafqazın ekoloji təhlükəsizliyi, transsərhəd təbii ehtiyatların qorunması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qarabağda biomüxtəliflik məhv edilib
İşğal dövründə Azərbaycanın meşə sərvətləri sistemli şəkildə talan edilən təbii ehtiyatlar sırasında olub. Qazax rayonu və Ağdərə istiqamətlərində, Murovdağ silsiləsi boyunca, eləcə də Talış, Gülüstan və Baranbart meşə massivlərində yüzlərlə hektar ərazidə fıstıq, palıd, şam, saqqız, göyüş və digər çoxillik ağaclar kəsilərək daşınıb.
Meşələrin qırılması təkcə oduncaq ehtiyatlarının azalması ilə nəticələnməyib. Bu proses torpağın münbitliyinə, suyun təbii dövranına, iqlimin yerli xüsusiyyətlərinə və canlıların yaşayış mühitinə mənfi təsir göstərib. Ağac örtüyünün məhv edilməsi eroziya riskini artırıb, yamacların dayanıqlılığını zəiflədib, yağıntı sularının torpağa hopması və yeraltı su ehtiyatlarının formalaşması proseslərinə mənfi təsir göstərib.
Meşə örtüyünün dağıdılması xüsusilə dağlıq ərazilərdə daha ağır nəticələr doğurur. Belə ərazilərdə ağaclar torpağı eroziyadan qoruyur, su hövzələrinin təbii rejiminin saxlanmasına kömək edir və çoxsaylı bitki və heyvan növləri üçün yaşayış mühiti yaradır. Meşələrin qırılması nəticəsində həmin funksiyaların zəifləməsi isə uzunmüddətli ekoloji problemlərə gətirib çıxarır.
İşğalçı qüvvələrin hərbi mövqelər qurması, texnika və şəxsi heyətin hərəkəti üçün yollar çəkməsi, mühəndis-istehkam qurğuları inşa etməsi və torpaq qazıntıları aparması zamanı da ağac və kollar məhv edilib. Otlaq sahələrinin yandırılması, meşə massivlərinin qəsdən od vurularaq sıradan çıxarılması təbii mühitin deqradasiyasını daha da sürətləndirib.
Təqdim olunan məlumatlara əsasən, işğal dövründə 50 min hektardan çox meşə sahəsinin qanunsuz kəsilərək daşındığı bildirilir. Ağdamda 100 hektardan çox püstə meşəsinin, Laçının Kamallı kəndində isə, təxminən, 30 hektar ərazini əhatə edən, yaşı yüz ilə çatan aqromeşənin məhv edilməsi təbiətə vurulan ziyanın miqyasını göstərən nümunələrdəndir.
Bununla belə, meşələrə dəyən zərəri yalnız kəsilmiş ağacların sayı və ya itirilmiş hektarlarla ölçmək düzgün olmazdı. Meşə ekosisteminin bərpası uzun illər tələb edir. Ağac örtüyünün yenidən formalaşması mümkün olsa belə, torpaq qatının, mikroorqanizmlərin, bitki müxtəlifliyinin və heyvanların təbii yaşayış şəraitinin əvvəlki vəziyyətinə qayıtması daha mürəkkəb prosesdir.
Ərazilərdə törədilmiş yanğınlar da meşə və yaşıllıq massivlərinə ciddi ziyan vurub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, əvvəllər işğal olunmuş ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində 110 min hektardan çox ərazi yanaraq məhv olub.
Yanğınlar zamanı yalnız ağaclar və kollar deyil, torpağın münbit üst qatı, ot bitkiləri, torpaq mikroorqanizmləri və müxtəlif canlı növləri də zərər görür. Torpağın təbii strukturunun pozulması onun su saxlamaq qabiliyyətini azaldır, eroziya proseslərini sürətləndirir və ərazinin yenidən yaşıllaşdırılmasını çətinləşdirir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsindən sonra ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi missiyasının bölgəyə səfəri də bu məsələnin beynəlxalq səviyyədə araşdırıldığını göstərir. On günlük qiymətləndirmə səfərinin nəticələrində yanğınların geniş əraziləri əhatə etdiyi, insanlara, iqtisadiyyata və ətraf mühitə ciddi təsir göstərdiyi vurğulanıb.
2019-cu ildə “Azərkosmos”un peyk təsvirləri əsasında hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət: peyklərdən əldə edilən sübut” adlı hesabatda da yanğınların və meşə örtüyünün məhv edilməsinin miqyasını əks etdirən materiallar təqdim olunub. Həmin təsvirlər ətraf mühitdə baş verən dəyişikliklərin kosmik müşahidələr vasitəsilə qeydə alınmasının əhəmiyyətini nümayiş etdirir.
