Ermənistanda COP17, Qarabağda mina təhlükəsi
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ekosid törətmiş dövlət cinayət məsuliyyətı daşıyır
Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi hələ də davam edir. Minalar insanları öldürür, yaralayır, torpaqlardan istifadəni çətinləşdirir, kəndlərin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir. Bu təhlükə meşələrin bərpasına, biomüxtəlifliyin qorunmasına və təbii sərvətlərdən istifadəyə də mane olur.
Belə bir vaxtda İrəvanda COP17 çərçivəsində təbiətin qorunmasından, biomüxtəlifliyin zənginləşdirilməsindən və ekoloji problemlərin həllindən danışılır. Təbiəti qorumaq haqqında danışmaq asandır. Əsl məsuliyyət isə insanların həyatını təhlükədən qorumaq, torpaqları təhlükəsizləşdirmək və zərər çəkmiş ərazilərin bərpasına kömək etməkdir.
Mina təhlükəsi hələ də can alır
Bu ilin oktyabrına olan statistik məlumatlara görə, mina qurbanlarının sayı 443 nəfərə çatıb. Onlardan 73-ü həyatını itirib, 370-i yaralanıb. Həlak olanlar arasında 3 jurnalist də var. Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib: “Bu dəhşətli hadisə minaların yaratdığı ölümcül və ayrı-seçkisiz təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur. Azərbaycan mina təhlükəsinin davam etməsini qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsinə qarşı mübarizə tədbirlərinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır”.
Bu rəqəmlər mina təhlükəsinin təkcə texniki və təhlükəsizlik məsələsi olmadığını, ağır humanitar nəticələr doğurduğunu göstərir. Hər mina hadisəsi insan itkisi, ailələrin faciəsi, yaşayış məntəqələrinin bərpasının ləngiməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının çətinləşməsi deməkdir.
Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistanın ərazilərdə minaları genişmiqyaslı və məqsədyönlü şəkildə yerləşdirməsi beynəlxalq humanitar hüququn və üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır.
İşğaldan azad edilmiş ərazilərdə bu günə olan məlumata görə, 300 min 565 hektardan çox sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Görülən işlərə baxmayaraq, təhlükə tam aradan qalxmayıb. İnsanlar əkin sahələrinə gedərkən, mal-qara otararkən, yollardan istifadə edərkən və hətta yaşayış məntəqələrinin ətrafında hərəkət edərkən mina riski ilə üzləşə bilirlər.
Bu vəziyyət göstərir ki, müharibənin təhlükəli mirası hələ də insanların gündəlik həyatına təsir edir. Torpaqların təhlükəsizləşdirilməsi üçün böyük vəsait, texnika və uzunmüddətli əmək tələb olunur.
Ermənistanın mina xəritələri nə dərəcədə dəqiqdir?
Ermənistan Azərbaycana mina xəritələri təqdim etdiyini bildirir. Lakin əsas problem bu sənədlərin nə qədər dəqiq və faydalı olmasıdır. Azərbaycan tərəfi təqdim edilən xəritələrin ərazilərdəki real vəziyyəti tam əks etdirmədiyini dəfələrlə bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin 25 yanvar 2024-cü il tarixli açıqlamasına görə, Ermənistanın təqdim etdiyi xəritələrdə təxminən, 400 min mina barədə məlumat var. Azərbaycan tərəfinin qiymətləndirməsinə, əsasən, ərazilərdəki minaların sayı bir milyondan çoxdur və 1,5 milyona çata bilər. Həmin açıqlamada xəritələrin dəqiqliyinin təxminən 25 faiz olduğu da bildirilib.
Nazirliyin məlumatına görə, mina partlayışlarının 55 faizdən çoxu Ermənistanın xəritələr təqdim etdiyi ərazilərdən kənarda baş verib. Bu rəqəmlər Azərbaycan tərəfinin mövqeyini əks etdirir və təqdim olunan məlumatların yetərliliyi ilə bağlı ciddi suallar yaradır.
Məsələ təkcə xəritələrin mövcudluğunda deyil. Əsas məsələ minaların dəqiq yerini müəyyənləşdirməkdir. Xəritədə göstərilməyən mina torpağın altında qalır və insan həyatı üçün təhlükə yaratmağa davam edir.
Ermənistanın əlində əlavə xəritələr, koordinatlar və mina sahələrinin sərhədləri barədə məlumatlar varsa, onları Azərbaycana təqdim etməsi vacibdir. Mövcud xəritələrin mütəxəssislərin iştirakı ilə yoxlanılması da problemin həllinə kömək edərdi.
Ermənistanın məsuliyyəti isə yalnız xəritə təqdim etdiyini bəyan etməklə bitmir. Əsas məsələ bu məlumatların insanların həyatını qorumaq üçün nə dərəcədə yararlı olmasıdır.
Mina təhlükəsi 44 günlük müharibədən sonra da davam edib
Mina təhlükəsi 44 günlük müharibənin başa çatması ilə aradan qalxmayıb. Azərbaycan tərəfinin açıqlamalarına görə, müharibədən sonrakı dövrdə də Azərbaycan ərazilərində yeni minalar yerləşdirilib, torpaqlar partlayıcılarla çirkləndirilib. 2023-cü ilin sentyabrında baş verən hadisələr bu problemin təhlükəsizlik baxımından nə qədər ciddi olduğunu bir daha gündəmə gətirib.
