Ermənistanda heç kəs yeni “Qırmızı ordu” gözləmir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Haypərəst” Solovyovdan Ermənistanın “Şərəf” ordeni alınacaqmı?
Avantürist fikirləri ilə məşhur olan rusiyalı “propaqandist”, teleaparıcı Vladimir Solovyov növbəti dəfə qalmaqal doğuran açıqlamalarla çıxış edib. O, internetdə yayımlanan “Solovyov Live” adlı müəllif proqramında Rusiyanın Ukraynadakı kimi Ermənistan və Mərkəzi Asiya ölkələrində də “xüsusi hərbi əməliyyat” keçirməsi təklifi ilə çıxış edib.
Solovyov deyib: “Biz hazırda təkcə Suriya və Venesuela ilə məşğul olmamalıyıq. Biz öz mövqelərimizi itirməməliyik. Ancaq bizim üçün ən mühüm olan yaxın xaricdir. Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng problemdir. Mərkəzi Asiyamızdakı (?) problem bizim üçün nəhəng problem ola bilər. Biz məqsəd və vəzifələrimizi çox aydın və dəqiq şəkildə ifadə etməliyik. İzah etməliyik: oyun bitdi. Beynəlxalq hüquq və qayda-qanunlar rədd olsun. Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başlamağımız zəruri idisə, niyə eyni səbəbdən nüfuz dairəmizin digər nöqtələrində bu əməliyyatı başlada bilmirik?”.
Onun bu fikirləri Ermənistanda kəskin etiraz doğurub. Rusiya Federasiyasınınn İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona V.Solovyovun açıqlamalarından dərin hiddət ifadə edən etiraz notası təqdim edilib. Ermənistan XİN-in sözçüsü Ani Badalyan bu barədə “Armenpress”ə verdiyi açıqlamada bildirib: “Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət mediaholdinqinə daxil olan bir kanalın efirində yayımlanan verilişdə verilən açıqlamalara görə dərin hiddəti ifadə edən etiraz notası təqdim edilib. Qeyd edilib ki, bu, Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz qəsd, düşmənçilik təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Ermənistan Milli Assambleyasının (parlament) sədr müavini Ruben Rubinyan V.Solovyovun Ermənistanın itirilməsinin Rusiyanın maraqlarına uyğun olmadığı və Moskvanın beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, həm də nüfuz dairəsindəki digər ərazilərdə xüsusi hərbi əməliyyat keçirməli olduğu barədə açıqlamasına sərt cavab verib. O, öz fikirlərini “Facebook” səhifəsində belə ifadə edib: “İt hürər, karvan keçər. Bu halda it rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmyerlisi Solovyov, karvan isə geridönməz sülh və inkişafa doğru irəliləyən sevimli ölkəmizdir”.
Ermənistan Televiziya və Radio üzrə Komissiyanın sədri Tiqran Akopyan rusiyalı təbliğatçının Ermənistan Respublikasının “Şərəf” ordenindən məhrum edilməsini təklif edib. Akopyan xatırladıb ki, V.Solovyov 2013-cü ildə “Ermənistan və Rusiya xalqları arasında dostluğun inkişafına və sülhün möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” bu ordenlə təltif olunub. Əlavə edib ki, lakin bu gün həmin şəxs Ukraynada baş verən hadisələrə bənzər şəkildə Ermənistana qarşı hərbi müdaxilə ssenarisini açıq şəkildə təklif edir. Komissiya sədrinin sözlərinə görə, Ermənistana hədə-qorxu gələn və faktiki olaraq ölkəyə qarşı müharibəyə çağırış edən bir şəxs Ermənistanın ali dövlət mükafatlarından birini daşıya bilməz. “Onun “Şərəf” ordenindən məhrum edilməsi dövlətin ləyaqətinin qorunması üçün minimal və zəruri addımdır”, – deyə T.Akopyan bildirib.
***
Solovyovun rezonans doğuran açıqlamalarına Ermənistanın digər siyasətçi və jurnalistləri də münasibət bildiriblər. Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun təsisçisi və sədri Stepan Səfəryan özünün “Facebook” səhifəsində yazıb: “Erməni xalqının keçmiş dostu”, qoyun dərisi altında gizlənən Kremlin təbliğatçısı Vladimir Solovyov ABŞ Prezidentinin Venesueladakı uğurundan ilhamlanaraq, Rusiyanın təsir zonalarında, xüsusən də Ermənistanda və Mərkəzi Asiyada xüsusi hərbi əməliyyat keçirmək kimi təhlükəli ideyanı açıq şəkildə irəli sürüb. Əlbəttə, Ermənistan siyasi cameəsi tam şəkildə bu ideyanı qınamalı və ona qarşı çıxmalıdır”.
Səfəryan xatırladıb ki, 2022-ci il oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyan Soçi Bəyannaməsini imzalayıblar: “Bu, Rusiya da daxil olmaqla, üçtərəfli öhdəlikdir”.