Su hövzələri bəşəri sərvətdir
Azərbaycanın işğal altında saxlanılmış ərazilərində ən ciddi ekoloji problemlərdən biri su ehtiyatlarının qorunması və idarə olunması ilə bağlı olub. Ölkəmizin bir sıra transsərhəd su mənbələri və suvarma infrastrukturu uzun müddət Azərbaycanın nəzarətindən kənarda qalıb. Bu vəziyyət kənd təsərrüfatına, əhalinin içməli su ilə təminatına və regionun ekoloji tarazlığına mənfi təsir göstərib.
Su ehtiyatları dövlətlərin iqtisadi inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyi, ictimai sağlamlıq və ekoloji dayanıqlılıq üçün də strateji əhəmiyyət daşıyır. Xüsusilə su ehtiyatlarının məhdud olduğu və iqlim dəyişmələri təsirlərinin gücləndiyi indiki şəraitdə transsərhəd çayların çirkləndirilməsi bir ölkənin sərhədləri daxilində qalan problem sayıla bilməz. Çirklənmə çay boyunca yayılaraq digər ərazilərdə də ekoloji və sosial-iqtisadi fəsadlar yaradır.
Azərbaycanın transsərhəd su ehtiyatlarının çirklənməsi ilə bağlı narahatlıqların əsas istiqamətlərindən biri Ermənistan ərazisindəki sənaye müəssisələrinin tullantılarıdır. Təqdim olunan məlumatlarda hər il Ermənistandan keçərək Azərbaycana daxil olan 350 milyon kubmetr suyun kimyəvi maddələrlə çirkləndiyi bildirilir. Belə göstəricilərin dəqiq miqyasını müəyyənləşdirmək üçün müntəzəm hidroloji müşahidələr, laboratoriya analizləri və müstəqil beynəlxalq ekspertiza mühüm əhəmiyyət daşıyır.
Araz çayının çirklənməsi də uzun müddətdir ki, narahatlıq doğuran məsələlərdən biridir. Çayda ağır metalların miqdarının normadan artıq olması ilə bağlı məlumatlar su ekosisteminin vəziyyətinin ciddi araşdırılmasını tələb edir. Ağır metalların suya daxil olması balıqların və digər su orqanizmlərinin yaşamasına, qida zəncirinə və nəticə etibarilə insan sağlamlığına mənfi təsir göstərir.
Çirklənmənin təsiri yalnız suyun keyfiyyətinin pisləşməsi ilə məhdudlaşmır. Su ekosistemində yaşayan mikroorqanizmlərin, bitkilərin və heyvanların tarazlığının pozulması çayın özünü təmizləmə qabiliyyətini də zəiflədir. Bu isə çirklənmənin uzun müddət davam etməsinə və problemin aradan qaldırılması üçün daha böyük resursların tələb olunmasına gətirib çıxarır.
Ermənistanın Sərsəng cinayəti
İşğal dövründə Azərbaycanın su təsərrüfatı infrastrukturuna nəzarətin itirilməsi ən aydın şəkildə Sərsəng su anbarının timsalında özünü büruzə verib. Tərtər çayı üzərində yerləşən bu su anbarı regionun suvarma sistemində mühüm yer tutur. Təqdim olunan məlumatlarda onun ümumi su tutumu 560 milyon kubmetr göstərilir. Sərsəng su anbarı işğala qədər Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının kənd təsərrüfatı sahələrinin suvarılmasında mühüm rol oynayıb.
Su anbarının uzun müddət texniki baxımdan lazımi səviyyədə idarə edilməməsi, hidrotexniki qurğuların vəziyyətilə bağlı narahatlıqlar və suyun mövsümi tənzimlənməsi məsələləri regionda ciddi risklər yaradıb. Su anbarlarının təhlükəsizliyi təkcə onların su tutumundan asılı deyil. Bəndin texniki vəziyyəti, su buraxıcı qurğuların işləkliyi, suyun səviyyəsinin idarə edilməsi, müntəzəm texniki baxışlar və fövqəladə hallara hazırlıq da həyati əhəmiyyət daşıyır.
Sərsəng su anbarının vəziyyəti ilə bağlı ciddi narahatlıqlar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyasında müzakirə olunub. Assambleyanın 26 yanvar 2016-cı il tarixli qətnaməsində Azərbaycanın sərhədyanı rayonları sakinlərinin sudan məhrum edilməsi problemi diqqətə çatdırılıb, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması tənqid edilib.
Qətnamədə Sərsəng su anbarında uzun müddət planlı texniki xidmət işlərinin aparılmamasının sərhədyanı ərazilər üçün ciddi təhlükə yaratdığı vurğulanıb. Sənəddə su anbarının yararsız vəziyyətinin böyük insan tələfatı ilə nəticələnə biləcək fəlakət və yeni humanitar böhran riski doğura biləcəyi də qeyd olunub.