Azərbaycan Müdafiə Nazirliyi 19 sentyabr 2023-cü ildə mülki şəxslərin və Daxili İşlər Nazirliyi əməkdaşlarının mina partlayışları nəticəsində həlak olmasını, eləcə də digər silahlı təxribatları həmin gün başlanan lokal antiterror tədbirlərinin səbəbləri sırasında göstərib.
Prezident İlham Əliyev 20 sentyabr 2023-cü il tarixli müraciətində Qarabağda aşkarlanmış bəzi minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyini və müharibədən sonra bölgəyə gətirildiyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin 25 yanvar 2024-cü il tarixli açıqlamasında da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və həmin ərazilərin perimetri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi bildirilib. Onların sayı, təxminən, 500 minə yaxın olub.
Azərbaycan tərəfi bu məlumatları Ermənistanın son onilliklərdə mina istehsal etmədiyi və ixrac etmədiyi barədə bəyanatlarına zidd hesab edib. Bu iddialar fonunda mina təhlükəsinin yalnız əvvəlki müharibədən qalan sursatlarla məhdudlaşmadığı və təhlükəli sahələr barədə məlumatların dəqiqləşdirilməsinin vacibliyi məsələsi ön plana çıxır.
Ermənistan bu məsələyə yalnız siyasi mübahisə kimi yanaşmamalıdır. Söhbət insanların həyatından və təhlükəsizliyindən gedir.
Təhlükəsiz ərazilər olmadan bərpa və Böyük Qayıdış mümkün deyil
Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi regionun iqtisadi inkişafını, təbiətin bərpasını və Böyük Qayıdış proqramının həyata keçirilməsini çətinləşdirir. Minalanmış ərazilərdən əkinçilik və heyvandarlıq üçün istifadə etmək, yollar çəkmək, infrastruktur qurmaq və yeni iş yerləri yaratmaq üçün əvvəlcə təhlükəsizlik təmin olunmalıdır. Bu isə əlavə vaxt və maliyyə tələb edir.
Mina təhlükəsi ətraf mühitin qorunmasına da mane olur. Təhlükəli ərazilərə çıxışın məhdudlaşması meşələrin bərpasını, biomüxtəlifliyin öyrənilməsini və ekoloji monitorinqin aparılmasını çətinləşdirir. Torpaqlar, otlaqlar və su mənbələrinə aparan yollar təhlükəsizləşdirilmədən regionun həm iqtisadi, həm də ekoloji bərpasını tam təmin etmək mümkün deyil. Minaların tərkibindəki kimyəvi maddələr isə torpaqları çirikləndirir.
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da yalnız evlərin tikilməsi ilə başa çatmır. İnsanlar təhlükəsiz yaşamalı, əkin sahələrindən istifadə etməli, mal-qara otarmalı və gündəlik həyatlarını sərbəst qurmalıdırlar. Bunun üçün yaşayış məntəqələri ilə yanaşı, ətraf ərazilər də minalardan təmizlənməlidir.
Belə bir şəraitdə Ermənistanın mina təhlükəsinin aradan qaldırılmasına kömək edə biləcək bütün məlumatları dəqiq və tam şəkildə təqdim etməsi əhəmiyyət daşıyır. Təqdim edilmiş xəritələrin təhlükəli sahələri müəyyənləşdirmək üçün yetərli olmadığı bildirilirsə, onların əlavə məlumatlarla tamamlanması və dəqiqliyinin yoxlanılması vacibdir. Ermənistanın məsuliyyəti yalnız mina xəritələri təqdim etdiyini bəyan etməklə məhdudlaşmamalı, problemin həllinə real töhfə verməlidir. Bunlar isə yoxdur.
COP17-də səslənən çağırışlar əməli addımlarla təsdiqlənməlidir
İrəvanda COP17 çərçivəsində biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və təbii sərvətlərin gələcək nəsillər üçün mühafizəsi müzakirə olunur. Bunlar mühüm məsələlərdir. Lakin ekoloji məsuliyyət yalnız beynəlxalq tədbirlərdə səsləndirilən bəyanatlarla ölçülmür. Təbiətin qorunmasından danışan dövlətlər mövcud ekoloji və humanitar problemlərin həllinə də konkret töhfə verməlidirlər.
Ermənistanın COP17-yə ev sahibliyi etməsi Qarabağdakı mina təhlükəsi ilə bağlı məsuliyyət məsələsini arxa plana keçirməməlidir. Əksinə, bu beynəlxalq platforma problemin həllinə yönələn praktiki əməkdaşlıq üçün imkan yaratmalıdır. Ümumiyyətlə, Ermənistan COP17-də müdafiə etdiyi ekoloji prinsipləri Qarabağdakı mina təhlükəsinin aradan qaldırılmasına real töhfə verməklə təsdiqləməyə hazırdırmı? Bu sualın cavabı isə hələlik mənfidir.
Beləliklə, ekoloji məsuliyyət, ilk növbədə, insan həyatına və təhlükəsizliyinə hörmətdən başlayır. Mina təhlükəsinin aradan qaldırılması həm insanların doğma yurdlarına qayıtması, həm iqtisadi fəaliyyətin bərpası, həm də təbii mühitin qorunması üçün vacibdir. COP17-də səslənən ekoloji çağırışların həqiqi dəyəri də onların real addımlarla nə dərəcədə dəstəklənməsindən asılıdır.
Sonda qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistanı 4 min azərbaycanlının taleyi və son 30 il ərzində azərbaycanlıların dəfn edildiyi kütləvi məzarlıqların yerləri barədə məlumat vermək üçün təxirəsalınmaz tədbirlər görməyə də çağırıb.
Pünhan ƏFƏNDİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