O əlavə edib ki, Rusiyaya BMT Nizamnaməsini və Ermənistana xarici hərbi təcavüzü deyil, müttəfiqcəsinə müdafiəni nəzərdə tutan ikitərəfli müqavilələr çərçivəsində öhdəliklərini də xatırlatmaq lazımdır. Səfəryan vurğulayıb ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib və ona qarşı hər hansı hərəkət beynəlxalq hüquqi prosesə məruz qala bilər. Ermənistan müttəfiqinə qarşı şikayət edən ilk ölkə olmaq istəməzdi: “Hesab edirəm ki, Ermənistan bu cəfəngiyyata yüksək səviyyədə cavab verməlidir. Mərkəzi Asiyanın müstəqil respublikalarının konsolidasiya olunmuş bəyanatı da eyni dərəcədə vacibdir. Ermənistanın siyasi cameəsi heç bir boşluq buraxmamalıdır. Aydın şəkildə bildirilməlidir ki, Ermənistanda heç kəs “Qırmızı ordu”nu gözləmir”.
“Respublika” partiyasının nümayəndəsi, ölkənin sabiq elm və təhsil naziri Armen Aşotyan deyib ki, Ermənistan–Rusiya münasibətlərində ciddiyyət, səmimilik və şəfqətli dialoq çatışmır. Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin bir hissəsi həddindən artıq rusofiliya, digər hissəsi isə həddindən artıq və məqsədli rusofobiya mövcuddur: “Əlbəttə, bu ifratçılıq arasında dostluq, strateji ittifaq, ortaq tarix, mədəniyyət və gələcək var. Bu iki ifrat daxilində Ermənistan–Rusiya münasibətlərinin, necə deyərlər, duzu itirilir, hər cür insanın faydalanmasına imkan verilir”. Aşotyan, həmçinin Solovyovun yanaşmasındakı incəlik çatışmazlığından çaşqınlıq duyduğunu vurğulayıb. O, eyni zamanda, məşhur “Şərq incə məsələdir” deyimini xatırladıb.
Parlamentdəki “Hayastan” fraksiyasının üzvü, daşnak İşxan Saqatelyan yumşaq açıqlaması ilə diqqəti çəkib. O, mənbəyindən asılı olmayaraq, Ermənistanın suverenliyinə qarşı yönəlmiş istənilən sözü və ya hərəkəti pislədiklərini bildirib.
***
“ArmenianReport” saytında isə Solovyovun fikirlərini kəskin tənqid edən 3 analitik məqalə əksini tapıb. “Bu, qanlı “rus dünyası”dır”, “Mənəvi eybəcərin, manyakın və Ermənistanın “böyük dostu”nun antierməni təxribatı” və “Ermənistanda müharibə carçısına yer yoxdur!” sərlövhəli məqalələrdə Rusiyanın media-siyasi elitasının Ermənistanla bağlı real niyyətlərini açıq şəkildə ortaya qoyduqları bildirilir. Qeyd edilir ki, Kremlə yaxın təbliğatçıların, xüsusilə V.Solovyovun çıxışları fonunda Ermənistan artıq müstəqil dövlət və tərəfdaş kimi deyil, “təsir zonası”nın itirilə biləcək elementi kimi təqdim olunur. Xüsusi hərbi əməliyyatın digər ölkələrə də şamil oluna biləcəyi barədə səslənən fikirlər beynəlxalq hüququn inkarı və güc siyasətinin normallaşdırılması kimi qiymətləndirilir.
Yazılarda vurğulanır ki, bu ritorika təsadüfi emosional çıxış deyil, illərdir formalaşdırılan imperial düşüncənin açıq ifadəsidir. Solovyov, Aleksandr Duqin və Dmitri Medvedyev kimi fiqurlar vasitəsilə Ermənistanın suverenliyi şərti anlayışa çevrilir, qərarvermə haqqı isə Moskvanın “təhlükəsizlik maraqları” ilə əvəzlənir. Xüsusilə diqqətə çatdırılır ki, Ermənistanın keçmiş rəhbərliyi bu media-siyasi dairələrin mahiyyətini ciddi şəkildə yanlış qiymətləndirib, nəticədə, ölkədə “rus dünyası” ideologiyasının möhkəmlənməsinə şərait yaradılıb.
Məqalələrdə İrəvanın son reaksiyaları – diplomatik etiraz, Solovyovun persona-non-grata elan edilməsi çağırışları gecikmiş, lakin zəruri addımlar kimi dəyərləndirilir. Eyni zamanda, qeyd olunur ki, Rusiyada dərinləşən iqtisadi problemlər, sanksiyalar və regional böhranlar Kreml təbliğatının daha aqressiv və təhlükəli xarakter almasına səbəb olur. Nəticə etibarilə, bu yazılar Ermənistan cəmiyyətinə illüziyalarla vidalaşmaq və təhlükəni açıq, rasional şəkildə qiymətləndirmək çağırışı kimi təqdim olunur.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