Assambleya, eyni zamanda, ərazinin müstəqil mühəndislər və hidroloqlar tərəfindən araşdırılmasına, su anbarının təhlükəsiz idarə olunmasına, suvarma kanallarının vəziyyətinin qiymətləndirilməsinə və su ehtiyatlarından istifadəyə beynəlxalq nəzarətin təşkilinə çağırış edib. Bu qətnamə su ehtiyatlarının idarə olunmasının yalnız təsərrüfat məsələsi olmadığını da bir daha göstəririb. Suya çıxış imkanlarının əhalinin həyat şəraiti, ərzaq istehsalı, kənd təsərrüfatının davamlılığı və regionda sosial sabitliklə birbaşa bağlı olduğu dvurğulanıb.
İşğaldan ötən müddətdə Sərsəng su anbarının təhlükəsizliyi məsələsinə kompleks yanaşılması diqqətdə saxlanılıb. Bunun üçün bəndin və digər hidrotexniki qurğuların texniki vəziyyəti qiymətləndirilib, müasir monitorinq avadanlıqları quraşdırılıb, suyun səviyyəsi və buraxılış rejimi elmi əsaslarla müəyyənləşdirilib. Eyni zamanda, suvarma infrastrukturunun bərpası regionda kənd təsərrüfatının inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərib.
Azərbaycanın su təsərrüfatı infrastrukturu ilə bağlı ümumi məlumatlarda əvvəllər işğal altında olmuş ərazilərdə 6426 kilometr suvarma kanalı, 185 kilometr kollektor və drenaj kanalı, 1429 artezian quyusu, 539 hidrotexniki qurğu və digər su təsərrüfatı obyektlərinin yerləşdiyi göstərilir. Bu infrastrukturun uzun illər ərzində sıradan çıxması və ya lazımi səviyyədə saxlanılmaması kənd təsərrüfatının bərpası üçün əlavə investisiya və mühəndislik tədbirlərini zəruri edir.
Mineral yataqlar vəhşicəsinə talanıb
Azərbaycanın işğal altında saxlanılmış ərazilərinin təbii sərvətləri arasında mineral-xammal ehtiyatları xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzur bölgələri qızıl, mis, civə, qurğuşun, sink, kömür, üzlük daşı və digər faydalı qazıntılarla zəngindir.
Təqdim olunan məlumatlarda həmin ərazilərdə 160-dan çox mineral xammal yatağının olduğu göstərilir. Bu yataqların bir hissəsi Azərbaycanın sənaye potensialının inkişafı, yeni istehsal sahələrinin yaradılması və regionların iqtisadi dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin işğal dövründə Azərbaycanın bu ehtiyatlar üzərində nəzarət imkanlarının məhdudlaşdırılması onların qeyri-qanuni istismarı üçün şərait yaradıb. Yataqların işlənməsi zamanı ekoloji standartlara əməl edilməməsi, istehsal tullantılarının lazımi qaydada idarə olunmaması və meşə örtüyünün məhv edilməsi təbii mühitə əlavə zərər vurub.
Dağ-mədən sənayesi yüksək ekoloji risklər daşıyan fəaliyyət sahəsidir. Filizlərin çıxarılması və zənginləşdirilməsi zamanı böyük həcmdə süxur və tullantı yaranır. Bu tullantıların tərkibində ağır metallar və digər təhlükəli maddələr olduqda, onların torpağa və suya keçməsi ciddi çirklənməyə gətirib çıxarır.
Xüsusilə tullantı hovuzlarının düzgün layihələndirilməməsi və təhlükəsiz saxlanılmaması riskləri artırır. Bəndlərin zədələnməsi, sızmalar və güclü yağıntılar nəticəsində tullantıların ətraf ərazilərə yayılması çayları, torpaq sahələrini və kənd təsərrüfatı ərazilərini çirkləndirir.
İşğal dövründə Qızılbulaq, Dəmirli və digər mədən sahələrində aparılan fəaliyyətlə bağlı ekoloji narahatlıqlar mövcud olub. Təqdim olunan materiallarda Ermənistanın Heyvalı kəndi ərazisindəki dağ-mədən fəaliyyəti nəticəsində tullantı hovuzlarının formalaşdığı, meşə sahələrinin məhv edildiyi və sənaye tullantılarının toplandığı müəyyənləşdirilib.
2016-cı ilə aid məlumatlarda Qızılbulaq mədəninin və Heyvalı ərazisindəki dağ-zənginləşdirmə kombinatının fəaliyyəti nəticəsində iki tullantı hovuzunda, təxminən, 4 milyon ton tullantının toplandığı qeyd edilir. Mədənin kəşfiyyatı zamanı 20–30 hektar meşə sahəsinin məhv edildiyi də vurğulanır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















